AZ EN RU

Naxçıvanda övladlarımızı uşaq bağçalarına niyə yerləşdirə bilmirik?

Təhsil Nazirliyindən rəsmi açıqlama

Bu suala xüsusilə, 1-5 yaş aralığında övladı olan valideynlər cavab tapmaq istəyirlər. İllərdir ki, Naxçıvanda valideynlər övladlarını bağçalara yerləşdirməkdə çətinliklərlə üzləşir. Bu sırada əmək fəaliyyəti olmayan analar öndədirlər. Bu, bir reallıqdır ki, həmin valideynlərin övladlarının bağçalara qəbulu mümkünsüzdür. Məgər uşaq bağçası yalnız əmək fəaliyyəti ilə məşğul olan anaların övladları üçündür? Gəlin bu suala dünyanın qabaqcıl ölkələrində mövcud olan bağça standartları ilə təhlil edərək cavab tapaq. Araşdırmalar zamanı rast gəldiyimiz məlumatlar bunu deməyə əsas verir ki, xarici ölkələrdə bağça standartları Azərbaycandakı mövcud vəziyyətlə əslində tamamilə fərqlidir. Digər ölkələrdə bağçalar bizdə olduğu kimi, ödənişsiz deyil, övladlarını bağçaya yerləşdirmək istəyən valideynlərdən aylıq olaraq müəyyən məvacib tələb edilir. Yəni Azərbaycandan fərqli olaraq digər ölkələrdə dövlət bağçaları ödənişli əsaslarla xidmət göstərir.

Bu işin bir tərəfi. Bizi maraqlandıran əsas mövzuya toxunaq. Övladlarını uşaq bağçalarına yerləşdirmək istəyən valideynlər nə üçün qəbulla bağlı bir sıra çətinliklərlə üzləşir? Naxçıvanda ödənişsiz əsaslarla fəaliyyət göstərən, övladlarımızın gündəlik tələbatını təmənnasız ödəyən bağçalarda bu kimi problemlərin müşahidə olunmasının səbəbini Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Novruz Məmmədovdan öyrənmək istədik. Onun sözlərinə görə, Naxçıvanda bağçaların sayı qənaətbəxş deyil. Elə bu səbəbdən bağçalarda boş yerlərin olmamağı ilə bağlı valideynlərdə narazılıqlar yaranır. Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan şəhərində 12, Sədərək rayonunda 2, Şahbuz, Babək, Şərur, Culfa, Ordubad, Kəngərli rayonlarının hər birində 1 olmaqla, ümumilikdə, 20 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bu bağçalara bütün yaşlar üzrə olan 201 qrupa cəmi 3979 qəbul mümkündür. Statistik məlumatlara əsasən Naxçıvan Muxtar Respublikasında 1-5 yaşında 32 minə yaxın uşaq var. Elə bu səbəbdən bağçalardakı mövcud imkanlarla muxtar respublika üzrə 16,2 faiz şəhər və rayon mərkəzləri üzrə isə 52,2 faiz uşağı məktəbəqədər təhsil müəssisələrinə cəlb etmək mümkün olur.  

Şəffaflığın təmin olunması məqsədilə bu ilin fevral ayının 29-dan Naxçıvan Muxtar Respublikasında uşaqların bağçalara qəbulu www.bq.edu.az internet saytı vasitəsilə aparılmağa başlanılıb. Artıq valideynlər saytda elektron kabinet yaratmaqla məktəbəqədər təhsil müəssisələrinə övladlarının qəbulunu həyata keçirə bilirlər. Onların 3 məktəbəqədər təhsil müəssisəsi üzrə qeydiyyatdan keçmək imkanı var. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə, uşağın digər müəssisələrə olan növbələri silinir. Sorğu qəbul edildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən ləğv edilir və növbəli şəkildə digər uşağın qəbulu aparılır. Valideynlər qəbulla bağlı müraciətlər zamanı neqativ nüanslarla qarşılaşdıqda Naxçıvan şəhər və rayon təhsil şöbələrinə, həmçinin nazirliyin məktəbəqədər təhsil sektoruna müraciət edə bilərlər.

Novruz Məmmədov onu da diqqətimizə çatdırdı ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərində, rayon mərkəzlərində, qəsəbələrdə və əhalisi çox olan bir sıra kəndlərdə bağçaların inşası nəzərdə tutulur. Həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 dekabr 2023-cü il tarixdə Naxçıvan Biznes Mərkəzində sahibkarların iştirakı ilə ilk dəfə olaraq təşkil olunan infoturda da digər özəl təhsil müəssisələri ilə yanaşı məktəbəqədər təhsil müəssisələrinin yaradılması ilə bağlı yerli və xarici iş adamlarına təkliflər verilib, hazırda bu istiqamətdə də işlər davam etdirilir.

Ümidvarıq ki, həyata keçiriləcək tədbirlər nəticəsində uşaqların bağçalara qəbulu zamanı yaranan problemlərə tezliklə son qoyulacaq. Çünki bəzi anaların düşüncəsində olduğu kimi bağçanın mahiyyəti təkcə onları müəyyən saatlarda valideynlik məsuliyyətindən azad etmək, uşaqları yedirmək, yatırmaqdan ibarət deyil. 6 yaşa qədərki ən sürətli inkişaf dövründə övladlarımız bağçada öz yaşıdları ilə həyata birlikdə addımlayaraq dostluq anlayışını, paylaşmağı, başqalarına hörmət bəsləməyi, bir fərd olduğunun fərqinə varmağı öyrənir. Uşaq bağçasının əhəmiyyəti bu mənada, böyükdür.

          Gülcamal TAHİROVA

Nəşr edilib : 15.03.2024 10:26