AZ EN RU

Naxçıvanda şəhid ehtiramla qarşılandı

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi daim yaşayacaqdır. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik nümunəsi gənc nəsil üçün nümunədir. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”. Avqustun 5-də Kəlbəcər rayonunda yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində hərbi qulluqçumuz, leytenant Babək Əliyev şəhidlik zirvəsinə yüksəlib. 

Avqustun 6-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər.

Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. 

Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildirdilər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazəsinin önündən keçildi.

Şəhidin cənazəsi doğulduğu Culfa rayonunun Ləkətağ kəndinə yola salındı.

Ali Məclisin Sədri şəhidin atası Əsgər Əliyev ilə görüşərək başsağlığı verdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 06.08.2022 18:09