AZ EN RU

Naxçıvanda şəhid Zaman Məmmədova ithaf olunmuş sənədli filminin təqdimatı olub - FOTOLAR

“Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində “Zamana meydan oxuyan Zaman” sənədli filminin təqdimat mərasimi keçirilib. Naxçıvan şəhərindəki Gənclik Mərkəzində reallaşan tədbirdə şəhid ailələri, qazilər, rəsmilər, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. 

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədən söz açıb, döyüşlərdə mərdliklə iştirak edən Vətən oğulların  böyük şücaət və qəhrəmanlıqlarından danışıblar. Şəhid yaxınlarına ehtiramlarını ifadə edən natiqlər qəhrəmanlarımızın həyatı və döyüş yolunun gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rola malik olduğunu, gələcək nəsillərə ali dəyərlər aşıladığını, vurğulayıblar. Çıxış edənlər şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından, igidlərimizin tərənnümü istiqamətində görülən işlərdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Bir ölər, min dirilərik" vətən uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəmanların tanıdılması layihəsi çərçivəsində DANİB tərəfindən hazırlanan 3 filmdən biri də Kəngərli rayonundan olan Vətən müharibəsi şəhidi Zaman Məmmədova ithaf olunub. Layihə çərçivəsində Bakıda və Naxçıvanda aparılan film çəkilişlərində şəhidlərimizin ailə üzvləri, döyüş yoldaşları və dostları iştirak edib.

Dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan məmnunluğunu ifadə edən qəhrəman şəhidimizin atası Habil Məmmədov filmin ərsəyə gəlməsində və təqdimatında əməyi, dəstəyi keçənlərə, o cümlədən iştirakçılara minnətdarlıq edib, bu cür filmlərin digər şəhidlərimiz haqqında çəkilməsi arzusunu diqqətə çatdırıb. 

Çıxışların ardınca tədbir iştirakçıları sözügedən filmi böyük maraq və həyəcanla izləyiblər. İzləyənlər ekran işi vasitəsilə şəhid Zaman Məmmədovun həyatı və döyüş yolu ilə bağlı xatirələri dinləyib, hərbçi kimi qazandığı uğurlar barədə məlumatlanıblar.

 Qeyd edək ki, şəhid Zaman Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Nəşr edilib : 01.12.2023 18:52