AZ EN RU

Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsi hafizəmə unudulmaz anlar yazıb

    “Həmrəyliyimizin ən böyük ideyası – Azərbaycançılıq” rubrikasının növbəti qonağı Polşa Azərbaycanlıları Şurasının icraçı direktoru Yusif Məmmədovdur. 1997-ci il dekabrın 30-da Füzuli rayonunun Horadiz şəhərində dünyaya göz açan Yusif Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, 2019-2021-ci illərdə İtaliyanın Roma şəhərində fəaliyyət göstərən La Sapienza Universitetində Beynəlxalq hüquq fakültəsi üzrə magistr təhsili alıb. 2021-ci ildə Polşanın Varşava şəhərinə köçüb və orada Polşa Azərbaycanlıları Şurası diaspor təşkilatı ilə tanış olub. Əmək fəaliyyətinə həmin təşkilatda başlayan bu istedadlı, bacarıqlı gəncimiz iki ildir ki, şuranın icraçı direktorudur. Rəhbərlik etdiyi dövrdə 100-dən çox tədbir reallaşdıran təşkilatın fəaliyyəti barədə deyir:

    – Polşa Azərbaycanlıları Şurası hazırda Avropada tanınan aktiv diaspor təşkilatlarından biridir. Artıq şuranın 1000-dən çox üzvü vardır, qayəsi Polşada yaşayan həmvətənlərimizi vahid ideya – Azərbaycançılıq ətrafında birləşdirmək, işlərində, fəaliyyətlərində dəstək göstərməkdir. Bu il Novruz bayramı tədbirimizdə könüllü şəkildə təşkilatın 250-300 üzvü iştirak edirdi. Xocalı soyqırımı ilə bağlı aksiyalara 300-500 nəfərlə qatılmağa çalışırıq. Bu da, təbii ki, yer sayının məhdudluğu ilə əlaqədardır. Hazırda bizim mühüm bir layihəmiz vardır. Bu sayədə biz Polşada yaşayan azərbaycanlı gəncləri maarifləndirərək onları müxtəlif sahələr üzrə irəli çəkmək istəyirik. Belə ki, biz artıq ötən ilin noyabr ayından indiyədək 170 azərbaycanlını müxtəlif banklarda işlə təmin etmişik. Onlar tələbə olduqlarından işlə bağlı elə də zəngin məlumatları yox idi. Biz onları könüllü müəllimlərimizin köməkliyi ilə təmənnasız olaraq Varşavadakı Azərbaycan Evində 3 ay müddətində hazırlaşdırdıq və istədiyimizə nail olduq. Hazırda onlar dünyanın ən tanınmış banklarında aparıcı vəzifələrdə çalışır və yaxşı məvacib alırlar. Hələlik ən yaxşı nailiyyətlərimizdən biri budur. 

    Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü ilin həm onun, həm də rəhbərlik etdiyi şura üçün əlamətdar, yaddaqalan keçdiyini deyən Yusif Məmmədov bildirir ki, bu ilin avqust ayında iştirakçısı olduğu Diaspor Gənclərinin IV Yay Düşərgəsi hafizəsinə unudulmaz anlar yazıb: – Sözün düzü, düşərgənin Naxçıvanda təşkili marağımı çox çəkdi, çünki ilk dəfə idi ki, oraya gedəcəkdim və çox istəyirdim ki, ölkəmizin ictimai-siyasi həyatında böyük önəm kəsb edən bu diyarla əyani tanış olum. Düşərgəyə qatılmaq üçün 500 gənc müraciət etmişdi və çox şadam ki, onlar arasından mən də seçildim. Havanın isti olmasına baxmayaraq, tarixi yerləri gəzmək, təamlardan dadmaq çox gözəl hisslər, müsbət emosiyalar yaşatdı. Naxçıvanda qovurmanın dadına baxdım, çox bəyəndim. Əminəm ki, düşərgədə iştirakımız gələcəkdə diaspor fəaliyyətimizdə çox faydalı olacaq. Mən artıq bu sayədə Çində yaşayan azərbaycanlını tanıdım, oradan məlumat lazım olduqda ala bilirəm.
    Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun qazandığı Tarixi Qələbədən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasından narahat olan ermənilər zəfərimizə kölgə salmaq məqsədilə bu ilin oktyabr ayında Varşavada 50-70 nəfərlə aksiya keçirib. Bunu bilən Yusif Məmmədov rəhbəri olduğu Polşa Azərbaycanlıları Şurasının ətrafına toplaşan azərbaycanlılarla birgə cavab tədbirləri görüb. Belə ki, dərhal şəhər merinə müraciət edərək Varşavanın mərkəzi küçələrini 1 saat 30 dəqiqə müddətinə bağlatdırıb, yüzlərlə həmvətənimizlə möhtəşəm bir həmrəylik aksiyası keçiriblər: – Tədbirimizin adı “Sülh yürüşü” adlanırdı və yüzlərlə azərbaycanlı 2 kilometr yol boyunca Azərbaycan həqiqətlərini əks etdirən şüarlar səsləndirdilər. Aksiyada polyak, ingilis dillərində “Azərbaycan sülh istəyir, ermənilər isə müharibə!”, “Erməni yalan xəbərlərinə inanmayın!”, “Erməni mina terroruna səssiz qalmayın!”, “Azərbaycanın ərazi bütövlüyünə hörmət edin!” və digər onlarla şüarlar səsləndirildi. Şəhərin mərkəzinə çatdıqda artıq minlərlə polşalı bizi izləyirdi, kontekstimizdə olmayan bir şüarı meqafonla səsləndirdim: “Khankendi is Azerbaijan!” Sanki yüzlərlə soydaşımız illərdir, bu anı gözləyirmiş. Qələbəmizin də verdiyi qürurla hər kəs uca səslə “Xankəndi Azərbaycandır!” – deyə qışqırdı. Tədbirin sonunda polyak polislər mənə bildirdilər ki, ilk dəfədir, belə yüksək səviyyəli aksiya görürük, polyak mediaları da əvvəllər belə möhtəşəm aksiya keçirilmədiyini yazırdılar.
    Sosial şəbəkələrdən, dostluğunda olan insanların paylaşımlarından dekabr ayı ərzində dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizlə bağlı “Şərq qapısı” qəzetində yazıların dərc ediləcəyini öyrəndiyini deyən Yusif son olaraq rubrikamız barədə də fikirlərini bölüşdü: – Mən də xarici ölkədə yaşayan bir azərbaycanlı gənc kimi bu həmrəylik işində iştirak etdiyim üçün çox şadam. Bildiyimiz kimi, bu il Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi geniş şəkildə qeyd olundu. Eyni zamanda da 1991-ci il dekabrın 16-da Ulu Öndərimizin Naxçıvan Muxtar Respublikasında dünya azərbaycanlılarının həmrəyliyinin əsasını qoyan tarixi addımından 32 il ötür. Bu baxımdan müasir müstəqil Azərbaycanımızın qurucusu Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri münasibətilə irəli sürülən bu təşəbbüsü alqışlayır və qəzetin fəaliyyətinə uğurlar arzulayıram. 

Nail ƏSGƏROV

Nəşr edilib : 06.12.2023 17:18