AZ EN RU

Naxçıvanda keçirilən reytinq turnirinin mükafatçıları bəlli olub

Bu gün Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq reytinqli şahmat turnirinə yekun vurulub. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil olan yarış Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri  və Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı keçirilən yarışa 62 şahmatçı qatılıb.
İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirin qalibi adına beynəlxalq usta Toğrul Həsənzadə yiyələnib. Fariz Əhmədov ikinci, Pərviz Qasımov isə üçüncü yerin sahibi olub. Mükafat alan ilk beşliyi müvafiq ardıcıllıqla Aqil İsrailovla, türkiyəli Kul Efe Özdəmir tamamlayıblar. Zeynəb Məmmədyarova "ən yaxşı qadın şahmatçı", Həsən Kərimov "ən yaxşı veteran şahmatçı" və Amin Mirzəzadə "ən kiçik iştirakçı" kimi təltif olunublar. Adıçəkilən iştirakçılar diplom, pul mükafatı və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, turnirin yekun nəticələri beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.

Nəşr edilib : 15.01.2024 21:39