AZ EN RU

Naxçıvanda inkişaf kənddən başlayır

Muxtar respublika kəndlərinin müasir quruculuğuna, əhalisinin rifahına, “smart-ağıllı model” tətbiqinə görə də Azərbaycanda lider, rekordçu bölgədir 

Naxçıvanda şəhər mərkəzindən bölgələrə doğru - coğrafi xəritədə məmləkətimizin ən hündür yüksəklikləri kimi əks olunan zirvələrdə qərarlaşmış dağ kəndlərinə gedərkən ətrafımızda sarı rəngli boruların da bizimlə birgə davamlı yol aldığını görürük...

2000-2500 metr hündürlükdə olan yaşayış məntəqələrinə doğru şəhərdən keyfiyyətli asfalt yol və bu qaz boruları gedir...

Bir anlıq ötən əsrin 90-cı illərinin Naxçıvanının blokadalı həyatı barədə unudulmaz ağrılı faktları yada salıram: işıq və qazın kəsilməsi səbəbindən şəhər, qəsəbə və kəndlərin zülmətə bürünməsi, amansız şaxtada qızınmaq üçün həyətdəki sonuncu ağacların baltalanması, nəinki işdə, məktəbdə, hətta mənzillərdə belə insaların paltoda yaşaması...

Amma indi mənfi 20 dərəcə şaxtada Naxçıvanın ən ucqar kəndlərinin ən yüksəklikdəki evlərində olarkən mənzildəki müsbət 30 dərəcəlik isti ilə qonaqpərvərliyin hərarətinə birgə qızınırıq...

Bu sarı borular yalnız muxtar respublikanın 100 faiz (!) qazlaşdırılmasının isbatı deyil, zənnimcə, elə Yeni Naxçıvanın inkişafının, rifahının, rahatlaşan və firavanlaşan həyatının canlı abidəsidir, möhtəşəm rəmzidir... 

Ucqar coğrafi məkan milli yüksəlişin mərkəzinə çevrilir 

“Ucqar” məfhumunun izahı şübhəsiz ki, coğrafi təyinatlıdır. Amma daha çox məcazi mənada işlədirik, geriliyi, ətaləti ifadə edirik...

Naxçıvan coğrafi anlamda, əlbəttə ki, ucqardır, Azərbaycanın cənub-qərb sərhədlərinin keçdiyi son məkanımızdır...

Amma Naxçıvana, hətta coğrafi anlamda belə ucqar deməyə dilimiz gəlmir, bunun haqsızlıq, səhv olduğunu düşünürük...

Muxtar respublikada sosial tərəqqidən iqtisadi yüksəlişə, təhsildən infrastruktura, aqrar sektordan innovasiyalı sənayeyə, bir sözlə, inkişafın bütün sahələri üzrə Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycanın liderlik nümunəsi yaradılıb.

Ucqar coğrafi məkan milli yüksəlişin mərkəzinə çevrilir...

Hər bir ölkənin, vilayətin əsl siması, inkişafın real göstəricisi onun paytaxtı, əsas şəhərləri deyil, məhz əyalətləri, kəndləridir. Əgər tərəqqi, rifah meqopolislərlə məhdudlaşırsa, bunun bölgələrdə əksi yoxdursa, demək, yüksəliş də dar çərçivədədir, həm də dayanıqlı deyil.

Azərbaycanın birmənalı olaraq Qafqazın, çoxsaylı parametrlərdə isə MDB-nin və Şərqi Avropanın lider ölkəsi olduğu həqiqətini onun elə bir bölgəsində - Naxçıvanın timsalında daha aydın görmək olar. Yəni inkişaf yalnız paytaxt Bakıda deyil, müəyyən istiqamətlərdə, hətta onu üstələyən blokadada yaşayan Naxçıvandadır!

