AZ EN RU

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub

    Azərbaycan xalqı böyük ictimai, siyasi və tarixi dəyərə malik Milli Qurtuluş Gününü sosial-iqtisadi nailiyyətlərin, ərazi bütövlüyünün təmin olunmasının, işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsinin sevinci ilə qeyd etdi. Muxtar respublikamızda bu əlamətdar tarixi gün ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kursu zənginləşdirərək uğurla davam etdirməsi nəticəsində qazanılan möhtəşəm nailiyyətlərlə ikiqat bayram sevinci ilə, silsilə tədbirlərlə qeyd olundu. 
    İyunun 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının təqdim etdiyi konsert proqramı Müslüm Maqomayevin möhtəşəm “Azərbaycan” mahnısı ilə başlayıb. Üzeyir Hacıbəyovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Elza İbrahim­ovanın, Ceyhun Allahverdiyevin, Aygün Səmədzadənin, Oqtay Kazıminin, Emin Sabit­oğlunun, Firudin Allahverdiyevin, Andrey Babayevin, Ramiz Mirişlinin, Eldar Mansurovun və Rauf Hacıyevin müəllifi olduğu əsərlər, həmçinin xalq mahnıları alqışlarla qarşılanıb. Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs kollektivləri tərəfindən ifa olunan xalq rəqsləri, yallılar və kompozisiyalar əsl bayram coşqusu olub.
    Musiqi nömrələrini Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Mübariz  Əsgərov və Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudov və Ruhiyyə Hüseynova, gənc ifaçılar İlkin Abdullayev və Bəhruz Quliyev ifa edib. Kollektivlərin bədii rəhbər və dirijorları Cahangir Qurbanov, Elvin Əliyarov və Hakim Məmmədli olub.
    Qeyd edək ki, muxtar respublikanın rayonlarında da Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçirilib. Milli Qurtuluş Gününü təmsil edən müxtəlif şüar və plakatlarla, üçrəngli bayrağımızla bəzədilmiş parklarda əvvəlcə tədbirin aparıcıları 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açıb, bildiriblər ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər xalqımız tərəfindən heç bir zaman unudulmayacaq. Ölkənin bugünkü inkişaf və tərəqqisi, ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan ədalətli müharibədə qazanılan tarixi Zəfər məhz Milli Qurtuluşun bəhrələridir.
    Şərur şəhərinin mərkəzində yerləşən “Heydər” Parkında Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə rayon Mədəniyyət Şöbəsinin hazırladığı maraqlı konsert proqramı təqdim olunub. “Arpaçay” İnstrumental Ansamblının müşayiəti ilə nəğmələr və xalq mahnıları, saz havaları ifa edilib, “Şərur qönçələri”  uşaq yallı ansamblı, Uşaq musiqi məktəblərinin şagirdləri ifa etdikləri rəqslərlə şənliyə daha da yaraşıq veriblər. Rəngarəng musiqi nömrələri və rəqslərlə davam edən bayram konserti tamaşaçı alqışları ilə müşayiət olunub.
    15 İyun – Milli Qurtuluş Günü münasibətilə Babək rayonunda təşkil olunan bayram konsertində rayon Mədəniyyət İdarəsinin kollektivlərinin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib, milli rəqslər ifa olunub. Konsert rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. 
    Ordubad rayonunda bu münasibətlə keçirilən bayram tədbiri “Gənclik” Parkında xalq gəzintisi ilə davam edib. Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” İnstrumental Ansamblının rəngarəng konsert pro­qramı iştirakçılarda xoş bayram əhvali-ruhiyyəsi yaradıb. 
    Culfa şəhərində Milli Qurtuluş Günü münasibətilə keçirilən konsert proqramında rayonun mədəniyyət kollektivlərinin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Rayon sakinlərinə yüksək əhvali-ruhiyyə, bayram ovqatı bəxş edən konsert alqışlarla qarşılanıb.
    Kəngərli rayonundakı Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında baş tutan konsert proqramında da bayram şənliyi yaşanıb. Sakinlərin kütləvi şəkildə iştirak etdiyi tədbirdə bir-birindən maraqlı musiqi nömrələri səsləndirilib, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin “Kəngər” İnstrumental Ansamblı rayon sakin­lərinə xoş ovqat bəxş edib.      
       Şahbuz şəhərində Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbir də bayram ovqatı, qələbəliklə müşayiət olunub. Tədbirin bədii hissəsində rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı olub, xalq və bəstəkar mahnıları səsləndirilib. Milli rəqslər, ümummilli liderə həsr olunmuş, vətənpərvərlik mövzusunda ifa olunan mahnılar iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb.
    Sədərək rayonunda Heydərabad qəsəbə istirahət parkında keçirilən tədbirin bədii hissəsində rayon məktəbliləri tərəfindən 15 İyun – Milli Qurtuluş Gününə həsr edilən şeirlər bədii qiraət edilib. Rayonun mədəniyyət kollektivlərinin ifasında konsert pro­qramı olub, xalq və bəstəkar mahnıları səsləndirilib.
    Bayram tədbirlərində iştirakçılara yüksək səviyyədə iaşə xidməti göstərilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.06.2022 21:31