AZ EN RU

Naxçıvanda “Muxtariyyətin uşaqları – 100” bayram tədbirlərinə start verilib

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi çərçivəsində “1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar  “Muxtariyyətin uşaqları – 100” mövzusunda bayram tədbirlərinin keçirilməsinə başlanılıb. İlk tədbir Ordubad rayonunda keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritetlərindən danışıb, bu itiqamətdə Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib. Fərqanə Hüseynli Ordubad rayonunda yetkinlik yaşına çatmayan şəxslərlə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini, eyni zamanda uşaq hüquqlarının qorunması işində aid qurumlarla birlikdə müvafiq işlərin görüldüyünü deyib. Bildirilib ki, rayon məktəbliləri əlamətdar günlərlə bağlı keçirilən, eləcə də ölkə və beynəlxalq səviyyəli müsabiqələrdə uğur qazanıblar. Bayramlar münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və dərslərində müvəffəqiyyətlər arzulayıb. 
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na uyğun olaraq muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində tədbirlər həyata keçirilir. Muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, şəhid övladları, ümumiyyətlə bütün kateqoriyadan olan uşaqlar dövlətin qayğısı ilə əhatə olunur. Komitə sədri uşaqların sağlamlığı və təhsili üçün yaradılan şəraitdən danışarkən onu da əlavə edib ki, 2023-cü il ərzində rayon, şəhər icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu, 2024-cü il ərzində isə bələdiyyələr yanında gender komissiyaları yaradılıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən mütəmadi olaraq uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda monitorinqlər təşkil olunur. Muxtar respublikada valideyn himayəsindən məhrum uşaqlar olsa da sevindirici haldır ki, atılmış uşaqlara rast gəlinmir. Bildirilib ki, qız övladlarının təhsili və milli-mənəvi dəyərlər əsasında tərbiyəsi vacib amildir və qızlarımızın erkən nikahdan qorunması işində uğurlu nəticələr əldə edilib. Ramilə Seyidova bayramlar münasibətilə uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə Ordubad rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Gənzə kənd tam orta məktəbinin şagirdi Yaqub Rzayev qazandığı uğurlardan danışıb. Rayon məktəblilərinin timsalında təhsil müəssisələrində yaradılan şəraitdən, eləcə də bacarıqlarının üzə çıxarılması üçün görülən işlərdən danışan Yaqub Rzayev əldə etdiyi uğurlarla kifayətlənmədiyini, gələcəkdə də hər işdə və əməldə Vətən üçün çalışacağını vurğulayıb. Yaqub Rzayev yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib.
Çıxışların ardından 2023-2024-cü tədris ilində Ordubad rayonunda təhsil, incəsənət və idman sahələri üzrə fərqlənən uşaqlara Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri fərman və hədiyyələri təqdim edilib.
Tədbirin bədii hissəsində Ordubad rayonunda yerləşən Uşaq Musiqi və tam orta məktəb şagirdlərinin, eləcə də Ordubad şəhər Körpələr Evi-uşaq bağçasının balaca fidanlarının ifasında rəqslər ifa olunub, şeirlər bədii qiraət dilib, mahnı və musiqi nömrələri səsləndirilib.
“Muxtariyyətin uşaqları – 100” silsilə bayram tədbirləri davam edir.


Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 24.05.2024 20:18