AZ EN RU

“Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı fundamental dərs vəsaiti nəşr edilib

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Bioresurslar İnstitutunda “Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin, baş elmi işçi, dosent Loğman Bayramovun və Azərbaycan Aqrar Universitetinin “Bağçılıq” kafedrasının dosenti Hüseyn İdrisovun həmmüəllif olduqları “Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı fundamental dərs vəsaiti işıq üzü görüb.

    “Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı dərs vəsaitinə Azərbaycan Dövlət Aqrar Universiteti Elmi Şurasının 8 yanvar 2023-cü il tarixdə keçirilən iclasında 25 may 2022-ci il tarixli tədris vəsaitlərinə və elmi nəşrlərə nəşr hüququ verilməsi qərarına əsasən 22 dekabr 2022-ci il tarixli iclasının qərarı ilə nəşr edilməsi hüququ (qrif)  verilmişdir.
    2023-cü ilin ilk ayında “Müəllim” nəşriyyatı tərəfindən nəşr edilən “Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı dərs vəsaiti giriş və meyvəçilik, tərəvəzçilik, üzümçülük sahələri üzrə 3 bölmədən ibarətdir. Kitabda bölmələr üzrə becərilən ayrı-ayrı sortlar haqqında mühazirə mətnləri, elmi məlumatlar, rəngli fotoşəkillər verilmişdir. Hər bölmənin axırında müvafiq ədəbiyyat siyahısı göstərilmişdir. Yeni nəşrdə Naxçıvan bölgəsinin aqrar sektorunda meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün inkişaf tarixi, problemləri, müasir vəziyyəti, perspektivləri, becərilən sortların biologiyası və aqrotexnikası haqqında elmi və praktiki məlumatlar verilir. Həmçinin kitabda muxtar respublika üzrə meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün sistematikası, genofond tərkibi, xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri, geniş becərilən tətbiqyönümlü sortlar haqqında elmi məlumatlar işıqlandırılmışdır.
   Dərs vəsaitindən Azərbaycan Dövlət Aqrar Universitetinin, Naxçıvan Dövlət Universitetinin müvafiq kafedrasında, həmçinin aqraryönümlü təhsil müəssisələrinin bakalavr, magistr pilləsində çalışan professor, müəllim, təhsil alan tələbələr, həmçinin meyvəçilik, tərəvəzçilik, üzümçülük üzrə elmi işçilər, kənd təsərrüfatı mütəxəssisləri, fermer təsərrüfatı ilə məşğul olan sahibkarlar, fərdi torpaq sahibləri, aqronomlar və digər şəxslər  istifadə edə bilərlər.
    Qeyd etmək istəyirəm ki, “Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı fundamental kitab çox qiymətli dərs vəsaitidir. Bu kitab muxtar respublikada müvafiq ixtisaslar üzrə yeni kadrların hazırlanmasında, həmçinin meyvə, tərəvəz və üzüm məhsullarının innovativ üsullarla artırılması üçün elmi əsasların yaradılmasında mühüm rol oynayacaqdır.

İsmayıl MƏMMƏDOV
biologiya elmləri doktoru, dosent

Nəşr edilib : 03.02.2023 22:04