AZ EN RU

Naxçıvanda müvafiq vəzifələr üzrə ilk dəfə keçirilən test imtahanı uğurla başa çatıb

    Dekabrın 9-da Naxçıvan Şahmat Mərkəzində və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tabeliyində olan ümumi təhsil müəssisələrində tədris yardımçı heyətin işə qəbulu üzrə ilk dəfə olaraq test imtahanı keçirilib.

    İmtahan prosesində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, səlahiyyətli nümayəndəliyin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı, Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli iştirakçılara uğurlar arzulayaraq bildirib ki, muxtar respublikada işə qəbul prosesi artıq şəffaf şəkildə həyata keçirilir. Naxçıvanda ilk dəfə olaraq ümumi təhsil müəssisələrinin yardımçı heyəti üçün keçirilən test imtahanı da bu tədbirlərin davamıdır.
    Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov KİV nümayəndələrinə müsahibəsində dedi: – İşə qəbul qaydaları çərçivəsində Naxçıvan Muxtar Respublikasında tədris yardımçı heyətin işə qəbulu üzrə test imtahanı keçirildi. İmtahan prosesinin şəffaf, hər kəs üçün bərabərhüquqlu təşkil olunduğunu müxtəlif dövlət qurumlarının ziyalıları, ictimaiyyət nümayəndələri müşahidə etdilər. Ümid edirəm ki, imtahan nəticəsində daha yüksək nəticə göstərən, məktəbdə şəxsiyyətyönümlü inkişafa daha faydalı və səmərəli ola bilən namizədlər uğur qazanacaqlar. Gələcəkdə direktor, direktor müavinlərinin, ümumilikdə isə ölkə üzrə müəyyənləşmiş qaydada müəllimlərin işə qəbulu həyata keçiriləcək. Məqsəd Naxçıvan Muxtar Respublikasında aparılan islahatlar kontekstində təhsilin idarə olunması, eyni zamanda işə qəbul qaydalarında ədalətli və qanunvericilik normativlərini əsas tutmaqdır. 
    İmtahanda müstəqil ekspert qismində iştirak edənlər və imtahan verən namizədlərlə həmsöhbət olduq. 
    Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov: – Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi imtahanda müşahidəçi kimi iştirak etdik. İmtahan prosesi çox şəffaf, obyektiv keçdi. İmtahanların bu cür təşkili təhsilimizin inkişafı, idarəçiliyin daha da yaxşılaşdırılması baxımından mütərəqqi addımdır. Bütün bunlar layiqli kadrların məktəblərdə öz yerlərini tutmasında, şagirdlərin təlim-tərbiyəsinin yüksək səviyyədə, dövlətin qarşıya qoyduğu istiqamətdə yerinə yetirilməsi üçün çox əhəmiyyətlidir. 
    Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev: – Ölkəmizdə həyata keçirilən təhsil islahatları, təhsillə bağlı dövlət strategiyasının qəbul olunması, eyni zamanda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı ölkə başçının müvafiq sərəncamları təhsil sahəsində şəffaflığın, davamlılığın və əlçatanlığın təmin olunması istiqamətində əhəmiyyətli addımlardır. Muxtar respublikamızda bir çox sahələrlə yanaşı, təhsil sahəsində də son vaxtlar əldə olunan uğurlar bu gün müşahidə etdiyimiz imtahan prosesində həm şəffaflıq, həm də əlçatanlıq baxımından özünü göstərdi. Ümid edirik ki, belə layihələr davamlı olacaq və ölkə təhsilinin inkişafına mühüm töhfələr verəcək. 
     Orxan Zamanlı: – “Naxçıvan” Universitetini bitirmişəm. Babək rayonunun Qahab kənd tam orta məktəbində laborant vəzifəsini tutmaq üçün imtahan verdim. İmtahan şəffaf keçdi, nəzarət güclü idi. Suallar çətin deyildi. İnanıram ki, uğurlu olacaq.    Arzu Fərəcova: – Naxçıvan Müəllimlər İnstitutunun məzunuyam. Şərur rayon 2 nömrəli tam orta məktəbdə fəaliyyət göstərmək üçün imtahan verdim. 20 sualın hamısına cavab yazdım. İmtahanın rahat keçməsi üçün hər cür şərait yaradılmışdı. Təşkilatçılara təşəkkür edirəm. 
    Qeyd edək ki, təhsil müəssisələrinin yüksəkixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 126 vakant vəzifə üzrə 600-ə yaxın namizəd iştirak edib. Müsabiqənin test mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsinə cəlb ediləcəklər.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 09.12.2023 14:19