AZ EN RU

Naxçıvanda Qeyri Hökumət Təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

Aprelin 29-da Naxçıvan şəhərində Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Qeyri Hökumət Təşkilatlarının “IV İnkişaf və Mübadilə Proqramı”na başlanılıb.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra proqramda iştirak edəcək heyətlə görüş təşkil olunub.

Görüşdə Prezident Administrasiyasının Qeyri Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri Hökumət Təşkilatları ilə iş sektorunun müdiri Tural Əliyev, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təmsilçisi Günay Malikqızı, Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Qeyri Hökumət Təşkilatlarının cəmiyyətdə layiqli yer tutması, onların müsbət təşəbbüslərinin dəstəklənməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən aparılan işlərin mahiyyəti, fəlsəfəsi izah olunub, iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib. Həmçinin Qeyri Hökumət Təşkilatı nümayəndələrinin bilik və bacarıqlarının önəminə toxunulub, onlara mübadilə proqramında uğurlar arzulanıb.

Sonra iştirakçılara “Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, “Layihə tərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsi və onların gözləntiləri”, “Layihənin məqsəd və vəzifələri” və digər mövzularda təlimlər keçirilib, praktiki qrup işləri təşkil olunub.

Qeyd edək ki, iki gün davam edəcək təlim proqramlarında muxtar respublikada fəaliyyət göstərən 50-yə yaxın Qeyri Hökumət Təşkilatı nümayəndəsi iştirak edir və  yekunda uğurlu nəticə göstərən iştirakçılara agentliyin sertifikatları təqdim olunacaq.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 29.04.2024 17:15