AZ EN RU

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı beynəlxalq konqres keçiriləcək

Naxçıvan şəhərində 23-24 noyabr 2023-cü il tarixlərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və hər il davam etməsi planlaşdırdırılan “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı beynəlxalq konqres keçiriləcəkdir.

Vətən müharibəsinin nəticəsində illərlə həsrətlə gözlədiyimiz böyük qayıdış tarixi hadisəsi reallığa çevrildi. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: “Tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir”.

Bu münasibətlə “Qərbi Azərbaycana qayıdış” adlı festivalın və hər il davam etməsi planlaşdırılan “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı beynəlxalq konqresin keçirilməsi, bu konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər müxtəlif sahələrinin araşdırılması, geniş auditoriyada müzakirəyə çıxarılması elm adamlarının qarşısına məqsəd kimi qoyulub.

Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə keçirilir. Festivalda bir sıra rəsmi qonaqlarla yanaşı ölkəmizin və Türkiyə Respublikasının qabaqcıl ali təhsil müəssisələrinin rektorları və tədqiqatçılarının iştirakı nəzərdə tutulur.

Naxçıvan şəhərində 23-24 noyabr 2023-cü il tarixdə keçiriləcək I Beynəlxalq festival və konqresin işinə uğurlar arzu edirik!

Nəşr edilib : 13.11.2023 12:36