AZ EN RU

Naxçıvanda müasir səhiyyə sistemi formalaşır

  17  iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

 Ümummilli Liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə “Tibb İşçilərinin Peşə Bayramı Günü” kimi qeyd olunur.
    Bu günün qeyd olunması ölkəmizdə səhiyyə sahəsinə, o cümlədən tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür. Milli dövlət quruculuğu strategiyasında səhiyyənin də inkişafına həssaslıqla yanaşan, bu sahəyə diqqət və qayğısını heç zaman əsirgəməyən Ulu Öndər Heydər Əliyev demişdir: “Tibb, səhiyyə hər bir insan üçün çox vacib olan sahədir. Özünü tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmaq işinə həsr edən adamlar, həqiqətən, çox yüksək hörmət və ehtirama layiq olan insanlardır”.
    Tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Ulu Öndərin müəyyənləşdirdiyi strateji siyasət kursunu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səhiyyə sistemində də layiqincə davam etdirir. Ötən müddətdə bu vacib sahənin inkişafı, onun maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibb xidmətinin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açmışdır. Ölkə başçısının da dediyi kimi: “Səhiyyə xidməti ən yüksək səviyyədə olmalıdır. Bu bizim sosial siyasətimizin əsas istiqamətidir. Çünki insanların sağlamlığı üçün bütün işlər görülməlidir. Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Hər bir yaşayış məntəqəsində, hər bir rayonda tibbi xidmət yüksək dünya səviyyəsində olmalıdır”. 
    Naxçıvan Muxtar Respublikasında da səhiyyə müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqla təchiz olunaraq istifadəyə verilməsi və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Muxtar respublikada səhiyyə sahəsinin inkişafı ilə bağlı həyata keçirilən davamlı və kompleks islahatlar ölkəmizdə ümumi halda bütün nailiyyətlərin, uğurların qazanılmasının əsas səbəbi olan insan sağlamlığının qorunmasına və beləcə, dövlətimizin xoşbəxt gələcəyinə, millətimizin maddi və mənəvi baxımdan inkişafına xidmət edir. Bu cür yaradılan şəraitdən səmərəli istifadə etmək, əhaliyə yüksək səviyyədə səhiyyə xidməti göstərmək bütün səhiyyə işçilərinin qarşısında qoyulan ən önəmli tələblərdəndir. 
    Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühüm məsələlər yer almışdır ki, proqramın icrası bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə zəmin yaradacaqdır. Proqramda səhiyyə sahəsinin prioritet olaraq seçilməsi heç də təsadüfi deyil. Bu prioritet istiqamət məhz ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi sayəsində formalaşıb. Muxtar respublika səhiyyəsində əldə olunmuş inkişaf Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində mümkün olub. Bunun da əsasında Ümummilli Liderimizin uzaqgörən siyasətinin bəhrələri dayanır. 
    Hazırda muxtar respublikada 215 tibb müəssisəsi fəaliyyət göstərir ki, həmin tibb müəssisələrində 737 həkim, 2243 orta tibb işçisi çalışır. Bu gün muxtar respublikada insan sağlamlığının əmanət edildiyi tibb işçilərinə xüsusi qayğı göstərilir, bu sahədə fəaliyyət göstərən həkim və orta tibb işçilərinin əməyi daim yüksək qiymətləndirilir. İnsan sağlamlığının təmin olunması üçün yorulmadan çalışan səhiyyə işçiləri daim dövlət qayğısı ilə əhatə olunur, əməkləri qiymətləndirilir, fəxri adlara layiq görülürlər. Təkcə ötən il ərzində 2 həkim Azərbaycan Respublikasının “Tərəqqi” medalına, 1 həkim “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkim”i fəxri adına, 1 tibb bacısı isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi” fəxri adına layiq görülmüş, 1 orta tibb işçisi “Azərbaycan Respublikasının Əməkdar orta tibb işçisi”, 1 həkim və 1 orta tibb işçisi səhiyyə əlaçısı döş nişanı, 1 həkim və 1 orta tibb işçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 
    Artıq muxtar respublika səhiyyəsində struktur dəyişiklikləri aparılır. Bu dəyişikliklərin hədəfləri açıq-aydın görünür. Məqsəd, verilmiş tapşırıqları və öhdəlikləri yüksək səviyyədə yerinə yetirmək, səhiyyə sistemində aparılan islahatların və yenidənqurmanın, ümumilikdə, görülən bu işlərin nəticəsi kimi tibbi xidmətin səviyyəsini yüksəltmək, xəstələnmə faizinin aşağı düşməsinə və həyat keyfiyyətinin yaxşılaşmasına zəmin yaratmaqdır.
