AZ EN RU

Naxçıvanda ilklərin yaşandığı səhiyyə ocağı: “Naxçıvan” özəl tibb mərkəzi

Yaxın günlərdə yolum Naxçıvan şəhər Yusif Məmmədəliyev küçəsindən düşmüşdü təsadüfən diqqətimi bir reklam panosu çəkir. Naxçıvanda bir ilk: saç və qaş əkimi aparılır yazılan lövhədə qeyd edilən ünvana gedirəm. Öyrənirəm ki, burada yeni bir tibb mərkəzi fəaliyyətə başlayıb.  “Naxçıvan” özəl tibb mərkəzinin direktoru Ayxan Mehdiyevlə həmsöhbət olduğumuzda bildirdi ki, mərkəz  uzun illər fəaliyyət göstərən “Şəfa” xəstəxanasının binasında yenidənqurma işləri aparıldıqdan sonra fəaliyyətə başlayıb. Komanda şəklində fəaliyyət göstərən tibb işçiləri  fəaliyyətə başlamaqlarından az vaxt keçməsinə baxmayaraq, yaxşı nəticələr də əldə ediblər. Mərkəzdə hər bir şəraitə malik olan, müasir aparatlarla təchiz edilmiş laboratoriya da fəaliyyət göstərir. Burada kiçikhəcmli plastik əməliyyatlar da aparılır. Direktor xüsusilə vurğulayır ki, Naxçıvan Muxtar Respublikasında bir ilki həyata keçirdikləri üçün sevinclidirlər.

Mərkəzin baş həkimi Bəhram Mehdiyev gənc olmasına baxmayaraq, öz üzərində daim işləyir tibbi yenilikləri öyrənir. O, Azərbaycan Tibb universiteti bitirib. Həkim terapeftdir. Qardaş Türkiyədə saç, qaş əkimi üzrə xüsusi kurs keçib. Həkim deyir ki, hər birimiz gözəl saçların sahibi olmaq istəyirik, amma çoxumuz saç tökülmə problemi ilə üzləşirik. Saç folliküllarının tökülmələri müxtəlif səbəblərdən ola bilər. Mərkəzdə saç tökülmələrinin də qarşısının alınması üçün müalicələr aparılır. Fue üsulu ilə saç, qələm üsulu ilə qaş əkimi aparılır. Müsahibim bildirir ki, insanların müəyyən səbəbdən saçları, qaşları tökülür. Bəzən yaş, bəzən irsi, bəzən isə müəyyən xəstəliklər səbəbindən belə bir mənzərə ilə qarşı-qarşıya gələn insanlar, ən çox da xanımlar bunu böyük bir problem kimi qarşılayırlar. Amma müasir dövrümüzdə buna da əlac tapılıb. Saç əkimi çox sadə və asan üsulla aparılır. Xəstələrimiz bir neçə aya istədikləri görkəmə qovuşur.

Hər cür müasir tibbi avadanlıqla təchiz edilən laboratoriyanın həkimi Seyran Hüseyinli İstanbul şəhərində ixtisası üzrə uzmanlıq təhsil alır. Gülər üzü, səmimiliyi ilə insanın ürəyinə sakitlik gətirən gənc xanım qeyd edir ki, xəstələrin qan analizləri burada, lazım olan halda isə Bakı şəhərində və ya Türkiyə respublikasındakı xəstəxanalara göndərilməklə aparılır. Düzgün analizin xəstəliklərin müalicəsində əsas rol oynadığını deyən həkim bildirdi ki, çalışırlar ki, qan analizlərin nəticələri dəqiq aparılsın. Bunun üçün mərkəzdə hər bir şərait var.

