AZ EN RU

Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə İrəvan Müəllimlər Seminariyasının məzunları müstəsna rol oynayıb

    XIX əsrin sonu – XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə İrəvan Müəllimlər Seminariyası böyük rol oynamışdır. İrəvan şəhərində 1881-ci il noyabr ayının 3-də əsası qoyulmuş bu tədris müəssisəsinin 1885-ci ildə ilk buraxılışı olmuşdur. Həmin ildə seminariyanı bitirmiş məzunların 25 nəfəri azərbaycanlı, 2 nəfəri isə dağıstanlı idi. Bu məzunlar Azərbaycanın digər bölgələri kimi, Naxçıvanda da fəaliyyət göstərən bir çox məktəblərdə dərs demişlər. Mənbələrin məlumatlarından aydın olur ki, seminariyada Qasım Qənbərov Azərbaycan dilini, Məmmədbağır Qazızadə ədəbiyyatı, Mixail Klopov isə rus dili fənnini tədris etmişlər.

    Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan sənəddən öyrənirik ki, 1902-ci ildə İrəvan Müəllimlər Seminariyasının tərkibində xəzinə hesabına 6 ibtidai məktəb də fəaliyyət göstərmişdir. Həmin məktəblərin 2-si şəhər, 4-ü isə kənd məktəbi olmuşdur. 
    Tədqiqatçı Cəlal Allahverdiyev yazır: “1882-ci ildə İrəvanda 64 nəfər şagirdi olan daha bir Müəllimlər Seminariyası da fəaliyyət göstərmişdir”.
    Qeyd edək ki, İrəvan şəhərində 1920-ci ildən sonra elmin və mədəniyyətin inkişafı üçün Pedaqoji Texnikum da yaradılmışdır. Məktəbin tanınmış müəllimlərindən Əsəd Məmmədov, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov və başqaları məhz İrəvan Pedaqoji Texnikumunun məzunları olmuşdur.

    Bəhs olunan dövrdə Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə İrəvan Müəllimlər Seminariyasının məzunlarından Məmmədqulubəy Kəngərlinin, Rəhim Xəlilovun, Axund Məmmədbağır Kazımzadənin, Məmməd Axundovun, Hacı Məmmədəli oğlunun, Məmmədbəy Qazıyevin, Tağı bəy Səfiyevin, Sadıq Xəlilovun, Mirzə Cəlil Şürbinin, Qasım bəy Camalbəyovun, Eynəli bəy Sultanovun və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. 
    Məmmədqulubəy Kəngərlinin maarifçiliyin inkişafında misilsiz xidmətləri olmuşdur. O, 1864-cü ildə Naxçıvan şəhərində anadan olmuş, 1905-ci il avqust ayının 29-da Batumi şəhərində erməni komitəsi tərəfindən 41 yaşında faciəli şəkildə qətlə yetirilmişdir. O, ilk təhsilini atası mayor Şəfiağa Kəngərlidən almışdı. Daha sonra təhsilini atasının onun üçün tutduğu xüsusi müəllim yanında evdə, fərdi şəkildə davam etdirmişdir. Akademik İsa Həbibbəyli Məmmədqulubəy Kəngərlinin maarifçilik fəaliyyəti haqqında yazır: “Məmmədqulubəy Kəngərli birbaşa mənsub olduğu xalqa xidmət göstərmək niyyəti ilə hərbi işi buraxıb maarifçilik cəbhəsinə keçmək qərarına gəlmişdi”.

    Məmmədqulubəy Kəngərli 1893-cü ildə istefaya çıxdıqdan sonra vəkil-hüquqşünas və məktəbdarlıq istiqamətində maarifçilik fəaliyyətini davam etdirmişdir.
    Onun nə üçün məhz vəkil peşəsini seçdiyi “Həyat” qəzetində çap olunmuş məqalədə belə ifadə edilirdi: “Candan əziz sevdiyi millətinin ən ziyadə nəyə möhtac olduğunu təhqiq etdi. Bildi ki, İrəvan quberniyasının müsəlmanları əməlsizlikdən, dövlətin qanununu, məmurların ixtiyarını bilmə­mələrindən hər an bir müsibətdən digər bir bəlaya düçar olurlar. Bildi ki, ən əvvəl müqtədir bir vəkil olub millətə xidmətə buradan başlamaq lazımdır”.
