AZ EN RU

Naxçıvanda qida təhlükəsizliyi sahəsində maarifləndirici görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalar hansı normalara cavab verməlidir” mövzusuna həsr olunmuş növbəti maarifləndirici görüş Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov iştirakçılara xammal və yarımfabrikatlarla işləyən məktəb yeməkxanalarındakı avadanlıq və sahələr, paylayıcı məktəb bufetinin tərkibindəki sahələr, isidilmə və ventilyasiya sistemləri, su təchizatı, kanalizasiya sistemləri, qida tullantıları, qida məhsullarının saxlanması, qida obyektlərində istifadə olunan avadanlıqlara dair gigiyena tələbləri, qidanın servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair tələblər haqqında məlumat verib. Həmçinin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ hüquqi aktların tələbləri izah edib. 

Tədbirdə fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb 

Sonda müvafiq tələbləri özündə əks etdirən bildirişlər iştirakçılara təqdim edilib. 

Qeyd edək ki, indiyədək Babək, Şahbuz, Ordubad və Culfa rayonlarının təhsil şöbələri üzrə ümumilikdə 4 məktəbəqədər və 51 ümumi təhsil müəssisəsində maarifləndirici görüş keçirilib. Anoloji tədbir davam etdiriləcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 18.04.2024 18:20