AZ EN RU

Naxçıvanda muzey əməkdaşları üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir

Mayın 12-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində olan muzey əməkdaşlarının iştirakı ilə keçirilən növbəti seminar-treninq Xatirə Muzeyində təşkil olunub. “Muzeylərdə topoqrafik siyahıların tərtib edilməsi qaydaları”mövzusunda gerçəkləşən seminarda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin  müdiri  Gülbuta Babayeva muzey və muzeytipli müəssisələrdə uçot və mühafizə işinin önəmli halqalarından birinin  topoqrafik siyahıların hazırlanması olduğunu bildirib, muzeylərdə uçot-mühafizə işinin təşkilinin “Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühаfizəsinə dаir Təlimаt”a uyğun olaraq aparıldığını diqqətə çatdırıb.

Sonra Cəlil Məmmədquluzadənin Ev Muzeyinin baş fond mühafizi-elmi işçisi Kəmalə Allahverdiyeva muzeylərdə topoqrafik siyahıların tərtib edilməsi qaydaları barədə ətraflı danışıb, hər bir muzeyin fond və ekspozisiyasının quruluşuna və   saxlanc yerlərinə uyğun olaraq topoqrafik siyahıların tərtib olunduğunu bildirib, muzey fondlarının dövlət uçotu barədə məlumat verib. Qeyd olunub ki, topoqrafik siyahı hər hansı bir muzey əşyasının tez və asanlıqla tapılması üçün, fond və ekspozisiya üzrə tərtib olunur. Siyahı ekskursiyanın keçirilmə istiqamətində cədvəl üzrə aparılır. Əgər ekspozisiyadakı hər hansı bir saxlanc yerindəki əşyalar digərləri ilə əvəz olunarsa, o halda əşyaların maddi-məsul mühafizəyə qəbuletmə və təhvilvermə aktları tərtib edilir və bu haqda topoqrafik siyahıda öz əksini tapmış olur.

Muzeylər müntəzəm surətdə muzey kolleksiyalarının təkrar uçotunu aparmalı, yəni əşyaların varlığını və mühafizə vəziyyətini yoxlamalı, onları daxilolma və elmi inventar kitabları, aktlar və digər uçot sənədləri ilə tutuşdurmalıdır.

Seminar-treninqin sonunda iştirakçıların sualları cavablandırılıb.

Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.05.2023 15:31