AZ EN RU

Naxçıvanda şəhid və qazi övladlarına məktəbli ləvazimatları verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, “Çinar Yayımları” nəşriyyatının dəstəyi ilə 20 noyabr-Ümumdünya Uşaq Günündə şəhid və qazi övladlarına məktəbli ləvazimatları təqdim olunub.

Bu barədə Naxçıvan MR Təhsil Nazirliyindən Naxçıvan bürosuna bildirilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrini icra edən nazir müavini Elxan Nəcəfov bildirib ki, şanlı Zəfər tariximizin yazılmasında canından keçən şəhidlərimizin və qazilərimizin övladları daim dövlətimizin diqqət mərkəzindədirlər. Bu istiqamətdə bütün təşəbbüslərimiz onların savadlı, vətənpərvər bir vətəndaş kimi böyüməsinə həsr olunub.

“Naxçıvan Qaziləri” İctimai birliyinin sədri Ceyhun Bayramov şəhid və qazi övladlarının hərtərəfli dövlət dəstəyi ilə əhatə olunduğunu qeyd edib. O, gələcəyimizin təminatı olan şagirdlərə elm yolunda uğurlar arzulayıb, tədbirin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra “Çinar Yayımları”nın baş redaktoru Əli Hənifəyev bildirib ki, şəhid və qazi övladlarının təhsilinə dəstək olmaq, onların yaxşı nəticələr əldə etməsi üçün layihələr reallaşdırmaq qürurverici hissdir. Baş redaktor gələcəkdə bu məqsədlə reallaşdırılacaq layihələrdən də danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təhsildə ən yaxşı nəticə əldə edən şagirdlər üçün tələbə təqaüdü təsis ediləcək.

Şəhid Elməddin Meydanovun övladı Yusif Meydanlı minnətdarlığını bildirib.

Sonda 20 şəhid və qazi övladına məktəbli ləvazimatları təqdim edilib.

Nəşr edilib : 20.11.2023 21:30