AZ EN RU

Naxçıvanda “POS-terminal işləmir” müəmması

Kart vasitəsilə ödəniş edərkən “Pos-terminal işləmir” yalanını tez-tez eşidirik.  Yəqin ki, çoxumuzun başına gəlib, POS-terminalların quraşdırılması məcburi olan bəzi obyektlərdə ödəniş biz alıcılardan ya nağd şəkildə, ya da kartdan-karta göndərilmə vasitəsilə tələb edilir. Səbəb isə ya “terminalları işləmir”, ya da “terminallarının batareyası bitib”. Bəs satıcıları ödənişi POS-terminalla qəbul etməmək üçün müxtəlif bəhanələr gətirməyə məcbur edən nədir? Biz alıcıların nağdsız ödəniş etmək hüququmuz olduğu halda niyə bu hüququmuzdan məhrum oluruq?

Bu suala cavab tapmamışdan əvvəl gəlin əvvəlcə satıcılarla söhbətimizi sizinlə bölüşək. Naxçıvan şəhərinin mərkəzi küçələrindən biri olan Heydər Əliyev prospektində yerləşən “Nihal” qadın geyimləri mağazasından alış-veriş edənlər üçün POS-terminal endirimli məhsullar üçün nəzərdə tutulmur. Səbəbini isə adını vermək istəməyən sahibkar belə şərh edir. Deyir ki, endirimdə olan məhsullar satıcının dili ilə desək, maya dəyərinə yəni, alış qiymətinə satıldığı üçün satıcı həmin məhsullardan qazanc götürmür. Qazanc götürmədiyinə görə də, haqlı olduğunu düşünərək həmin məhsulları POS-terminal vasitəsilə satmır. Sahibkarın sözlərinə görə qoşulan terminal üçün onlar həm banka ödəniş etməli, həm də məhsulun dəyərinə görə müəyyən miqdar vergi ödəməli olurlar. Bu da endirimdə olan məhsullar üçün, necə deyərlər, onlara xeyir etmir. Sahibkar deyir ki, alıcı əgər məhsulu endirim olmadan, etiket qiymətinə alacaqsa o zaman terminal vasitəsilə ödəniş edə bilər. Mövzu ilə bağlı bir neçə mağazaya baş çəkdik. Ərzaq mağazalarından birindən aldığımız məhsul üçün nağd ödəniş tələb olundu. Səbəb isə “Naxçıvanbank”dan alınmış POS-terminalın artıq ləğv olunduğunu, yeni terminal sifariş edildiyini və yaxın müddət də gələcəyini öyrəndik. Hər birimizin tez-tez üz tutduğumuz parfüm mağazalarının birində isə satıcı POS-terminalın batareyasının bitdiyini, amma “çek lazımdırsa verə bilərik”  dedi.

Nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı Naxçıvanda müvafiq qurumlar tərəfindən kifayət qədər tədbirlər görülsə də, biz alıcılar bu kimi hallarla yenə də qarşılaşırıq. Amma nədənsə çoxumuz satıcı nağdsız ödənişdən imtina etdikdə  ondan haqqımızı tələb etmirik. Bəlkə də çoxumuz deyəcəyik ki, hansı haqqımız? İstənilən məhsulu alarkən əgər nağdsız, yəni POS-terminal vasitəsilə ödəniş ediriksə, bu zaman bizə qəbz verilməlidir. Amma biz çox zaman qəbzi satıcıdan tələb etmirik. Qəbz verilmədiyi üçün də aldığımız məhsulu müxtəlif səbəblərə görə sonra geri qaytarmaq istədikdə, bir çox satıcı həmin məhsulu geri almır. Digər bir tərəfdən isə həm nağdsız ödənişlərə görə biz alıcılara təqdim edilən kəşbeklərdən kənarda qalırıq, həm də “ƏDV-gerial” layihəsinə uyğun olaraq nağdsız ödənişlər zamanı bizə qaytarılan 17,5 faiz məbləğindən məhrum oluruq.

Nağdsız hesablaşmalarda qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirən qurumlardan biri də vergi orqanlarıdır. Qarşılaşdığımız bu kimi halların qanuni tərəflərini Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən öyrənirik. Xidmətin əməkdaşı Qəzənfər Bayramov deyir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən əhali ilə pul hesablaşmaları nəzarət-kassa  aparatı vasitəsilə həyata keçirilməli və alıcıya POS-terminaldan çıxarış ilə yanaşı, nəzarət-kassa aparatı çeki də təqdim edilməlidir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, habelə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina olunmasına görə vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq olunur. Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Belə halları müşahidə edən alıcılar vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin saytının “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, 195-1 Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. Qeyd edilən hallar Vergi Məcəlləsinin 16-cı və 24-cü maddələri və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Buna görə də əziz alıcılar, ticarət obyektlərindən alış-veriş edərkən nağdsız ödənişlərdən yararlanmağa çalışaq. Əgər satıcılar sizə POS-terminalın işləmədiyini deyirsə, bununla bağlı müvafiq quruma müraciət edə bilərsiniz. Eyni zamanda aldığınız məhsulun nəzarət – kassa aparatının qəbzini tələb etməyi də unutmayaq. Əgər satıcı sizinlə alış-veriş prosesində bu texniki vasitələrdən istifadə etmirsə, o zaman hüquqlarınız ciddi şəkildə pozulur. Unutmayın ki, sizin istehlakçı hüquqlarınız, yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının müvafiq Qanunu ilə qorunur. Qanunlara əməl etmək isə hər kəsin borcudur! 

Gülcamal TAHİROVA

Nəşr edilib : 16.04.2024 11:13