AZ EN RU

Naxçıvanda “Qəhrəman qadın” adlı sərgi açılıb

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları üçün “Qəhrəman qadın” adlı sərgi-tədbir təşkil olunub.

Tədbirə ilk olaraq Vətənimizin suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək şəhid analarını təbrik edib, qəhrəman övladlarının şücaətləri üçün minnətdarlığını bildirərək, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın şəhid analarına təbrikini çatdırıb.

Qeyd olunub ki, dövlət şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Sərgi-tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatları Aidə Allahverdiyeva, Aidə Cəlilzadə, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Həbibə Allahverdiyeva, Həmzə Sadiqov çıxış ediblər. Şəhid ailələrindən Raqib Hüseynovun anası Rəna Hüseynova, Vəli Quliyevin anası Həqiqət Quliyeva çıxış edib, xoş arzularını dilə gətiriblər. Tədbirdə uşaqlar tərəfindən bədii-qiraət və musiqi nömrələri səsləndirilib.

Sonda, şəhid analarına Rəssamlar Birliyi tərəfindən xatirə üçün hazırlanmış  təşəkkürnamələr təqdim olunaraq, səgiyə baxış olub.

Qeyd edək ki, sərgidə 24 rəssamın 40 əsəri nümayiş olunub.

                                                  Aidə İBRAHİMOVA

Nəşr edilib : 08.03.2024 10:38