AZ EN RU

Naxçıvanda imtahanda yüksək bal toplayan gənc cütlüyü yaxından tanıyaq

Yəqin ki, siz də bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasında ölkə üzrə keçirilən müəllimlərin işə qəbul imtahanında həyat yoldaşı olan namizədlərin yüksək nəticə əldə etməsindən xəbərdarsınız. “Şərq qapısı” qəzeti olaraq bu cütlüyü daha yaxından tanımaq qərarına gəldik.

Cütlüyün evində – səmimi çay süfrəsi arxasında öyrəndik ki, artıq onlar 5 ildir, evlidir və bir qız övladları var.  Ailə başçısı Ələkbər Ağayev Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq fakültəsinin Kimya ixtisası üzrə 2010-2014-cü illərdə bakalavr təhsili alıb. Özü də etiraf edir ki, bu imtahan onun üçün böyük əhəmiyyət kəsb edirdi və bura həvəslə hazırlaşıb: “Yüksək bal toplayacağıma əmin idim. Çünki böyük əzm və iradəmlə hazırlaşırdım. İmtahan müddəti çox diqqətli olmağa çalışdım, bir sualı demək olar ki, dəfələrlə oxudum. Etiraf edim ki, yoldaşımla birgə hazırlaşmaq mənim üçün daha yaxşı oldu. O məndən əvvəl hazırlaşmağa başladığı üçün bilmədiyim mövzularda mənə dəstək oldu. Düşünürəm ki, o mənə dəstək olmasaydı, belə bir nəticə əldə edə bilməzdim. Onu da deyim ki, verdiyimiz bütün qərarlarda qızımızın gələcəyini düşünərək addım atırıq...”

Söhbət zamanı Sura Rüstəmova yoldaşının fikirlərinə qoşulduğunu başı ilə təsdiqləyir. Söhbətimizi onunla davam etdiririk. S.Rüstəmova 2013-2017-ci illərdə Azərbaycan Dillər Universitetində İngilis dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb: “İmtahana hazırlaşmamışdan öncə, əlbəttə ki, müəyyən  çətinliklərimiz oldu.  Buna baxmayaraq, ailələrimiz bizə dəstək oldu, onların bizə olan inamı yüksək nəticə əldə etməyimizdə mühüm rol oynadı. Bu yolda ruhdan düşməməyimin səbəbi hər zaman mənə dəstək olan, çətinliyə düşəndə ilk köməyi aldığım, uzun və çətin yolda bir yerdə addımladığım, imtahanlara birlikdə hazırlaşdığım insan yoldaşım oldu. Onunla, sanki hər hansı bir yarışa hazırlaşırmış kimi bəzən bir-birimizə rəqib  olduq, bəzənsə, çətin sualları birlikdə həll etdik. Ona görə də düşünürəm ki, bu bizim üçün, sözün hər iki mənasında, bir imtahan olmaqla yanaşı, həm də əyləncə idi. Özümüzü təsdiqləyəcəyimiz, övladımıza daha yaxşı bir gələcək verə bilməyimiz üçün bu vacib idi”.

Bu imtahan həm də gənc ailə üçün bir sınaq idi. Cütlük deyir ki, imtahan onların təhsil sahəsində inkişaf etmələrinə səbəb oldu. Bununla yanaşı, Ağayev və Rüstəmova deyir ki, biz həm də bu imtahanda bir-birimizə necə gözəl dəstək dura  biləcəyimizi bir daha gördük. İmtahana növbə ilə hazırlaşırdıq. Əslində, metodikanı mən tam bitirdikdən sonra yoldaşım başladı, beləliklə, bir-birimizi yönləndirə bildik.

Gənc ailənin gələcək arzuları Vətənini, torpağını sevən vətənpərvər şagirdlər yetişdirməkdir. Çünki müəllimlik  onlar üçün şərəfli peşə, gənc cütlüyün əzm və iradəsi onların gələcəkdəki yeni uğurlarının açarıdır.

 

Bülbül QULİYEVA

Nəşr edilib : 18.07.2024 09:58