Naxçıvanın inkişafının əsl miqyasını, real mənzərəsini də məhz onun kəndlərində gördük. Hələ səfərdən öncə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bizə muxtar respublikanın kəndlərində daha çox olmağı tövsiyə etmişdi: “Əsl Naxçıvan, əsl inkişaf, əsl rifah, əsl quruculuq məhz kəndlərdədir. Avtomobilinizi xəbər etmədən istənilən dağ kəndinə sürdürün, ora ilə, insanlarla tanış olun. Görün oradakı yaşayış səviyyəsi, sosial infrastrukturlar harada var?! Görün Naxçıvan kəndləri dilimizdən düşməyən Avropa kəndlərindən geri qalırmı?! Görün, Prezident İlham Əliyev Naxçıvanda hər kəndin timsalında necə bir cənnət, inkişaf mərkəzi yaradıb. Görün, Ali Məclis Sədri Naxçıvanda kəndlərə necə müasir şəhər siması gətirib. Görün, sadə, zəhmətkeş naxçıvanlılar öz kəndlərini necə sevgi, dəyanət və əzmlə qurub, yaradırlar...”

Həm də filoloq alim olan Bəxtiyar müəllimin hərarətlə, yüksək emosionallıqla söylədiyi bu sözləri iddialı qənaət kimi qarşıladıq. Sözün düzü, bir az da, sanki, şişirtmə təsiri bağışlayırdı. Amma səfər müddətində olduğumuz kəndlərdə heyrətlə, məhz heyrətlə müşahidə etdiyimiz real mənzərə isə Bəxtiyar Əsgərovun, əslində, hələ çox təvazökar olduğunu göstərdi...  

Ailə təsərrüfatları böyük səmərə verir

Nuhun binə saldığı bu müqəddəs məkan hər tərəfdən dağların qoynundadır. Naxçıvanın ərazisi hündür dağlarla əhatələnmiş dərəni xatırladır. 5,5 min km2-lik ərazinin 4,2 min km2-ini, yəni 76 faizini dağlar tutur.

Bu baxımdan, Naxçıvan kəndlərinin mütləq əksəriyyəti “dağ kəndləri” kateqoriyasına aid edilir. Ümumilikdə muxtar respublikada 203 kənd və 9 qəsəbə mövcuddur. Əhalinin 65 faizi, yəni 300 minə yaxın insan kəndlərdə məskunlaşıb.

Zəngəzur, Dərələyəz, Saraybulaq sıra dağları boyunca Ermənistanla 246 km-lik sərhəd xətti uzanır və bu hüdudda da xeyli kənd var. Muxtar respublikanın dünənki təcavüzkar, bugünkü məğlub dövlətlə üç tərəfdən həmsərhəd olması onun kənd əhalisi üçün əlavə problem, çətinlik, qayğı yaradır.

Bu baxımdan Naxçıvanda uzun illərdir inkişafın əsas prioriteti kimi kəndlər nəzərə alınır. Müasir Naxçıvan kəndləri qaz, enerji, su təminatı ilə tam təchiz edilən, xəstəxana, ambulatoriya, məktəb və digər zəruri infrastrukturu olan, hətta məhəllələrarası yolları belə asfaltlanan, alternativ enerji mənbələrindən istifadə edən, dövlət subsidiyaları və yardımı ilə zəhməti hesabına təsərrüfatının bərəkətini ildən-ilə artıran, məhsulunu satmaq üçün daim bazarı olan, sakinləri kütləvi şəkildə geri dönən, ən müasir informasiya texnologiyalarından istifadə edən, iş problemi yaşamayan, “smart-ağıllı kənd” modelini mənimsəyən modern yaşayış məntəqələridir.

Naxçıvan yalnız inkişaf dinamikası baxımından deyil, həm də kəndlərinin abadlığına, quruculuğuna, rifahına, müasirliyinə, təminatına görə Azərbaycanda lider, rekordçu bölgədir!

