AZ EN RU

Naxçıvanda Qurban Bayramı qeyd edilir

Digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Qurban bayramı qeyd edilir. Ölkənin bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da qurbanlıq heyvanların satışı üçün öncədən yerlər müəyyən olunub və satış prosesi həyata keçirilir. Bu yerlərdən biri də "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksidir.
Qurban bayramı günlərində muxtar respublika sakinləri, həmçinin buraya gələn qonaqlar "Əshabi-kəhf" ziyarətgahına gələrək niyyət etdikləri qurbanları burada kəsirlər. Eyni zamanda onlar dini-mədəni abidə kompleksini də ziyarət edirlər.
Bura gələn insanlar diri çəki ilə qoyun alır və kəsdirirlər. Dini məkana təkcə Naxçıvandan yox, ölkənin digər bölgələrindən də niyyət edib gələn insanlar var. Bəhlul Daşdəmirov da belə sakinlərdən biridir. Bakı şəhərindən niyyət edərək "Əshabi-kəhf" ziyarətgahına gələn B.Daşdəmirov həm də şəhid ailəsidir və niyyəti bura gələrək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igid oğullarımız üçün qurban kəsmək olub.
Naxçıvanda ən müqəddəs yerlərdən sayılan  "Əshabi-kəhf"ə inam olduqca güclüdür. Hər il bura on minlərlə insan ziyarətə gəlir və bura tarixilik, dini inancların zənginliyi baxımından diqqəti cəlb edir. Xüsusilə Qurban bayramı günlərində sakinlər ziyarətgaha axın edərək burada qurbanlar kəsir, dualar oxuyur və ehsan paylayırlar.
Naxçıvan şəhər sakinləri Gülşən Gülməmmədova, Pəri Yusifova və Həbib Mehdiyev deyir ki, mütəmadi olaraq buranı ziyarət edirlər. Qurban Bayramı günü isə buranı ziyarət etmək insanda mənəvi rahatlıq yaradır. Başqa bayramlarda olduğu kimi, Qurban bayramında da müsəlmanlar şadlanır və bir-birini təbrik edir, qohumlara, yaxınlara qonaq gedilir, insanlar bir-biri ilə daha çox ünsiyyət qurur, mehribanlıq edirlər. Qonaqlar bildiriblər ki, bayram günü bayram namazını burada qılıb, ölkəmiz üçün çoxlu dualar edib, şəhidlərimizin xatirəsinə dualar oxuyub, qurban kəsiblər.
Ziyarətgahda satış və kəsim məntəqəsində qurbanlıq heyvanların satışı da aparılır. Satışa, eyni zamanda kəsimə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət edir. Burada diri olan qurbanlıq qoyunların qiyməti çəkisinə görə dəyişir. Satıcı Neymət Neymətov deyir ki, çəkisindən asılı olaraq qiymətlər 160 manatdan başlayır və hər kəs bura gələrək qurbanlıq qoyunlarını alır. Kəsim isə şəriət qaydalarına uyğun şəkildə aparılır.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının builki fətvasında deyilir ki, adətən, qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən, müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq, əsasən, üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissəni fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Nəşr edilib : 16.06.2024 14:36