AZ EN RU

Naxçıvanda ilk dəfə vergi könüllüləri fəaliyyət göstərəcək

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq, ilk dəfə könüllü gənclər Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergiödəyicilərinə xidmət mərkəzində fəaliyyətə başlayacaqlar.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən xidmətin rəisi Abbas İsmayılovun sözlərinə görə, layihənin daha bir məqsədi gənc kadrların vergi orqanlarında təcrübə toplamasına və gələcəkdə bu sahədə işləmək arzularını reallaşdıra bilmələrinə kömək etməkdir.

Könüllülər xidmət mərkəzində vətəndaşların qarşılanması, növbə aparatlarından istifadə qaydalarının izah olunması, mövcud xidmətlər barədə məlumatların verilməsi, əlillərin daha asan xidmət almasına dəstək və onlara qayğı göstərilməsi, ərizələrin doldurulmasına kömək göstərilməsi, mərkəzdə ən çox müraciət olunan elektron xidmətlərin təmini, vətəndaşların məmnunluğunun öyrənilməsi və digər zəruri sorğuların keçirilməsi ilə məşğul olacaqlar. Bunun üçün onlar öncədən təlimatlandırılacaqlar. İki ay müddətinə bağlanmış müqavilə əsasında fəaliyyət göstərəcək könüllülərin işinin sonda qiymətləndirilməsi və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulub. Gələcəkdə Şərur, Babək və Ordubad şəhərlərində istifadəyə veriləcək xidmət mərkəzlərində də belə bir fəaliyyətin təşkil olunması nəzərdə tutulur.

Qeyd olunub ki, Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergiödəyicilərinə xidmət mərkəzində könüllü kimi çalışmaq üçün ilkin mərhələdə muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla əlaqədar 13.07.2023-cü il tarixdə elan olunmuş müsabiqədə iştirak etmiş şəxslər arasından 4 gənc seçilib.

Nəşr edilib : 22.11.2023 13:51