Kəndlərdə evlərin təmiri, dam örtüklərinin dəyişdirilməsi, sosial kommunikasiyaların təmini bütünlüklə muxtar respublikanın rəsmi strukturları tərəfindən icra olunub. Kəndlərin əksəriyyətində hətta tövlələr belə həyətlərdən yığışdırılıb, əhaliyə mərkəzləşdirilmiş qaydada yeni, daha müasir təchizatlı tövlələr verilib. Bu isə sakinlərə həm rahatlıq yaradıb, həm yersiz məsrəflərdən azad edib, həm də heyvandarılığın artımına töhfə verib. Həmsöhbət olduğumuz insanlar bu faktı dönə-dönə böyük nailiyyət kimi qeyd edirdilər.

Onilliklər öncə boşalmış Naxçıvan kəndlərinın indi qışında da qələbəlik olur, artıq kəndlərini tərk edən yoxdur. Ümumiyyətlə, kəndlərdə bütün yaş nəsillərinin təmsilçiləri - uşaqlar, gənclər, qocalar yaşayır.

Əhalinin fəaliyyət yönümü kənd təsərrüfatının ənənəvi sahələri olsa da, burada yeni təşəbbüslər icra olunur, aqrar sektorun müasir innovativ istiqamətləri sınaqdan uğurla çıxarılır. Müstəqillik illərində kənd təsərrüfatı məhsullarının həcmi burada 15 dəfə, ötən il isə 5,3 faiz artıb.

Muxtar respublikada kənd təsərrüfatının inkişafında ailə təsərrüfatlarının da mühüm rolu var. Dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına və inkişafına münbit şərait yaradıb. 5 il öncə Muxtar Respublika Ali Məclisi Sədrinin təşəbbüsü ilə ailə təsərrüfatlarının inkişaf istiqamətləri müəyyən edilib. Hazırda muxtar respublikada mindən çox ixtisaslaşmış iri ailə təsərrüfatı fəaliyyət göstərir. Qeyd edək ki, 2015-ci ilin muxtar respublikada “Kənd təsərrüfatı ili”, 2019-cu ilin isə “Ailə təsərrüfatları ili” elan edilməsi aqrar sahənin inkişafına təkan verən məqsədyönlü addımlardan olub.

Ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ildə 76 ailə təsərrüfatına 1 milyon 221 min 400 manat dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 5000 ədəd 27 çeşiddə qablaşdırma vasitələri ilə təmin olunub. Ən mühüm istiqamətlərdən biri də ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına dövlət dəstəyinin göstərilməsidir. Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal edilən kənd təsərrüfatı məhsullarının sərbəst bazara çıxarılması imkanları insanların bu sahəyə marağını daha da artırıb. Həmçinin mağaza və marketlərdə ailə təsərrüfatı məhsulları üçün yaradılmış xüsusi bölmələr, ictimai iaşə obyektləri, restoranlar, kafelər, hotel və mehmanxanalarda ailə təsərrüfatı məhsullarının satışının təşkili, qapalı tipli müəssisələr, uşaq bağçaları tərəfindən bu məhsulların alınması, “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi ailə təsərrüfatlarının inkişaf etdirilməsi sahəsində atılan əhəmiyyətli addımlardandır.  

Dağ kəndlərinin məktəbləri milli təhsilin uğur bayraqdarlarıdır

Naxçıvan kəndləri üçün spesefik bir infrastruktur da mövcuddur. Kənd mərkəzi adlanan bina, adətən, üçmərtəbəli olur, kənd icra nümayəndəsindən bələdiyyə üzvlərinə, statistikadan baytarlıq məntəqəsinədək, rabitə evindən arxivə qədər bütün vacib qurumlar burada fəaliyyət göstərir. Kiçik və mobil “ASAN xidmət” modelinin unikallığı odur ki, əhali onu narahat edən problemləri müvafiq qurumların koordinasyialı yanaşması nəticəsində operativ həll etməyə imkan tapır.