    Məmmədqulubəy Kəngərlinin məktəbdarlıq fəaliyyətini onun Qafqazda ilk dəfə olaraq açdığı “Leyli” qız məktəbi təsdiq edir. “Həyat” qəzetində Məmmədqulubəy Kəngərlinin müəllimlik fəaliyyəti haqqında deyilirdi: “Şəhi-ali-məqam belə ciddi, əhəmiyyətli bir xidmət ilə məşğul ola-ola, övladi-millətin tərbiyə və təhsilini əsla yaddan çıxarmazdı. Millətin səlamət və tərəqqisi üçün ən birinci qapı, ən birinci vasitə zəmanənin təqazasına görə açılacaq məktəb olduğunu çox yaxşı bilirdi. Axırda vəkilliyin ağırlığına baxmayaraq, Qafqazda birinci müsəlman “milli” məktəbi açdı. Ömürlərini müəllimlikdə çürüdüb, Qafqazda bu qədər böyük şəhərlərdə bir müsəlman məktəbi aça bilməyən müəllimlərə ən ibrət bəxş bir nümunə, bir müəllim oldu. Məktəbi az vaxtda dərəceyi-tərəqqinin ən üst mərtəbəsinə çıxardı”.
    İrəvan Müəllimlər Seminariyasının məzunlarından Məmmədbəy Qazıyev 1897-ci il yanvar ayının 18-də Naxçıvan şəhərində anadan olmuş, 1909-cu il mart ayının 30-da Uluxanlı stansiyasında sərnişin qatarının altına düşərək faciəli şəkildə vəfat etmişdir. O, seminariyadakı təhsilini başa vurduqdan sonra elə həmin ilin avqust ayının 1-də təyinatla Uluxanlı normal məktəbinə ikinci müəllim vəzifəsinə göndərilmiş, bu məktəbdə cəmi bir il işləyə bilmişdir. Buna səbəb onun 1887-ci il avqust ayının 7-də qəflətən ağır xəstələnməsi idi. Bir müddət müalicə aldıqdan sonra yenidən pedaqoji fəaliyyətə başlamış, 1888-ci il iyun ayının 1-də Xalq Məktəbləri Direktorluğunun əmri ilə Şərur rayonundakı ikisinifli məktəbə müdir əvəzi vəzifəsinə təyin olunmuşdur. Sonra Uluxanlı məktəbinə getmiş, 1896-1909-cu illərdə bu məktəbdə nəzarətçi müəllim vəzifəsində çalışmışdır. 
    Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan bir sənəddə Məmmədbəy Qazıyevin III dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunduğu da göstərilmişdir.
    XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarif nurunun yayılmasında İrəvan Müəllimlər Seminariyasında 1889-1893-cü illərdə təhsil almış naxçıvanlı maarifpərvər ziyalı Tağı bəy Səfiyevin də çox böyük rolu olmuşdur. O bu seminariyadakı təhsilini başa vurduqdan sonra təyinatı üzrə Şərur rayonunda müəllimlik fəaliyyətinə başlamışdır. “Molla Nəsrəddin” jurnalında dərc edilmiş məqalədən öyrənirik ki, Tağı bəy Səfiyev 1895-1896-cı illərdə Nehrəm kənd məktəbində ikinci müəllim vəzifəsində də işləmişdir. Onun bu vəzifəyə təyin edilməsində böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin böyük rolu olmuşdur.
    Qeyd edək ki, Tağı bəy Səfiyev Nehrəm məktəbində rus dili fənnindən dərs demişdir. O bu fənnin məktəblərdə tədrisinin təkmilləşdirilməsinin yeni metod və yolları haqqında Rusiya Maarif Komissarlığına özünün hazırladığı xüsusi bir layihə də təqdim etmişdir. Layihə Rusiya Maarif Komissarlığı tərəfindən bəyənilmiş, bu münasibətlə Tağı bəy Səfiyevi Rusiya Maarif Komissarlığı “Maarif zərbəçisi” döş nişanı ilə təltif etmişdir.
    Tağı bəy Səfiyev, eyni zamanda bir ictimai xadim kimi də fəaliyyət göstərmişdir. O, Türkiyə-Rusiya və Azərbaycan arasında bağlanmış Qars müqaviləsinin imzalanma mərasimində Naxçıvan nümayəndəliyinin tərkibində iştirak etmişdir.
