AZ EN RU

Naxçıvanda şəhid övladlarına bayram hədiyyələri təqdim edilib

Dekabrın 26-da Naxçıvan Dövlət Milli Dram Teatrında şəhid övladları ilə bayram görüşü keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli uşaqları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Səlahiyyətli nümayəndə şəhid övladlarına Prezident cənab İlham Əliyevin salamlarını çatdırıb, dövlət başçımızın uşaqlara sevgisindən, xüsusi qayğısından bəhs edib.

Sonra Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Xanımana Əlibəylinin əsəri əsasında səhnələşdirilmiş “Şaxta babanı tapaq” tamaşasını təqdim edib. Səlahiyyətli nümayəndə uşaqlarla birgə tamaşanı izləyib.

Tamaşanın sonunda uşaqlar səhnəyə dəvət olunub, 45 şəhid övladına Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası adından hədiyyələr verilib. Səlahiyyətli nümayəndə Fuad Nəcəfli və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlara məktəbli ləvazimatları və yeni il hədiyyələri təqdim edib, onlarla birgə xatirə fotosu çəkdiriblər.

Fuad Nəcəfli sonda teatrın kollektivi ilə görüşüb, tamaşanın təqdimatına görə təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, rejissoru və musiqi tərtibatçısı Mirqabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov olan səhnə həllində teatrın istedadlı aktyorları əməkdar artist Behruz Haxverdiyev, Anar Eyvazov, gənc aktyorlardan Səkinə Məmmədova, Şölə Alışova, Uğur Nəsirli və Mehri Nəbiyeva canlandırdıqları obrazlarla uşaqlara maraqlı və əyləncli dəqiqələr bəxş ediblər.

"Şərq qapısı"

Nəşr edilib : 26.12.2023 16:13