AZ EN RU

Naxçıvanda məhkəmə orqanlarına aid bir əlyazma haqqında bəzi qeydlər

    Tarixən Azərbaycan dövlətinin ərazisi olan Naxçıvan diyarı XVI-XVIII əsrlərdə Səfəvilər dövlətinin tərkibində olsa da, Səfəvi-Osmanlı müharibələri nəticəsində bu məkan iki dəfə, daha dəqiq desək, XVI əsrin sonunda (1588-1603-cü illər) və XVIII əsrin əvvəllərində (1724-1735-ci illər) Osmanlı imperiyasının tərkibinə daxil olmuş və burada “Naxçıvan sancağı” inzibati ərazi bölgüsü tətbiq edilərək bölgə Osmanlı idarə sistemi vasitəsilə idarə olunmuşdur.
    Bu nöqteyi-nəzərdən yanaşsaq, sözügedən dövrlərdə Naxçıvan diyarının siyasi-hüquqi və sosial-iqtisadi tarixi ilə bağlı hadisələrə dair daha təfərrüatlı məlumatları, əsasən, Osmanlı mənbələrində axtarmalıyıq. Qeyd edək ki, Naxçıvan diyarının siyasi-hüquqi tarixi ilə bağlı ən qiymətli sənədlər Türkiyənin İstanbul şəhərində Başbakanlık Arxivində saxlanılır.
    Şəxsən sultanın öz adından verilən fərman (bərat), buyuruldu (əmr) və ya baş vəzirin sədrliyi ilə iclaslarını keçirən Divanın qərarını əks etdirən məktubların orijinal nüsxələrinin surəti aidiyyəti ünvanlara göndərilməzdən əvvəl dəftərxanada xronoloji qaydada bir-birinin ardınca “Mühimmə dəftəri” adı daşıyan toplulara köçürülürdü. İl başa çatdıqdan sonra isə yeni “Mühimmə dəftəri” istifadəyə götürülürdü. Zərurət olduqda il ərzində bir neçə belə dəftər açmaq lazım gəlirdi. Bu qayda üzrə tərtib edilmiş 263 ədəd “Mühimmə dəftəri” hazırda İstanbulda Başbakanlık Arxivində mühafizə olunmaqdadır. 1553-1869-cu illərə aid olan dövlət sənədlərinin məzmununu ehtiva edən “Mühimmə dəftərləri”ndə Naxçıvan diyarı ilə bağlı XVI-XVIII əsrlərə aid yüzlərlə önəmli tarixi məlumatlar əks olunmuşdur.
    Bundan başqa, “Sancaq tövcih dəftəri” adlı sənədlər toplusunda 1724-1726-cı illərdə Naxçıvan sancağına sancaqbəyi təyin olunan şəxslərin şəxsiyyətləri barədə ətraflı məlumatlara rast gəlmək mümkündür.
    Osmanlı imperiyasına dair arxiv sənədlərinə nəzər saldıqda “Naxçıvan qazılığına bağlı olan Şərur qəzası məhkəməsinə İrəvan qazısının müdaxiləsinin qarşısının alınması” adlı bir sənəd xüsusilə diqqətimizi cəlb etdi. Araşdırmalarımız nəticəsində bizə məlum oldu ki, adıçəkilən sənəd “Osmanlı arşiv belgelerinde Nahçıvan” adlı kitaba da (İstanbul, 2011, s. 83-84) daxil edilmişdir. Maraqlıdır ki, 15 iyun 1729-cu il tarixli  ərəb əlifbası ilə Osmanlı ləhçəsində olan bu sənədin orijinal nüsxəsi günümüzədək gəlib çatmışdır. 
    Həmin sənədin mətnini və onun Azərbaycan dilinə çevirdiyimiz tərcüməsini oxuculara təqdim edirik.
    Sənəddə yazılır:
    “Sah
    Mûcebince buyruldu
    Mucebince ferman buyrulmak mercûdur.
    Ed-dâ‘î Abdullah
    Ufiye anhu