    Tağı bəy Səfiyevin o dövrdə bir ictimai xadim kimi tanınması, mövcud hakimiyyət orqanlarının bir çox məmurlarını narahat etməsi və onun 1937-ci il repressiya qurbanlarının siyahısına daxil olmasına səbəb olmuşdur. O, həbs edilmiş, 1939-cu ildə ürək tutmasından qəflətən vəfat etmişdir.
    Bəhs olunan dövrdə Naxçıvanda maarifçilik ideyalarının inkişafında seminariyanın məzunlarından Sadıq Xəlilovun da böyük xidmətləri olmuşdur. O, 1864-cü il dekabr ayının 20-də Naxçıvan şəhərində dünyaya göz açmış, 1905-ci il noyabr ayının 3-də isə Naxçıvan şəhərində faciəli şəkildə qətlə yetirilmişdir.
    Sadıq Xəlilov ilk təhsilini 1877-1882-ci illərdə Naxçıvan şəhər ibtidai məktəbində almış, 1882-ci ildə İrəvan Müəllimlər Seminariyasına qəbul olmuş, 1886-cı ildə isə seminariya təhsilini başa vurmuşdur. Xalq Məktəbləri Direktorluğu 1886-cı il 1 iyul tarixli sərəncamı ilə Sadıq Xəlilovu Yengicə məktəbinə ikinci müəllim vəzifəsinə təyin etmişdir. O, 1888-ci il iyul ayının 14-də Nehrəm kənd məktəbinə eyni vəzifəyə dəyişdirilmişdir. O bu məktəbdə də uzun müddət qalmamış, Xalq Məktəbləri Direktorluğunun müvafiq əmri ilə yenidən Yengicə məktəbinə qaytarılmışdır.
    Akademik İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı tədqiqat əsərində yazır: “Sadıq Xəlilov 1901-ci ildən etibarən Naxçıvan şəhər məktəbində ana dili və şəriət müəllimi işləmişdir. 22 aprel 1902-ci ildə isə Azərbaycan və rus dillərini mükəmməl bilən savadlı ziyalı kimi Naxçıvan şəhər rəisi Cəfərqulu Naxçıvanskinin köməkçisi vəzifəsinə dəyişdirilmişdir”.    
    Adıçəkilən seminariyanın naxçıvanlı məzunlarından Mirzə Cəlil Şürbi (Mirzəyev) Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə öndə gedənlərdən biri olmuşdur. O, 1874-cü il fevral ayının 12-də Naxçıvan şəhərində anadan olmuş, 1915-ci il sentyabr ayının 4-də isə Naxçıvan şəhərində dünyasını dəyişmişdir. 
    Mirzə Cəlil Şürbi seminariyadakı təhsilini başa vurduqdan sonra (1892-ci ildə) təyinatı üzrə Şərur-Dərələyəz qəzasının Aralıq ibtidai məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. İki il burada işlədikdən sonra 1894-cü ildə Nehrəm kənd məktəbinə dəyişdirilmişdir. Lakin onun Nehrəm kənd məktəbindəki müəllimlik fəaliyyəti çox çəkməmiş, o yenidən Naxçıvan şəhər məktəbinə göndərilmişdir.
   Mənbələrdə Mirzə Cəlil Şürbinin 1903-1908-ci illərdə Ordubad qəzasının Vənənd kənd ibtidai məktəbində nəzarətçi vəzifəsində işlədiyi də göstərilmişdir. O, bir müddət burada işlədikdən sonra geri çağırılmış, Naxçıvan şəhər rus-tatar məktəbinə müdir vəzifəsinə təyin edilmişdir. O bu vəzifədə 1913-cü ilin əvvəllərinədək çalışmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan bir sənəddə Mirzə Cəlil Şürbinin pedaqoji fəaliyyətinə görə 1909-cu ildə “Kollec reqistratoru” rütbəsi verildiyi göstərilir. 
    Qeyd edək ki, Mirzə Cəlil Şürbi 1914-cü il avqust ayının 27-də Xalq Məktəbləri Direktorluğunun xüsusi bir Sərəncamı ilə Şahbuz məktəbinə dəyişdirilmişdir. 
    İrəvan Müəllimlər Seminariyasının bacarıqlı naxçıvanlı məzunlarından Qasım bəy Camalbəyovun da adını çəkə bilərik. Siyasi və diplomatiya tarixində özünəməxsus xidmətləri olan Qasım bəy Camalbəyov 1881-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmış, 1938-ci ildə isə Bakı şəhərində qətlə yetirilmişdir.
