AZ EN RU

Naxçıvanda mətbuat hərtərəfli qayğı ilə əhatə olunub

    Hər bir xalqın milli şüur səviyyəsinin əsas göstəricilərindən biri də onun mətbuatıdır. 147 il əvvəl böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı da həqiqət carçısı, mütərəqqi ideyalar tərənnümçüsü olmaqla milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. 
    XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli azadlıq ideyalarının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Lakin ötən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanın zorla sovetləşdirilməsi ilə milli mətbuatımız da sovet diktaturasının siyasi-ideoloji nəzarəti altında fəaliyyət göstərmişdir. Yalnız ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra milli demokratik mətbuatın başlıca prinsipləri formalaşmağa başlamışdır. Bu illərdə ulu öndərin xidmətləri sayəsində mətbuatda milli dəyərlərimizin, adət-ənənələrimizin, zəngin tarixi-mədəni irsimizin təbliği istiqamətində əsaslı dönüş yaranmışdır. “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”, – deyən ümummilli liderin uzaqgörənliyi sayəsində müstəqillik illərində ölkə mətbuatında söz, fikir və əqidə azadlığının təmin olunması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparıldı, Azərbaycan bu sahədə mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların söz və fikir azadlığı, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək, yaradıcılıq azadlıqları təsbit olundu. İnformasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verildi. Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzura ləğv edildi, mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Görkəmli dövlət xadimi mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi qayğı göstərirdi. 
    Ümummilli lider jurnalist kollektivləri ilə görüşlərində mətbuatın problemlərini, mövcud nöqsanlarını da qeyd edir, dəyərli tövsiyələr verir, kütləvi informasiya vasitələrinin, ayrı-ayrı jurnalistlərin dövlət quruculuğu, xalqın maarifləndirilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətlərini yüksək qiymətləndirərək deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. ...O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ənənələrə sadiq qalaraq kütləvi informasiya vasitələrinin inkişafına şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. 2003-cü ildən başlayaraq ölkəmizdə mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və jurnalist əməyinin qiymətləndirilməsi sahəsində bir sıra fərman və sərəncamlar imzalanmışdır. Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif olunması, onlara fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımlarının göstərilməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirildiyini və mətbuatın dövlət qayğısından kənarda qalmadığını bir daha təsdiq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci il 8 fevral tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunmuşdur. Bu Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. 
    Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”. 
    Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə etmiş, azad mətbuatın formalaşmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyətini genişləndirmiş, mətbuatın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması qəzetlərin günün tələblərinə uyğun nəşrinə şərait yaratmışdır. Muxtar respublikada bütün qəzet və jurnallar bu gün yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə mətbuat sahəsində çalışanların əməkhaqları artırılmış, əməyi ilə fərqlənən jurnalistlər fəxri adlara layiq görülmüşlər. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, universitet televiziya və radiosu da daxil olmaqla, 3 tele­viziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır.
    Ali Məclis Sədrinin mətbuat orqanlarına olan hərtərəfli qayğısı kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliyinin yaranmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, qəzetlərin maddi-texniki bazası mərhələli şəkildə möhkəmləndirilmiş, yaradıcılıq imkanları artırılmışdır. Görülən işlərin davamı kimi 2018-ci ildə “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar alınmışdır. 2011-ci ildən etibarən “Şərq qapısı” qəzetinin internet saytı fəaliyyətə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Sayt 2021-ci ildə yenilənmiş, müasir tələblərə cavab verən formaya salınmışdır. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Ali Məclis Sədrinin 2021-ci il 17 mart tarixli Fərmanı ilə isə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır ki, bu da televiziya və radio fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsində yeni mərhələnin başlanmasına imkan vermişdir. Ali Məclis Sədrinin qayğısı ilə Naxçıvan teleradiosuna 2013-2020-ci illərdə 500 min manat dəyərində yayım və çəkiliş avadanlıqları alınmışdır. Bu tədbirlərin davamı kimi 2021-ci ildə daha 70 min manat dəyərində ən müasir efir və çəkiliş avadanlıqları teleradionun istifadəsinə verilmişdir. 