    Muxtar respublikada səhiyyə sahəsində yeniliklər və inkişafa doğru yeni layihələr həyata keçirilir. Belə ki, yeni layihələr təsdiq edilmiş, onların bəzilərinin artıq icrasına başlanılmış, bəzi layihələrin isə icrası istiqamətində işlər görülür. 
    Belə layihələr içərisində Naxçıvan Muxtar Respublika Xəstəxanasının fəaliyyəti də dayanır. Belə ki, xəstəxananın laboratoriyasında vətəndaşların gözləmə narazılıqlarının aradan qaldırılması üçün Qanalma otağının laboratoriyadan ayrılaraq daha geniş və lazımi şəraitlə təmin olunmuş otaqla əvəz olunması, növbə monitorunun quraşdırılması xidməti daha da yaxşılaşdırmışdır. Qanalma otağının lazımi avadanlıqlarla təmin olunması üçün sifarişlər verilmişdir. 
    Həmçinin Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qeydiyyat şöbəsinin işi yenilənərək, qeydiyyatın tezləşdirilməsi və sıxlığın aradan qaldırılması üçün lazımi iş şəraiti yaradılmış, kompüter sayı artırılmışdır. Bu da narazılıqların  və sıxlığın aradan qaldırılmasına şərait yaratmışdır.
    Həyatın bütün dönəmlərində insan sağlamlığının qorunması ən mühüm amillərdən hesab olunub. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi antibiotiklərin düzgün istifadə olunmaması nəticəsində baş verə biləcək fəsadların qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının  “Dərman vasitələri haqqında” 2006-ci il 22 dekabr tarixli Qanununu əsas götürərək Qərar qəbul etmişdir ki, qərara əsasən artıq muxtar respublika ərazisində antibiotiklərin yalnız reseptlə satışına icazə verilir.
    Əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində icbari tibbi sığortanın tətbiqi hər bir vətəndaş üçün mühüm əhəmiyyət daşıyır. Tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək muxtar respublika ərazisində ambulator tibbi yardım almaq üçün göndərişlərin verilməsi ləğv edilib.  Belə ki, muxtar respublikada sığortaolunanlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda istənilən tibb müəssisəsinə müraciət edə bilirlər. 
    Dövlət qayğısının, həyata keçirilən islahatların nəticəsi olaraq muxtar respublikanın səhiyyə sistemində müsbət dəyişikliklər, uğurların nəticəsi artıq görünməkdədir. Aparılan son islahatlardan sonra yaradılan münbit şəraitə görə bir qrup həkimimiz muxtar respublikaya geri qayıdıb.  
    Muxtar respublikada səhiyyə sahəsində yeniliklər və inkişafa doğru yeni layihələr bununla da yekunlaşmır. Ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən işlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Doğum Məkəzi Perinatal Mərkəzə çevrilmiş, yeni yaradılan Perinatal Mərkəz yeni xidmətlərlə – hamiləliyin patologiyası hallarında qadınlara ixtisaslaşdırılmış tibbi yardım göstərməklə yanaşı, hər hamilə qadın üçün fərdi olaraq doğuşa hazırlıq və doğuşun aparılması taktikasının hazırlanması, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən yeni tipli səhiyyə müəssisəsi kimi fəaliyyətini davam etdirir.
    Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr edilmiş keratokonus xəstəliyinin skrininqinin aparılması layihəsinə başlanılmışdır. Layihə çərçivəsində muxtar respublikada yaşayan 15-17 yaş uşaq əhalisinin (hər rayon və şəhər üzrə ayrı-ayrılıqda) qeydiyyatı  aparılmış, siyahıya alınmış uşaqların qısa müddət ərzində kütləvi skrininqlərə cəlb edilməsi işinə başlanılmışdır. Hazırda davam edən layihə Kəngərli, Culfa və Ordubad rayonlarında yekunlaşmış, digər rayonlarda isə davam etdirilir. Üç rayonun nəticələrinə görə, 5211 şagird müayinə edilmişdir ki, onlardan da 447 şagird keratokonus və rəng duyğusuna şübhəli kimi, dərindən müayinə və müalicəyə cəlb olunmuşdur.
    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində muxtar respublikada humanitar tibbi aksiyaların və layihələrin həyata keçirilməsi davam edir. 
    Dövlətimizin hərtərəfli diqqət və qayğısı bizə muxtar respublikada əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyimizə geniş imkan yaradıb. Dövlət başçısının səhiyyə sahəsinə olan diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”, – deyən Prezident cənab İlham Əliyev bu istəklərini gerçəkləşdirmək üçün vaxtını, qüvvəsini və səylərini əsirgəmir. Azərbaycan Prezidentinin səhiyyə sahəsində siyasətini daim dəstəkləyən səhiyyə işçiləri onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.06.2023 23:50