Burada olarkən Bəhram və Ayxan bəyin anası, laborant-həkim Bəyim xanımla da tanış oluruq. O, qədim müalicə üsulu olan zəli qoyma və hicama ilə xəstələri müalicə edir. Bəyim xanım bu üsul barədə məlumat verdi. Bildirdi ki, zəli vasitəsilə müxtəlif xəstəliklərin müalicə edilməsi qədim zamanlardan başlayıb. Təbabətdə onu “hirudoterapiya” adlandırırlar. Əslində, zəli ilə müalicə təkcə xəstələr üçün deyil, sağlam olanlar üçün də çox faydalıdır, çünki daxili orqanlar yaxşı qidalanır və damarlarda elastiklik yaranır. Zəli qoyulması alsheymer, skleroz kimi xəstəliklərin, həmçinin beyin damarlarının spazmının qarşısını alır, beyin qan dövranını yaxşılaşdırır, hafizəni və diqqəti itiləşdirir, xüsusən boyun osteoxondrozu, ümumiyyətlə, onurğa sütununun bütün hissələrinin osteoxondrozunda onun qədər yaxşı təsir edən ikinci vasitə yoxdur. Zobun istər düyünlü, istərsə də diffuz, yəni yayılmış formalarının müalicəsində zəli müalicəsi çox yaxşı təsir göstərir, düyün ətraflarına qoyulmuş zəlilər az bir zamanda şişin kiçilməsinə səbəb olur. Həmin müalicə formasından istifadə edənlərin qanı normadan artıq laxtalanmır, tromblaşmır və ürəyin işemik xəstəlikləri – miokard infarktı, stenokardiya, və ateroskleroz baş vermir. Zəlinin ağız suyundakı fermentlər antioksidantlardır, buna görə də şiş xəstəliyinin qarşısını almaq və əmələ gələn şişləri müalicə etmək üçün ondan mütləq istifadə olunmalıdır. Zəli ilə müalicə olunanlar infarkt və insult xəstəliyinə tutulmurlar, – deyən Bəyim xanım qeyd edir ki, bəzi xəstələr zəlinin faydalarını öyrənəndən sonra 3-5 ədəd zəli qoydurur və nəticə əldə etmirlər. Bu, qətiyyən düzgün deyil, çünki zəlini mütəxəssis təyin etməli və onun qoyulması sistemli şəkildə aparılmalıdır.

Naxçıvan özəl tibb mərkəzində olarkən bir neçə sakinlə də həmsöhbət olduq. Şərur rayon sakini Mələk Hüseynova iki ilə yaxındır ki, onkoloji xəstəlikdən əziyyət çəkir. O dedi ki, çox vaxt onkomarkerləri yoxlatmaq üçün ya Bakı şəhərinə, ya da ki, qardaş Türkiyəyə getməli olurdu. Amma bir neçə aydır ki, Naxçıvan şəhərində yerləşən bu xəstəxanada qanı analiz edilir. Sağ olsun, Seyran qızım lazım olanda qanı Bakı şəhərinə də göndərir. Müayinə edən həkim də Bakıda yaşadığı üçün lap yaxşı olur. Qiymətlər də münasibdir. Çoxumuz yaxşı bilirik ki, hər ay Naxçıvandan başqa yerlərə üz tutmaq həm insanı yorur, həm də maddi cəhətdən çətindir. Sağ olsun dövlətimiz, şərait yaradıb gənclərimiz həvəslə işləyir.

Naxçıvan şəhər sakini Şəbnəm xanım ağır bir xəstəlikdən əziyyət çəkib. Keçirdiyi ağır xəstəlik saçlarının və qaşlarının tökülməsinə səbəb olub. İlk vaxtlar çox narahatlıq keçirib, saç əkim mütəxəssisi olan Bəhram həkimlə tanış olandan və müayinə edildikdən sonra qərara gəlib ki, müalicəsini bu gənc həkimə həvalə etsin. Və çox gözəl nəticə əldə edib. Aradan bir neçə ay keçəndən sonra əvvəlki görkəminə qovuşub və çox xoşbəxtdir.

Bu gün burada xəstəliyinə çarə axtaran insanları və onlara çarə olmaq istəyən gənc həkimləri görəndə ürəyim fərəh hissi ilə dolub daşdı. Xəstəxananı həvəslə idarə edən direktor Ayxan Mehdiyev “Naxçıvan” özəl xəstəxanasında ilklərə imza atdıqlarından, Bəhram həkim yenə də təkmilləşdirmə kurslarına gedib işini daha da gözəl görmək istəyindən, Seyran xanım isə laboratoriyaya yeni, daha fərqli analizləri aparmaq üçün lazım olan aparatları gətirmək istədiyindən həvəslə danışır. Onlarla həmsöhbət olduqdan, xəstəxananın təmiz, səliqəli, müasir avadanlıqlarla təchiz edilən otaqlarını gördükdən sonra illər əvvələ qayıdır düşüncələrim: hamının “Köhnə Şəfa ”dediyi xəstəxananı xatırlayıram. Köhnə yararsız bir bina və qaranlıq otaqlarda sovetlərdən qalma avadanlıqlarla doldurulan otaqları, çoxlu pul qarşılığına gördüyümüz natəmiz xidməti xatırlayıram qeyri ixtiyarı.  Bu gün isə qarşımızda başqa bir mənzərə var iki təhsilli, gənc qardaşın  səyi ilə ərsəyə gələn gözəl şəraitli xəstəxana.

 Prezident cənab İlham Əliyevin yaxın günlərdə təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında əhalinin daha da keyfiyyətli tibb xidmətlərinə çıxışının yaxşılaşdırılması üçün Naxçıvanda yeni özəl tibb müəssisələrinin də açılması nəzərdə tutulub. Ümid edirik ki, yaradılan şəraitdən istifadə edən digər gənclərimiz də belə nümunəvi tibb müəssisələri yaradacaqlar.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 16.06.2023 15:10