    Bu gün “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdir. Cəmiyyətin 2016-cı ildə saytı istifadəyə verilmiş və televiziya internet üzərindən yayıma başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmış, agentliyin saytı hazırlanmışdır. Hazırda “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublika ilə bağlı ən mühüm informasiya, təhlil və analitik məqalələri, foto və videoinformasiyaları dünyaya çatdırır. Bununla bərabər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarif­çilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Cari ildə təhsil televiziyası və radiosunun yeni internet saytının və müasir dizaynda yaradılan çəkiliş studiyasının təqdimatı olmuşdur. Artıq “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələr təsis olunmuşdur. Bununla da dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyulmuşdur. Eyni zamanda informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunması sahəsində konkret istiqamətlər müəyyənləşdirilmişdir.
    Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də müasir poçt xidmətlərinin təşkil olunması dövri mətbuatın oxuculara vaxtında çatdırılmasını təmin edir. Bütün bunlar insanların informasiya əldə etmək hüququnun təmin olunması sahəsində görülən işlərin tərkib hissəsidir. Digər bir tərəfdən informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada internet şəbəkəsinin əhatə dairəsini xeyli genişləndirmişdir. Artıq ən ucqar kəndlərdə belə genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə Naxçıvanda 4G internetdən istifadəyə geniş imkanlar açmışdır. Bir zamanlar informasiya blokadasına salınan Naxçıvan bu gün dünyanın hər yerində tanınır, ölkə və dünya mediasında muxtar respublika haqqında məlumatlar yayımlanır. Muxtar respublikada baş verən yeniliklər, sosial-iqtisadi inkişaf, ictimai-mədəni hadisələr, beynəlxalq tədbirlər, diyarımızın turizm potensialı haqqında materiallar geniş tamaşaçı, dinləyici, izləyici və oxucu auditoriyasına çatdırılır. Həmçinin hər il onlarla xarici jurnalist Naxçıvanda olur, qədim diyarla bağlı silsilə yazı və verilişlər hazırlayırlar. Bütün bunlar muxtar respublikada söz və mətbuat azadlığının, demokratik prinsiplərin bərqərar olmasına, kütləvi informasiya vasitələrinin fəaliyyətinə göstərilən dövlət qayğısının bəhrələridir. Sürətli internet təminatı sosial şəbəkələrdən də sərbəst istifadəyə imkan verir. Bu da informasiyaların daha operativ əldə edilməsi ilə yanaşı, muxtar respublikanın tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı haqqında təbliğat işinin aparılmasına da şərait yaradır.
    Qeyd edək ki, bu gün muxtar respublikada jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası fəaliyyət göstərir ki, burada təhsil alan tələbələrin gənc jurnalist kimi yetişməsi üçün hər cür şərait var. Belə ki, ali təhsil ocağının Media Mərkəzində fəaliyyət göstərən Universitet televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə də yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Ali Məclis Sədrinin bu sahəyə göstərdiyi qayğı sayəsində Universitet televiziyası 2021-ci il fevralın 24-dən etibarən muxtar respublika ərazisində yayıma başlayıb. Həmçinin muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin hamisi rolunda çıxış etməklə onların peşəkar inkişafında mühüm rol oynayır. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il  1 iyun tarixli Sərəncamı və təsdiq olunan “Tədbirlər Planı”na əsasən qəzetin 100 illik yubileyi münasibətilə muxtar respublikanın şəhər və rayonlarında silsilə tədbirlərin, “Şərq qapısı” qəzeti və Naxçıvanda mətbuatın inkişafı” mövzusunda elmi konfransın, yubileylə bağlı yaradıcılıq müsabiqəsinin keçirilməsi, həmçinin 2021-ci il dekabrın 18-də “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbirində Ali Məclis Sədrinin muxtar respublikanın mətbuat orqanlarında fəaliyyət göstərən yaradıcı heyətlə şəxsən görüşü bu sahəyə göstərilən diqqət və qayğının aydın təzahürüdür. Sərəncamın icrası istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı hazırlanmış, ümumilikdə, yubiley münasibətilə qəzet əməkdaşlarının 6 kitabı işıq üzü görmüş, yaradıcılıq müsabiqəsi keçirilmiş, mətbuatda silsilə məqalələr dərc olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 17 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə “Şərq qapısı” qəzetinin 2 əməkdaşı “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adı, qəzetin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 4 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşlar. Həmin tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoruna Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 17 dekabr tarixli Sərəncamı ilə “Şərq qapısı” qəzeti işçilərinin əməkhaqlarının orta hesabla 20 faiz artırılması isə mətbuat işçilərinə göstərilən diqqət və qayğını bir daha aydın şəkildə ifadə edir. Qəzetin 100 illik yubiley tədbirində Ali Məclisin Sədri demişdir: “Qəzetçilik böyük zəhmət, xüsusi səy, peşəkar yanaşma, hadisələri obyektiv dəyərləndirmək, prosesləri qabaqlamaq və düzgün təhlil etmək bacarığı tələb edən sənətdir. Əgər ilk dəfə nəşrə başlayanda “Şərq qapısı” qəzetinin başlıca məqsədi cəmiyyətdə maarifçiliyə, elmi və mədəni tərəqqiyə nail olmaq idisə, bu gün qəzetin qarşısında bununla bərabər, həm də çevik informasiya siyasəti aparmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etmək, Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf və quruculuq salnaməsini yaratmaq və tarixləşdirmək kimi mühüm vəzifələr durur”. Ali Məclis Sədrinin dəyərli tövsiyələri muxtar respublika jurnalistlərinin fəaliyyət istiqamətinə çevrilib. 
    Naxçıvan mətbuatı Ali Məclis Sədrinin verdiyi dəyərli tövsiyə və tapşırıqları, müəyyənləşdirdiyi fəaliyyət prinsiplərini rəhbər tutaraq bundan sonra da müstəqil dövlət quruculuğu, dövlətçilik, vətənpərvərlik, maarifləndirmək uğrunda yorulmaz fəaliyyət göstərəcək.

“Şərq qapısı”

Nəşr edilib : 21.07.2022 20:43