AZ EN RU

Naxçıvanda Qafqaz bəbiri və onun yem bazasının qorunması istiqamətində aparılan tədqiqatlar davam etdirilir

    Naxçıvan Muxtar Respublikasının Türkiyə və İran İslam Respublikası ilə Araz çayı, Ermənistan Respublikası ilə Zəngəzur və Dərələyəz silsiləsi boyunca həmsərhəd olan unikal məkanda yerləşməsi ərazini əsrarəngiz təbiət laboratoriyasına çevirib. Bunun bariz ifadəsidir ki, qədim diyarımız vəhşi təbiətində olan çox sayda bitki və heyvan növlərinin və yarımnövlərinin yaranmasının təkzibedilməz mərkəzlərindən biri sayılır. Hazırda bu diyar məhv olmaq təhlükəsi ilə üzbəüz yaşayan nadir heyvan və bitki növlərinin – bəbir (Panthera pardus saxicolon), manul pişiyi (otocolobus manul), dağ keçisi (Capa aegagrus), dağ qoyunu (ovis orintalis), imperator qartalı (Aquila heliaca), radde gürzəsi (vipera raddei), qızılxallı balıq (Salma trutto marpho), Akaka soğanı (Allium.A) və digərlərinin son sığınacaqlarına çevrilib.

    Qafqaz bəbiri Qafqaz ekoregionunun mühafizə planında diqqət mərkəzində olan yarımnöv kimi tanınıb. Artan mühafizə tədbirlərinə baxmayaraq, bəbir bütün regionda yox olmaq təhlükəsindədir. 2011-ci ildən başlayaraq İDEA (Ətraf mühitin mühafizəsi naminə dialoq) və WWF-in dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi monitorinqlər aparır. Monitorinqlərin aparılması fototələlər vasitəsilə həyata keçirilir.
    2012-ci ildən muxtar respublika ərazisində aparılan monitorinqlərdə ümidverici nəticələr əldə edilib. İlk önəmli fakt dişi bəbirin fotosunun 2012-ci il sentyabr ayının 6-da Zəngəzur Milli Parkının Kilid ərazisində çəkilməsi olub. 2013-2021-ci illər ərzində isə muxtar respublika ərazisində aparılan monitorinqlər nəticəsində  fototələlər və müntəzəm çöl izləmələri vasitəsilə əsaslı dəlillər toplanıb. Fototələlər Zəngəzur Milli Parkında yuxarı və dağlıq qurşaqlarda dəniz səviyyəsindən 950-2250 metr yüksəklikdə yerləşdirilib.
    Əvvəllər bəzi mütəxəssislər elə hesab edirdilər ki, bəbirlər muxtar respublika ərazisinə qonşu ölkələrdən keçirlər. 2013-cü ildən 2021-ci ilədək aparılan monitorinqlərin nəticələri sübut etdi ki, bəbirlər nəinki muxtar respublika ərazisinə qonşu ölkələrdən gəlir, əksinə, bu ərazidə artıb çoxalan bəbirlər Qafqaz ekoregionunun digər ərazilərinə məhz Naxçıvan ərazisindən yayılır. Tədqiqatlar dövrünün yekununda bala bəbirlərin görüntülərinin Naxçıvanda Zəngəzur Milli Parkının ərazisində əldə edilməsi də bunu sübut edir.
    Uzun illərdir ki, muxtar respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və yenilərinin yaradılması, mühafizə rejiminin gücləndirilməsi, infrastrukturun  inkişafı, mütəmadi maarifləndirmə işlərinin aparılması bu uğurların alınmasında əsas rol oynayıb. Bunun nəticəsi olaraq bəbirlər yaşayan ərazilərdə narahat­edici faktorlar azalıb, onların əsas qida obyektləri olan vəhşi cütdırnaqlıların (dağ keçisi, dağ qoyunu, cüyür, çöl donuzu və sair) populyasiyaları bərpa edilib, sayları əhəmiyyətli dərəcədə artıb. Bu da bəbir kimi nəsli kəsilmək təhlükəsi olan pişikkimilərin (çöl pişiyi, manul pişiyi,vaşaq və sair) populyasiyaların artmasına səbəb olub. Xüsusi qeyd etmək lazımdır ki, 2001-ci ildən muxtar respublikada ovun qadağan olunması təkcə xüsusi mühafizə edilən təbiət ərazilərində deyil, digər ərazilərdə də heyvanat aləminin bərpasına imkan verib. Bunlar bir daha Naxçıvan Muxtar Respublikası ərazisinin unikallığını və orijinallığını göstərir. Ərazinin təbii zənginliyinin qorunmasına və artırılmasına köməklik göstərmək bu müqəddəs diyarda yaşayan indiki və gələcək nəsillərin borcudur. Çünki Naxçıvanın çox maraqlı və dəyərli olan təbiətinin qorunması təkcə Azərbaycan və Qafqaz üçün deyil, bütün dünya üçün vacibdir.

Samir QULİYEV 
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin əməkdaşı

Nəşr edilib : 15.11.2022 19:43