AZ EN RU

Naxçıvanda meşələrin dövlət uçotu və dövlət meşə kadastrı aparılır

Naxçıvanda meşələrin səmərəli istifadəsi, qorunması, mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət meşə kadastrı aparılır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 45 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət meşə kadastrının aparılması qaydalarına uyğun olaraq muxtar respublikada ilk dəfə 2023-cü ildən etibarən meşələrin kadastrı aparılmağa başlanılıb. Bu gün də bu məqsədlə Tillək dövlət meşəsində ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilərək meşənin dövlət uçotu və dövlət meşə kadastrı aparılıb. Cari ilin iyul ayına qədər 23 dövlət meşəsinin elektron kadastrı aparılıb, meşələrin planı, həcm cədvəli və taksasiya göstəriciləri hazırlanıb. Meşə fondunun kadastr göstəricilərində gedən dəyişikliklər (artım və azalma) hər il dövlət meşə kadastr kitabının müvafiq bölmələrində qeyd edilərək illər arasındakı fərq nəzarətdə saxlanılır.
Kadastr aparılan zaman meşələrin yaşıllıq örtüyündən azad hissələri müəyyən edilir və plan-proqnoz hazırlanaraq həmin ərazilərdə meşə bərpa tədbirləri həyata keçirilir.
Qeyd edək ki, muxtar respublikada 1986-cı ildə bu işə başlanılıb, lakin sonra davam etdirilməyib.

Nəşr edilib : 24.07.2024 19:48