AZ EN RU

Naxçıvanda müasir yol infrastrukturu yaradılıb

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 20 fevral tarixli Sərəncamı ilə hər il fevralın 22-si ölkəmizdə avtomobil yol işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
    “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə avtomobil yollarının bərpası və yenidən qurulması, yeni yol şəbəkələrinin çəkilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Dahi rəhbərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də bu sahənin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişdir. Son illər ölkəmizdə müasir avtomobil yolları çəkilmiş, dövlət başçısının imzaladığı sərəncamlara, qəbul edilən Dövlət pro­qramlarına uyğun olaraq yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.

    Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı qurucu­luq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınmış, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilmiş, yeni körpülər tikilmişdir. Muxtar respublikada müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilmiş, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına nail olunmuşdur. Son illər Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan Yol İstismar idarələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş, istehsal edilən asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınmasında mühüm rol oynayan müasir mexanizmlərlə təmin olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaratmış, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunmuşdur.

    Son illər muxtar respublikanın qonşu ölkələrlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsində, beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yollar yenidən qurulmuşdur. Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilmişdir. 
    Ötən il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana səfəri çərçivəsində 50 kilometrlik Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak etmişdir. Qeyd edək ki, Culfa-Ordubad magistral yolunun inşası Prezident cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən inşa olunmuşdur. Ölkə başçısı Naxçıvanda yol tikintisi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır və Naxçıvanda olan hər bir insan bunu görür. Yollar çox keyfiyyətlə tikilir, mən bu yolların açılışlarında iştirak etmişəm, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq, keyfiyyət də yerindədir”.
    Magistral yollarla yanaşı, rayon mərkəzlərini ucqar dağ və sərhəd kəndləri ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolları da diqqətdə saxlanılmış, son 5 ildə 332 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulmuşdur. Yolların müasir tələblərə uyğun yenidən qurulması sərnişin və yükdaşımaların keyfiyyətcə yaxşılaşmasına imkan yaratmaqla yanaşı, iqtisadiyyatın inkişafını təmin edir, muxtar respublikanın turizm potensialından səmərəli istifadəni sürətləndirir.
    Muxtar respublikada qış аylаrındа yоllаrın qаr və buzdаn təmizlənməsi üçün istifаdə оlunаn tехnikаlаrın sаz vəziyyətə gətirilməsi, еhtiyаt hissələri ilə təminаt magistral və ucqаr kəndlərə hərəkətin fаsiləsizliyini təmin еtmişdir. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, muxtar respublikada mövcud olan 269 kilometrlik dövlət və 892 kilometrlik yerli əhəmiyyətli avtomobil yollarında qarlı-çovğunlu günlərdə belə, hərəkətin intensivliyi tam təmin edilmişdir.
    Ötən dövrlərdə ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsində yaxından iştirak edən muxtar respublikanın avtomobil yol işçilərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onlardan 11-i Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Tərəqqi” medalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə 17-si “Rəşadətli əməyə görə” nişanı, 25-i Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Fəxri fərmanları, 4-ü “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və 87-si isə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Fəxri fərmanları ilə təltif edilmişdir.  
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Yol tikintisi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür”. Bu sahədə reallaşdırılan layihələrin əsas hədəfi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir. Bütün bu işlərdə isə avtomobil yol işçilərinin üzərinə mühüm vəzifələr düşür. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi mövcud imkanlardan səmərəli istifadə edərək bundan sonra da muxtar respublikanın yol-nəqliyyat infrastrukturunun inkişafına öz töhfələrini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Avtomobil Yolları Dövlət Agentliyi

Nəşr edilib : 21.02.2022 19:52