AZ EN RU

Naxçıvanda imzalanan memorandumla bağlı açıqlama verilib

Bu gün Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə əldə etdiyimiz razılığa əsasən Naxçıvanda içməli və texniki su qıtlığının aradan qaldırılması istiqamətində kəşfiyyat-axtarış işlərinə başlayırıq. Bu prosesin müddəti 60 gündür. Bütün işləri təmənnasız olaraq həyata keçirəcəyik. İlkin olaraq su ehtiyyatları hesablanacaq, daha sonra hidrogeoloji rejimin tapılması, hidrogeoloji modelin qurulması üçün tədqiqat işləri aparılacaq.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində “Qalf Drillinq Saplay FZE” şirkətinin Azərbaycandakı filialının prezidenti Şaiq Bəkirov  söyləyib.

O deyib: “Qeyd etdiyim iki ay müddəti ancaq kəşfiyyat-tədqiqat prosesinə həsr olunacaq. Məhz bundan sonra biz nə qədər quyunun qazılacağını, kəşf olunacaq Naxçıvanın tələbatını hansı həcmdə ödəyəcəyini, daha hansı istiqamətdə bu işləri davam etdirməyin faydası olacağını müəyyən edəcəyik. Hələlik memorandium ilkin mərhələdə bu işlərin görülməsini əsaslandırır”

Şaiq Bəkirov bildirib ki, kəşfiyyat-tədqiqat işlərindən sonra isə əməliyyatlar başlayacaq: -İkinci mərhələdə görüləcək işlər şəbəkədə yerləşən quyuların qazılması və müəyyən boru xətləri ilə suyun lazım olan bölgələrə çatdırılmasından ibarətdir. Bu artıq layihənin tamamlanması deməkdir. İnanırıq ki, bütün işləri keyfiyyətlə, vaxtında həyata keçirməyə müvəffəq olacağıq.

Qeyd edək ki, aprelin 18-də Naxçıvan Muxtar Respublikası ərazisində hidrogeoloji işlərin aparılması, yeraltı suların dayanıqlığını, kimyəvi tərkibini, ekoloji vəziyyətə təsirinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı “Qalf Drilling Saplay FZE” şirkəti ilə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti arasında memorandum imzalanıb.  

Nail ƏSGƏROV

Nəşr edilib : 18.04.2024 15:56