AZ EN RU

Naxçıvanda “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatı keçirilib

Dekabrın 23-də “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin qəhrəman şəhidi Muxtar Qasımlıya həsr olunan sənədli filmin təqdimat mərasimi keçirilib.

Əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi ziyarət olunub. Gənclik Mərkəzində davam edən tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov və Ali Məclisin deputatı Yeganə Məmmədovanın çıxışları dinlənilib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi hərb tariximizə qızıl hərflərlə yazılıb. Məhz cənab Prezidentin qətiyyəti, yüksək sərkərdəlik məharəti və qəhrəman vətən övladlarının mübarizliyi, fədakarlığı sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyulub. Qeyd olunub ki, Qarabağda tarix yazan həmin qəhrəmanlarımızdan biri də Füzuli rayonu uğrunda gedən ağır döyüş əməliyyatlarında öz şücaəti ilə fərqlənmiş şəhid Muxtar Qasımlıdır. Müharibəyə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi qatılan Muxtarın döyüş yolu düşmənin müdafiə səddinin yarıldığı Füzulidə başlayıb və rayonun Alxanlı kəndində sona çatıb. 2 oktyabr 2020-ci il tarixində Silahlı Qüvvələrimizin baş leytenantı Muxtar Qasımlı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə şəhidin atası Əli Qasımov və anası Almaz Qasımova ölümü ilə ölümsüzlük qazanan qəhrəmanımızın şərəfli ömür yolundan bəhs ediblər. Tədbirdə şəhid Şükür Hacıyevin anası Fatma xanım Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib. Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonra Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilən “Qəhrəman Muxtar Qasımlı” filmi nümayiş olunub. Sonda azyaşlılar tərəfindən şeirlər ifa olunub, qazi Əli Əlisoy tərəfindən qəhramanımıza həsr olunan şeir səsləndirilib.

Sürəyya QƏDİMƏLİYEVA

 

 

Nəşr edilib : 23.12.2023 22:32