Məsələn, Şahbuz rayonunun Ağbulaq kəndində olarkən, bu prosesin necə effektiv işlədiyinə şahid olduq. Ermənistanın Qarakilsə (Sisyan) rayonu ilə həmsərhəd olan, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Dərələyəz və Zəngəzur dağ silsilələri arasında yerləşən bu gözəl dağ kəndində 8 ildir istifadəyə verilən kənd mərkəzində ünsiyyətdə olduğumuz sakinlər yaradılan şəraitdən çox məmnun idilər. Yuxarıda xatırlatdığımız mərkəzləşdirilmiş tövlələrlə bağlı xüsusi razılıq edən sakinlərlə kəndi bir az dolaşırıq. Məhəllələr arası yolların belə yüksək keyfiyyətlə asfaltlanması bizi yaxşı mənada təəccübləndirir. 100 təsərrüfatın olduğu və 395 nəfərin yaşadığı Ağbulaq kəndində işsiz adamın olmadığı deyildi. Əsas fəaliyyət sahələri heyvandarlıq, arıçılıq, bağçılıq, turizm olan kənddə bir neçə il əvvələ qədər 20-yə qədər ev boş imiş, amma son illər sakinlərinin hamısı Ağbulağa qayıdıb.

Kənddə müasir tələblərə cavab verən məktəb binası, kənd və xidmət mərkəzləri, yeni yol, eləcə də Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilib. 2018-ci ilin aprel ayından kənddə abadlıq işlərinə başlanılıb, evlər və yardıı binaların, elektrik, rabitə və qaz təchizatı sistemi yenidən qurulub. Bu il isə günəş istilik panelləri veriləcək. Ambulator mərkəz də insanların sağlamlığının keşiyində dayanıb.

“Ağıllı kənd” konseptində fəaliyyət göstərən Ağbulaq ərazisində Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb və bununla da quruculuğun, inkişafın yeni mərhələsi başlayıb. Yeni fəaliyyətə başlayan Ağbulaq İstirahət və Xizək Mərkəzi isə Şahdağdakı istirahət kompleksi ilə yarışacaq səviyyədə potensialdadır.

Ordubad rayon Vələver, Başkənd və Qoruqlar kəndlərini birləşdirən Vələver kənd İnzibati Ərazi Dairəsində, həmçinin Dırnıs və Vənənd kəndlərində oluruq. 3 mərtəbəli kənd mərkəzləri, 3 mərtəbəli məktəblər, ambulatoriyalar, xidmət mərkəzləri, mədəniyyət evləri, kitabxanalar, rabitə evləri və digər infrastrukturlar, hər addımda müasir abadlıq, quruculuq izləri, asfaltlanmış yollar insanı valeh edir. Bu qədim kəndlərdə tarixiliklə müasirliyin uğurlu harmoniyası, sıx vəhdəti təmin olunub.

Ötən yazımızda Naxçıvan təhsilinin uğurları ilə bağlı faktları sadalayarkən, Ordubad təhsilinin nailiyyətlərinə xüsusi toxunmuşduq. 2020-ci ildə I və II mərhələ üzrə buraxılış imtahanlarında bölgələr üzrə ən yaxşı təhsil göstəricisi məhz Ordubada məxsus idi. Yəni dağ rayonu olan Ordubadın məktəbləri bütün Azərbaycan üzrə lider mövqedə olublar! Ucqar bölgə sayılan Ordubadın şagirdləri Azərbaycan təhsilinin favoriti, avanqardı, bayraqdarı olublar!

 Bu şanlı ənənələrin daşıyıcısı və yaradıcısı olan şagirdlərlə, müəllimlərlə görüşdük. Qazandıqları uğurla kifayətlənmək niyyətində deyillər, nailiyyət bayrağını daim daşımağa iddialıdırlar! Bu iddialarını təmin etməyə isə təcrübələri, bacarıqları, iradələri və məsuliyyətləri var!

Hər məktəbin kitabxanasında 10 mindən artıq kitab var ki, onların yarısı da bədii ədəbiyyatdır, özü də buralar şagirdlərin sevimli məkanıdır. STEAM kabinetləri, biologiya, kimya, fizika laboratoriyaları, kompüter otaqları, elektron lövhəli siniflər, şahmat sinifləri, idman zalları, açıq idman qurğuları, fərdi qazanxana və digər ən müasir təhsil vasitələri ilə təmin olunan məktəblərin müəllim və şagirdləri bu qayğının, etimadın nəticəsini layiqincə doğruldurlar.         

