AZ EN RU

Naxçıvanda məişət zorakılığına qarşı mübarizə üzrə yaradılmış yerli icra hakimiyyətləri orqanlarında monitorinq qruplarının fəaliyyəti artıq başlayıb

    Monitorinq qruplarının üzvləri üçün təlim keçən, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva qəzetimiz üçün müsahibə verib: – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə monitorinq qrupları ilə keçirilən görüşün əsas məqsədi Azərbaycan Respublikasında məişət zorakılığına qarşı qanunun təbliğatı ilə bağlıdır. Bildiyiniz kimi, 2021-2023-cü illər üzrə Azərbaycan Respublikasında məişət zorakılığının aradan qaldırılması üzrə milli fəaliyyət planı mövcuddur. Milli fəaliyyət planında yerli monitorinq qruplarının fəaliyyətinin artırılması, məişət zorakılığına qarşı səylərin gücləndirilməsi üzrə müxtəlif tədbirlər nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında artıq bir müddətdir ki, məişət zorakılığına qarşı mübarizə  üzrə yaradılmış yerli icra hakimiyyətləri orqanlarında monitorinq qrupları fəaliyyətə  başlayıb. Monitorinq qruplarının bacarıqlarının artırılması və onların bu sahədə olan problemlərinin aradan qaldırılması və qanunun icra mexanizmlərinin müzakirə edilməsi məqsədilə bu gün təlim keçdik. Onu da qeyd edim ki, respublika üzrə yaradılmış uşaqlara və qadınlara qarşı zorakılıq üzrə monitorinq qruplarında müxtəlif qurumların nümayəndələri iştirak edir. Burada onlar multidisiplinar komanda formasında həm yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, psixoloqlar, sosial işçilər, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri zorakılığın baş verdiyi andan nəticələrin aradan qaldırılması ilə bağlı işlər aparmalıdırlar. Sevindirici haldır ki, Naxçıvanda bütün rayonlarda, demək olar ki, monitorinq qrupları yaradılıb və burada yüksək səviyyədə iştirak təmin olunub. Onların bizə qanunda onlar üçün aydın olmayan və yeni bir yanaşmaların tətbiq edilməli olduğu sahələrlə bağlı ünvanladığı sualları cavablandırdıq. Həmçinin onlara yeni təlimatlar da veririk. Burada əsas məqsədimiz həm uşaq hüquqları ilə bağlı, həm qadınlara qarşı ayrı-seçkilik üzrə BMT-nin konvensiyaları sahəsində dövlətin götürdüyü öhdəliklərin yerinə yetirilməsi, növbəti dövr üçün tövsiyələrin yerinə yetirilməsində hansı işlərin vacib olduğunu da onların diqqətinə çatdırdıq. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 25.10.2023 17:43