    Der-i devlet-medâr türâbına arz-ı bende-i bî-mikdar budur ki, Revan Eyaleti'nde vâki‘ Şerur Kazası hîn-i fetihden beri Nahçıvan Kazası'na mülhak olup Revan kadılarının medhali yok iken ve hâlâ Nahçıvan Kadısı el-Hâc Ali Efendi dâ‘îlerinin yedinde olan sûret-i defter-i ruznâmçede tasrîh ve zabt için mahsus emr-i celîlü'ş-şân verilmişken hâlâ Revan kadısı olan Hasan Efendi mücerred kendi tama‘-ı hâmından nâşi “Şerur Kazası Revan'a tabi‘dir” deyu Devlet-i Aliyye'ye hilâf-ı inhâ arz ile yedine bir kıt‘a emr-i âlîşân alup kaza-i mezbûru zabt ve merkûm el-Hâc Ali Efendi dâ’îlerine vücûhla gadr ve hakaret olup Nahçıvan Kazası'nın başka medâr-ı maişet olur canı olmamağla muhtâc-ı merhamet ve ümid-vâr-ı âtıfet ve mürüvvetleri olmağın kaza-i mezkûreye Revan kadısı tarafından müdahale olmayıp Nahçıvan kadısı mûmâileyh dâ‘îleri tarafından zabt olunmak bâbında müceddeden fermân-ı celîlü'ş-şân sadaka ve ihsân buyurulmak recasıyla der-i devlet-medâra arz ve ilâm olundu. Ol bâbda emr u fermân dergâh-ı ma‘delet-unvânındır.
    Fî 18 Za. 1141 / [15 Haziran 1729]
El-Hâc İbrahim
Muhafız-ı Revan
`Hâlâ”.
    Tərcüməsi isə belədir:
    “Şah cavablandıraraq buyurdu.
    Cavab olaraq əmr verilmişdir.
    İddiaçı Abdulla Üfiyə və digərlərinə 
    Yüksək dövlət məqamınıza aciz bəndənizin ərzi budur ki, İrəvan əyalətində yerləşən Şərur qəzası fəth zamanından bəri Naxçıvan qəzasına ilhaq olunub. İrəvan qazılarının xəbəri yox ikən hələ Naxçıvan qazısı Hacı Əli Əfəndinin və himayəçilərinin yanında olan qeyd dəftərində təsdiq və qeyd üçün xüsusi yüksək məqamlı əmr verildiyi halda, təəssüf ki, hazırda İrəvan qazısı olan Həsən Əfəndi özbaşına tamahı ucbatından “Şərur qəzası İrəvana tabedir”, – deyə Dövləti-Aliyənin qərarı əleyhinə özü tərəfindən bir sıra əmrlər alıb. O, qeyd olunan qəzanı zəbt edərək mərhum Hacı Əli Əfəndi və himayəçilərinə xəyanət və hörmətsizlik edib. Naxçıvan qəzasının başqa dolanışıq yeri olmadığından sizin mərhəmət və insafınıza qəlbən inandıqlarına görə yuxarıda adıçəkilən Naxçıvan qəzasının himayəçiləri tərəfindən işğal olunmağa dair (Şərur qəzasının) yenidən yüksək əmrinizi bizlər üçün əhsan və sədəqə buyurmağınızın ricasını ali dövlət məqamınıza ərz və elan edirik. O barədə fərmanınız ədalətli dərgahınızın ünvanıdır.
15 iyun 1729
Hacı İbrahim
İrəvan Hala mühafizi
    Göründüyü kimi, sənəddən aydın olur ki, həmin dövrdə İrəvan qazısı Naxçıvan qazılığına bağlı olan Şərur qəzasını zəbt etmiş, bununla da Naxçıvan qazısına xəyanət və hörmətsizlik göstərmişdir.
    Adıçəkilən sənəd və Türkiyənin arxivlərində saxlanılan Naxçıvanla bağlı bunun kimi çoxsaylı sənədlərin tədqiq olunmasına böyük ehtiyac vardır. 
    Ümid edirik ki, tarixçi alimlərimizin daha geniş və sanballı elmi araşdırmaları bu sənədlərin işıq üzü görməsinə və onların ciddi elmi-tədqiqata cəlb edilməsinə böyük imkanlar yaradacaqdır.

Yunis XƏLİLOV
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı

Nəşr edilib : 20.09.2023 02:16