    Qasım bəy Camalbəyovun atası Abbasqulu bəy oğlunu 7 yaşında olarkən mədrəsəyə oxumağa göndərmişdir. Mədrəsə təhsilini yarıda kəsən Qasım bəy Camalbəyov daha sonra təhsilini “Məktəbi-tərbiyə” (“Tərbiyə”) məktəbində davam etdirmişdir. O, iki il bu məktəbdə təhsil aldıqdan sonra şəhər dördillik məktəbinə daxil olmuşdur. Pedaqogika üzrə elmlər doktoru, professor Rüfət Hüseynzadə yazır: “Qasım bəy Camalbəyov 1901-ci ildə İrəvan Müəllimlər Seminariyasında imtahan vermiş, xalq müəllimi rütbəsi almış, 1901-ci ildən 1911-ci ilədək İrəvan quberniyasının müxtəlif kəndlərində müəllimlik etmiş, 1912-ci ildən isə tərcüməçi işləməyə başlamışdır”.
    Adıçəkilən seminariyanın tanınmış naxçıvanlı məzunlarından biri də Eynəli bəy Sultanov olmuşdur. O, Naxçıvan qəza məktəbində ibtidai təhsilini 1879-cu ildə başa vurmuş, 1880-ci ildə İrəvan Müəllimlər Seminariyasına daxil olmuşdur.
    Yüksək hazırlığına, mənəvi yetkinliyinə, ədəbi istedadına görə Eynəli bəy Sultanovun həmin seminariyada axıradək oxumasına ehtiyac qalmamışdı. O, 1886-cı il iyun ayının 5-də seminariyanın yeddinci sinfindən çıxmışdır. Elə həmin ildə İrəvan Müəllimlər Seminariyası Pedaqoji Şurasının Qərarı ilə 538 nömrəli müəllimlik şəhadətnaməsinə əsasən ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir.
    Eynəli bəy Sultanov seminariyada oxuduğu müddətdə mükəmməl təhsil almış, xüsusən Avropa dövlətlərini və Qərb maarifçiliyini dərindən öyrənə bilmişdir. O, rus, latın, yunan və fransız dillərini, riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat və hüsnxət kimi fənləri öyrənməyə həvəs göstərmişdir. Onu da qeyd edək ki, mənbələrdə Eynəli bəy Sultanovun 1881-1882-ci tədris ilinin imtahanlarında yunan dili və ədəbiyyatı, latın dili və tarixi fənlərindən “əla” qiymətlər aldığı, tərcümə məşğələləri zamanı xüsusi qabiliyyət nümayiş etdirdiyi göstərilmişdir.
    Pedaqogika üzrə elmlər doktoru, professor Rüfət Hüseynzadənin araşdırmalarına nəzər salsaq, İrəvan Müəllimlər Seminariyasının daha bir naxçıvanlı məzunu Axund Məmmədbağır Kazımzadənin adının çəkildiyini görərik. 
    Naxçıvan şəhər ibtidai məktəbində tatar dili müəllimi işləmiş Axund Məmmədbağır Kazımzadə də Naxçıvanda maarifçilik ideyalarının həyata keçirilməsində mühüm işlər görmüşdür.
     XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə adıçəkilən seminariyanın naxçıvanlı məzunlarından Məmməd Axundovun, Hacı Məmmədəli oğlunun və Rəhim Xəlilovun da unudulmaz xidmətləri olmuşdur. “Kаvkаzskiy kаlеndаr”ın 1900-cü il məcmuəsinin 235-ci səhifəsində Rəhim Xəlilovun Uluxanlı məktəbinə, daha sonra isə İrəvan Müəllimlər Seminariyasına dəvət olunduğu göstərilmişdir.
    Təəssüf hissi ilə bir məsələni də vurğulamaq lazımdır ki, 37 il fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci il avqust ayının 6-da, İrəvan gimnaziyası isə Uluxanlı məktəbi ilə eyni vaxtda fəaliyyətini dayandırmışdır. Uluxanlı məktəbi 1920-ci ildə yenidən açılsa da, İrəvan Müəllimlər Seminariyası və İrəvan gimnaziyası bir daha fəaliyyət göstərməmişdir.
    Beləliklə, XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə İrəvan Müəllimlər Seminariyası məzunlarının böyük rolu olmuşdur. 

Taleh XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 01.09.2022 18:10