AZ EN RU

Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilib

    Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə bağlı görüləcək işlər üzrə Tədbirlər Planına uyğun olaraq “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni, vəkil marşı səslənib, konfrans iştirakçıları Azərbaycan xalqının Ümummilli  Lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov açaraq konfransın işində uğurlar arzulayıb. 
    Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxışında Naxçıvanda vəkilliklə bağlı mövcud çatışmazlıqlara, nöqsanlara, problemlərə toxunub, onun həlli yolları ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə gələcək fəaliyyət prinsiplərindən söhbət açıb. Qeyd edib ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin rəhbərliyi ilə bu sahədə aparılan islahatlar, qəbul edilən qanunlar vəkillik peşəsinin inkişafı üçün atılan çox önəmli addımlar idi. Sədr Naxçıvanda vəkilliyin daha da inkişaf etməsinə, güclənməsinə çalışacaqlarını vurğulayıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumları da vəkillik institutunun güclənməsində maraqlıdır, bu sahədə aparılacaq islahatlara dəstək göstərdikləri aydın görünür. Təbii ki, bu hal çox müsbət qiymətləndirilməlidir. 
    Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimova xatirə hədiyyələri təqdim edib.
    Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov çıxış edərək bildirib ki, dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına Ulu Öndərin qətiyyəti nəticəsində nail olub. Sözsüz ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsi və titanik fəaliyyəti, eləcə də həyata keçirdiyi çoxşaxəli islahatlar zəngin və əhatəli elmi tədqiqatın mövzusudur. Ulu Öndərin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalıb. Dahi şəxsiyyətin əvəz olunmaz əməyi nəticəsində formalaşmış hüquqi islahatlar həyata keçirilib. Əsası görkəmli dövlət xadimi tərəfindən qoyulan hüquqi islahatlar müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edir. Ölkəmizin hərtərəfli inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb.
    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini Əsgər Novruzov çıxışında qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra insan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulub, ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunub, bu sahədə xüsusi Dövlət proqramı hazırlanaraq həyata keçirilməyə başlanılıb. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi islahatların aparılmasına zəmin yaradıb, demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müddəalar öz əksini Konstitusiyada tapıb. Həyata keçirilən məhkəmə-hüquq sistemindəki islahatlar isə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edib, vahid hüquq sisteminin tərkib hissəsi kimi vəkillik institutunun da inkişafında mühüm rol oynayıb.
    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva deyib ki, 1995-2003-cü illər ərzində Ümummilli Lider Heydər Əliyev tərəfindən, ümumilikdə, 3104 məhkuma şamil edilməklə 32 əfv fərman və sərəncamı imzalanıb. Eyni zamanda Ulu Öndər Azərbaycanda amnistiya aktlarının qəbulunu da mütərəqqi bir ənənəyə çevirib və onun təşəbbüsü ilə 7 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları 77 mindən artıq insana şamil olunub və nəticədə, həbsdən azad edilmiş insanlar ailələrinə və cəmiyyətə qovuşublar. Ölkəmizdə məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman institutunun yaradılması və fəaliyyətinin təmin edilməsi dövlət və vətəndaş münasibətlərində yeni bir başlanğıcın əsasını qoyub. Dövlətimizin başçısı cənab İlham Əliyev isə bu irsi layiqincə yaşadır. Ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq islahatları Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilib.
    Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev bildirib ki, cinayət mühakimə icraatında dövlət ittihamını həyata keçirən təsisat olaraq cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi istiqamətində, habelə hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsində müdafiə institutu ilə səmərəli və işgüzar münasibətlərin inkişaf etdirilməsi zəruri məsələlərdəndir. Naxçıvan Muxtar Respublikasındakı prokurorluq orqanları tərəfindən vəkillik sahəsində həyata keçiriləcək islahatlara dəstək məqsədilə bütün zəruri addımları atacaq. 
   Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, imzalanan memorandum, Naxçıvan Dövlət Universitetində təqdim olunan simulyasiya və digər proseslər, tarixi konfrans  çox böyük önəm kəsb edir.  Ulu Öndər hələ sovet dönəmində kadr hazırlığına böyük dəstək göstərib və bu siyasət bu gün də uğurla davam etdirilir. Naxçıvan Dövlət Universiteti Hüquqşünas yetişdirən ali təhsil müəssisələrindən biri kimi, bundan sonra da keyfiyyətli təhsilvermə baxımından ən son çağırışlara cavab verməyə çalışacaq. 
    Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 illik fəaliyyəti barədə hesabat filmi nümayiş olunub, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədr müavini vəzifəsini müvəqqəti icra edən Behbud Səfərov və Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənovun çıxışları dinlənilib.

 Nail ƏSGƏROV

Nəşr edilib : 10.03.2023 10:05