AZ EN RU

Naxçıvanda Mühasiblər Forumu keçirilib

    Dekabrın 2-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər İctimai Birliyi və Bakı Hesabat Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Rəqəmsal dövrdə mühasibatlıq: Yeni tələblər və çağırışlar” mövzusunda mühasiblər forumu keçirilib. 
    Forum iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyində Ulu Öndərin həyatı və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub. 
    Forum çərçivəsində Bakıdan dəvət olunmuş qonaqların Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilib.
    Naxçıvan Biznes Mərkəzində keçirilən forumun rəsmi hissəndə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikası maliyyə naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Həsən İsmayılov çıxış edərək bildirib ki, forumun məqsədi uçot və vergi siyasətinin rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklərin tempinə və inkişafda olan iqtisadi mühitə uyğunlaşdırılması sahəsində aparılan islahatların həyata keçirilməsinə dəstək göstərilməsi, mühasiblər arasında ünsiyyət və ruh yüksəkliyi yaratmaqla onlarda öz peşələrinə maraq oyadılması, yeni biliklərin qazandırılmasından ibarətdir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifələrinin müvəqqəti icraçısı Nihad Mehbalıyev və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Mirəli Kazımov çıxışlarında əsası Ulu Öndər tərəfindən qoyulan, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan iqtisadiyyat, vergi islahatlarından, şəffaf maliyyə sisteminin, azad sahibkarlıq mühitinin formalaşmasından söhbət açıblar.
    Ümummilli Lider Heydər Əliyevin maliyyə, uçot və vergi sisteminin yeni dövrün tələblərinə uyğun qurulmasındakı əvəzsiz xidmətlərindən danışan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bildirib ki, forumun keçirilməsində əsas məqsədlərdən biri də Ulu Öndərin ölkəmizin iqtisadi inkişaf strategiyası istiqamətində gördüyü əvəzolunmaz işlərinin nəticələrini təqdim etməkdir.
    Sonra Ulu Öndərin ölkəmizin inkişafı naminə tarixi xidmətlərindən bəhs edən videoçarx nümayiş olunub. 
    Forum “Rəqəmsal iqtisadiyyatda uçot və hesabatlılıq, yeni tələblər” və “Vergi sistemi və inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər, qarşıya çıxan çətinliklər” adlı 2 panel üzrə davam edib. “Dövlət və özəl sektorda mühasib peşəsinə qoyulan tələblər”, “Rəqəmsal dövrün mühasibat uçotuna təsiri və regionlarda uçotun inkişaf məsələləri”, “Rəqəmsal mühasibatlıqda ERP sistemlərinin əhəmiyyəti”, “Büdcə və büdcədən maliyyələşən təşkilatlarda ERP sistemlərinin tətbiqi, inkişafı və gələcək hədəflər”, “Sahibkarlıq subyektlərində uçot və biznes təhlükəsizliyi: məsuliyyətlər və vəzifələr”, “Vergi uçotu və inzibatçılığında yeni çağırışlar”, “Biznes subyektlərində yeni çağırışlar müstəvisində vergi işinin təşkili”, “Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklər, onların vergi uçotu və hesablarına təsirləri” mövzularında çıxışlar dinlənilib, müzakirələr aparılıb.
    Qeyd edək ki, forum çərçivəsində dekabrın 3-də təşkilatçılar və Bakıdan dəvət olunmuş qonaqlar üçün muxtar respublikanın gəzməli-görməli yerlərinə tur proqramı təşkil olunub.

 Nail ƏSGƏROV

Nəşr edilib : 02.12.2023 17:20