Etimada sədaqətlə

Vənənd kəndində 3 mərtəbəli musiqi məktəbini görəndə isə növbəti dəfə heyrətləndik.

Dağ kəndi və 3 mərtəbəli musiqi məktəbi!..

34 sinif otağı, konsert zalı, musiqi ədəbiyyatı və oxunması zəruri olan kitablarla təmin edilmiş kitabxana, musiqi alətlərinin təmiri otağı olan binada 3 növbəli musiqi dərsi keçilir! Yəni tələbat böyükdür!

Öyrənirik ki, Naxçıvan kəndlərində belə möhtəşəm musiqi məktəblərinin sayı çoxdur və hər biri də gərgin iş qrafikinə malikdir. Unutmayaq, valideyn övladına, adətən, o zaman musiqi təhsili verər ki, ailəsini yaxşı təmin edib, rahat və firavan həyat qurub, qayğıları azalıb və indi uşaqlarının asudə vaxtının daha səmərəli keçməsini düşünür ...

Klassik musiqi ilə muğamın, sazla tarın, qarmonla fortepianonın sədası bir-birinə qarışaraq dağlarda əks-səda verir...

Dağların o üzü isə düşməndir...

Orada kəndlər tam boşalıb, rayon mərkəzində isə səfalət, durğunluq, tənəzzül hökm sürür, insanlar evlərini kütləvi şəkildə tərk edir...

Dağın biz tərəfində isə rayon mərkəzlərini bir kənara qoyaq, hətta kəndlər belə qəsəbə, şəhər timsalında tikilir, qurulur, abadlaşır, insanlar yurdlarına qayıdır...

Bu dağlar yalnız Azərbaycanla Ermənistanı, Naxçıvanla qədim oğuz yurdlarını ayırmır, həm də intibahla böhranın, rifahla səfalətin, Zəfərlə təslimçiliyin, şən musiqi ilə mətam avazının sərhəddir!

Prezident İlham Əliyev Naxçıvanın kəndlərini məhz düşmənə gözdağı kimi inkişafın zirvələrinə ucaldır, qurur, cənnətə çevirir!

Muxtar respublika rəhbərliyi də Prezident fədakarlığını davam etdirərək yüksək məsuliyyət və tələbkarlıqla kəndlərə tərəqqi gətirir, abadlaşdırır, Naxçıvanda “Avropa kəndi” konseptini uğurla tətbiq edir!

Ancaq ən böyük qəhrəmanlar bu diyarın sadə insanlarıdır, zəhmətkeş naxçıvanlılardır! Blokadanın məhrumiyyətlərini, acınacaqlı, böhranlı illərini mətinliklə, ləyaqətlə yaşadılar, sınmadılar, gileylənmədilər...

Ulu Öndərə və Prezident İlham Əliyevə böyük sədaqətlə bu yurdu yaşatdılar, çətinliklə yenidən qurdular, əziyyətlə tərəqqi yoluna çıxartdılar, indi isə nailiyyətin bəhrəsini şükranlıqla yaşayırlar...

Naxçıvan Ulu Öndər Heydər Əliyevin arzuladığı, planlaşdırdığı kimi böyük yüksəliş dövrünə qədəm qoyub...

Qədim Naxçıvanın Prezident İlham Əliyevin müəllifliyi ilə yeni inkişaf dastanı yazılır...

Prezident himayəsi və qayğısı ilə muxtar respublika rəhbərliyinin məqsədyönlü düzgün fəaliyyəti nəticəsində zəhmətkeş naxçıvanlılar öz yurdlarını Qafqazın ən güclü quruculuq və abadlıq diyarına çevirirlər...

Yeni Naxçıvanın uğur formulu da elə budur...

Etimada sədaqətlə...

           

İxtiyar HÜSEYNLİ,

“Azərbaycan”

Bakı-Naxçıvan-Bakı

Nəşr edilib : 14.02.2022 10:42