AZ EN RU

Naxçıvanda ilk dəfə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans iyunun 11-də muxtar respublikada keçiriləcək ilk “STEAM təhsil” festivalına həsr olunub. 
    “Naxçıvan” Universitetində keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü Emin Məmmədov çıxış edib. Bildirilib ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir, burada müasir elm infrastrukturu yaradılır, elmi kadrların hazırlanması məsələsi diqqətdə saxlanılır. 

    Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının Mükafatlar Komissiyasının, 2014-cü il   4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, 2019-cu il  7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmi tərəqqi, müasir elmi nəticələrin əldə olunması, gənc alimlərin formalaşması, təhsilin inkişafı istiqamətində yeni mərhələ təşkil etməyə başlayıb. 
    Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamına əsasən ixtisasların aid təşkilatlara hamiliyə verilməsi, ümumilikdə, təhsil sahəsində yeni islahatların tətbiqinin əsasını qoyub. Bu Sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələr genişlənib, iqtisadi cəhətdən dayanıqlı əmək bazarı formalaşdırılıb, gənclər tərəfindən irəli sürüləcək yeni startaplar üçün münbit zəmin yaradılıb. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrində layihələrin hazırlanmasına dəstək verən innovasiya laboratoriyaları yaradılıb, hami təşkilatlarla birgə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. 
    Emin Məmmədov bildirib ki, məktəblərdə tədrisin müasir tələblər əsasında qurulması, o cümlədən STEAM təhsil metodunun həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən mütərəqqi təhsil metodu kimi əhəmiyyətini nəzərə alaraq ümumtəhsil məktəblərində STEAM kabinələri yaradılıb, yeni avadanlıq və qurğularla təmin olunub, STEAM təhsili ilə bağlı nəşrlər hazırlanıb. Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. 
    Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü Rəhman Məmmədov muxtar respublikada STEAM təhsilində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, tədris ili ərzində ümumtəhsil məktəblərinin şagirdlərinin STEAM layihələri üzrə 7 müsabiqə keçirilib. Görülən işlərin nəticəsi olaraq muxtar respublika şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “STEAM Azərbaycan Festivalı – 2021” və “TEKNOFEST – Azərbaycan” festivalında iştirak edərək uğurlu nəticələr əldə ediblər.
    Nazir qeyd edib ki, iyunun 11-də Naxçıvanda ilk dəfə “STEAM təhsil” festivalı keçiriləcək. STEAM təhsilinin muxtar respublikada qısa müddətdə tətbiq edilməsinə baxmayaraq, festivalda 640 şagird 204 layihə, 84 tələbə isə 58 layihə ilə iştirak edəcək. Bu festival tədris ili ərzində STEAM təhsili sahəsində görülən işlərin yekunu, həm də elmi, texnologiyanı sevən şagirdlərə, tələbələrə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq. 
    Vurğulanıb ki, bugünkü konfransın keçirilməsinin məqsədi ölkəmizdə və o cümlədən muxtar respublikamızda ümumi və ali təhsildə tətbiq edilən STEAM təhsilinin elmi-nəzəri və praktik cəhətdən əhəmiyyətini müzakirə etmək, gələcək perspektivlər haqqında yeni yanaşmaları müəyyənləşdirmək, əldə olunan biliklərin səmərəli tətbiqinin nəticələrini təhlil etməkdir. 100-dək məqalənin təqdim olunması onu deməyə əsas verir ki, ilk dəfə keçirilməsinə baxmayaraq, konfrans böyük marağa səbəb olub.
    Rəhman Məmmədov “STEAM təhsili: reallıqlar və perspektivlər” beynəlxalq elmi-praktik konfransın keçirilməsinə və STEAM təhsil metodunun tətbiqi üçün yaratdığı şəraitə görə konfrans iştirakçıları və muxtar respublikanın təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
     Türkiyə STEAM Təhsil Tətbiqi və Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru Devrim Ağgündüz və Astronomiya Tətbiqi Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru Orxan Gölbaşı konfransda çıxış ediblər. Bildiriblər ki, dünya təhsil sistemində STEAM metodları mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. Məqsəd şagirdlərin düşüncə qabiliyyətini inkişaf etdirmək və əldə olunan biliklərin səmərəli tətbiqinə nail olmaqdır. ABŞ, Sinqapur, İsrail, Türkiyə və bir çox ölkələrdə xüsusi STEAM məktəbləri, STEAM mərkəzləri fəaliyyət göstərir.
    İsrail ORT Məktəblər şəbəkəsinin tədris idarəetmə rəhbəri, Təhsil Sistemlərində, Təhsil Texnologiyalarında informasiya kommunikasiya texnologiyaları ilə inteqrasiya və tətbiqi üzrə Beynəlxalq təcrübəli mütəxəssis Şaron Qrinberq konfransa onlayn şəkildə qoşularaq İsraildə STEAM-ın inkişafı barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. 
    Sonra Naxçıvan Dövlət Universitetinin rektoru, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü Elbrus İsayevin, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovun və “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyevanın çıxışları dinlənilib. Qeyd edilib ki, bu günün STEAM təhsili gələcəyin mükəmməl dizaynerlərinin, proqramçılarının, texnoloqlarının, müəllimlərinin, həkimlərinin yetişməsinə təkan verən bir təhsildir. Çünki STEAM fənlərarası inteqrasiyaya əsaslanaraq şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirir. STEAM dərslərində şagirdlər özünü ifadəetmə vərdişləri, müzakirəetmə, tənqidi düşünmə və problem həlletmə bacarıqları qazanırlar. Onlar bir neçə fəndən əldə etdikləri bilikləri tətbiqə çevirə bilirlər.
    Konfransın sonunda “STEAM Naxçıvan” layihəsi çərçivəsində görülən işlərlə bağlı hazırlanan videoçarxa baxış olub.
    Konfrans bölmə iclasları ilə davam edib.
    Tədbirdən sonra “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçıları olan türkiyəli mütəxəssislərdən aldığımız müsahibələri oxucularımıza təqdim edirik:

    Devrim Ağgündüz – Türkiyə STEAM Təhsil Tətbiqi və Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru: – Naxçıvanda təhsilə çox böyük önəm verilir. Bu, bir faktdır ki, STEAM təhsili və tədrisi indi dünyada məşhur bir konsepsiyadır. Bu, ölkənizdə, eləcə də Naxçıvanda bir dövlət siyasəti kimi qəbul olunub. Mən bunu 2014-cü ildə Amerika Birləşmiş Ştatlarında da görmüşdüm. Bildiyiniz kimi, STEAM təhsilinin mərkəzi Amerikadır. Biz də orada bir çox universitetləri və STEAM ilə əlaqəli təhsil şöbələrini ziyarət etdik. Harvard, Kolumbiya və bu kimi tanınmış bir çox universitetlərdə olduq, oradakı STEAM şöbələri ilə yaxından tanış olduq, elm mərkəzlərini və Amerikada yeni açılmış STEAM məktəblərini ziyarət etdikdən sonra Türkiyəyə qayıtdıq və Türkiyənin ilk STEAM Təhsil Tətbiqi və Araşdırma Mərkəzini və ilk STEAM laboratoriyasını yaratdıq. Məşhur bir ifadə var: “Gələcəyin liderliyi STEAM çərçivəsində tətbiq edəcəyimiz tədqiqatlara əsaslanır”. Buna görə də dünyanın bir çox lider dövlətlərində bir çox sahələrdə STEAM yanaşması tətbiq edilir. Ümumiyyətlə, STEAM yanaşması bir dövlət siyasəti kimi dəyərləndirilsə, müəllimlər bu sahədə mütəxəssis kimi yetişdirilsə, şagirdlərin bu sahəni tətbiq edərək öyrənmələrinə şərait yaradılsa, o zaman gələcəyin lider ölkələri arasında biz də yer alarıq. Sevindirici haldır ki, bu gün bu tətbiqə Naxçıvanda dövlət siyasətinin bir hissəsi kimi yanaşılır. Elə buna görə də ümidvarıq ki, bu sahədə Naxçıvan böyük uğurlar əldə edəcək. Naxçıvanda məktəblilərin bir-birindən maraqlı STEAM layihələri əsasında keçiriləcək “STEAM” təhsil festivalı bu sahədə gənc nəslin istedad və bacarıqlarının, intellektual potensialının təkmilləşməsində mühüm rol oynayacaq.

    Orxan Gölbaşı – Astronomiya Tətbiqi Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru: – Sözün düzü, Naxçıvanda STEAM təhsili ilə bağlı keçirilən bu konfransın belə yüksək səviyyədə olacağını gözləmirdik. Ümumiyyətlə, STEAM tədrisi və tətbiqinə burada belə böyük önəm verildiyini düşünmürdük. Lakin burada, hətta kənd məktəblərində belə STEAM kabinələri yaradıldığını öyrəndikdə heyrətləndik. Bu, həqiqətən də, təhsilə verilən böyük dəyərdir. Naxçıvanda STEAM tətbiqinin artıq dövlət siyasətinə çevrilməsi yaxın gələcəkdə bu diyarın bu sahədə yüksək nəticələr əldə edəcəyinin göstəricisidir. Çox arzusundayıq ki, bizim ölkədə də STEAM tədrisi dövlət siyasətinin bir hissəsi olaraq nəzərə alınsın. 
    Belə qənaətə gəldik ki, gələcəkdə bu sahəyə həvəsi olan şagirdlər intellektli və STEAM üzrə yüksək mütəxəssis kimi yetişdiriləcək. Bu əzmi burada gördük. Konfransda STEAM ilə bağlı vidyoçarxdan aydın oldu ki, STEAM tədrisi Naxçıvanda texnoloji cəhətdən yüksək nəticə əldə edib. Bu sizin üçün, doğrudan da, qürurvericidir. Onu da deyim ki, Türkiyədə universitetdə bizimlə birlikdə çalışan azərbaycanlı əməkdaşlar var. Onların fizika və riyaziyyat təhsilləri, doğrudan da, çox mükəmməldir. Riyaziyyatın əsas elm sahəsi kimi tədris olunmasına görədir ki, burada təhsil alanların riyazi bilikləri yüksək səviyyədədir. Təməl elmlərin yaxşı tədris edildiyi bir yerdə STEAM-ın geniş tətbiqinin və yüksək nəticə verməməsi mümkün deyil. Biz bu sahədə Naxçıvanın yüksək nailiyyətlər əldə edəcəyinə inanırıq, STEAM ilə bağlı hazırlanan layihələrdə STEAM Təhsil Tətbiqi və Araşdırma Mərkəzi olaraq hər cür dəstək verməyə hazırıq. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 10.06.2022 17:51