AZ EN RU

Naxçıvanda olmaq insanda optimist əhval-ruhiyyə yaradır Konfrans iştirakçıları təəssüratlarını “Şərq qapısı” ilə bölüşdülər

Məlum olduğu kimi, fevralın 21-də Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasına açılan Şərq Qapısı: Naxçıvan 100” adlı konfrans keçirilib. Konfrans iştirakçıları muxtar respublika üçün əlamətdar olan bir ildə belə tədbin keçirilməsindən məmnunluqlarını dilə gətirib, təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.

Türk Ağsaqqalları Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev bildirib ki, konfransda iştirak etmək üçün artıq dünəndən Naxçıvana gəlmişik. Naxçıvanda bundan əvvəl də müxtəlif tərdbirlərdə iştirak etmişik. Ümumiyyətlə, Naxçıvanda olmaq hər zaman insanda optimist əhval-ruhiyyə yaradır. Konfrans da çox yüksək səviyyədə keçdi, həm elmi, həm tarixi baxımdan yüksək səviyyədə hazırlanmış məruzələr dinlənildi. Universitet müəllimlərinin də, digər məruzəçilərin də çıxışları alqışlarla qarşılandı. Eyni zamanda biz bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi ilə görüşdük, o bizi muxtar respublikada həyata keçirilən tədbirlər haqqında məlumatlandırdı. Və bütün bunlar bizi çox sevindirdi, ümumiyyətlə, təəssüratlarımız çox yüksək səviyyədədir.

Birliyin sədr müavini, AzTV Akademiyasının rektoru, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı isə təəssüratlarını belə bölüşdü: Mən özüm hər zaman Naxçıvanla bağlı olmuşam, mənim doğmalarım var bu məkanda. Naxçıvan insanları çox cəfakeş, zəhmətkeş, torpağını, millətini sevən insanlardır. Çünki biz buranın yetişdirdiyi insanların, ilk növbədə isə təbii ki, Ulu Öndər Heydər Əliyev kimi kimi dâhinin Azərbaycan xalqı üçün nə qədər böyük işlər gördüyünün şahidi olmuşuq. Heydər Əliyevi yetişdirən bir torpaqda bu gün belə bir əhəmiyyətli tədbirin keçirilməsi çox əhəmiyyətlidir. Naxçıvan üçün arzularımız çoxdur və inanırıq ki, vaxt gələcək Naxçıvana təkcə təyyarə ilə yox, quru yolla da gələcəyik. O ki qaldı bu günkü konfransa, bu tədbir ilk olaraq Bakı ilə Naxçıvan arasında bir təmasdır və çox böyük əhəmiyyət daşıyır. Konfransda Naxçıvan haqqında deyilən yüksək fikirlər də burada iştirak edən qonaqları bu qədim diyara bir daha bağlayır.

Türk Ağsaqqalları Birliyinin qadınlar şurasının sədri, Dünya Türkologiya Mərkəzinin sədri Güllü Yoloğlu keçirilən tədbirin əhəmiyyətini belə vurğuladı: Mənim konfransda çıxışım 3 oktyabr 2009-cu ildə Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısı ilə bağlı idi. Bildiyiniz kimi, həmin tarixdə Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilmişdir. Həmin görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalanmışdır. Bu tarixi bir hadisə, eyni zamanda türk dövlətlərinin təşkilatlanması yolunda atılmış ən böyük addım idi. Hər zaman da bunu arzulamışam ki, biz 3 oktyabr tarixini Naxçıvanda qeyd etməliyik. Ölkə başçısı cənab İlham Əliyevin də qeyd etdiyi ki, türk dünyası bizim ailəmizdir. Bu nöqteyi-nəzərdən bu gün Naxçıvanda keçirilən “Türk dünyasına açılan Şərq Qapısı: Naxçıvan 100” adlı konfrans çox böyük əhəmiyyət daşıyır. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılara bir daha təşəkkür edirəm.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 21.02.2024 17:46