AZ EN RU

Naxçıvanda kreditləşmə ilə bağlı mövcud vəziyyətə dair müzakirələr aparılıb

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Biznes Mərkəzində sərgilənən yerli istehsal məhsulları ilə əyani tanış olublar. Məlumat verilib ki, mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 55 sahibkarlıq subyektinin, 102 müəssisənin 171 adda 1330 çeşiddə məhsulları nümayiş olunur. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Sonra Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və muxtar respublikada fəaliyyət göstərən bank təşkilatlarının nümayəndələri arasında işgüzar görüş olub. Görüşdə kreditləşmə ilə bağlı mövcud vəziyyətə dair müzakirələr aparılıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin  idarə heyətinin sədri Novruz Novruzlu qonaqları salamlayıb, görüşün əhəmiyyətindən danışıb. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Layihələrin təhlili şöbəsinin müdiri Emin Şirinov sahibkarların kredit imkanlarına əlçatanlığının təmin olunması, bank, bank olmayan kredit təşkilatları tərəfindən təklif edilən güzəştli kredit şərtləri, istehsal, emal, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə sahibkarlar tərəfindən daxil olan müraciətlərin, irəli sürülən layihələrin qiymətləndirilməsi və digər məsələlərlə bağlı qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının, təcrübə mübadiləsinin aparılmasının önəmindən söhbət açıb.

Sonra muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri ilə tanışlıq olub, sahibkarlar tərəfindən daxil olan müraciətlər dinlənilib, səsləndirilən təkliflərlə bağlı müzakirələr aparılıb, birgə iş baxımından atılacaq növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Naxçıvandakı bank baş ofis və filialları vasitəsilə güzəştli kreditləşməni reallaşdırmaqdır.

Nail ƏSGƏROV

Nəşr edilib : 14.03.2023 16:47