AZ EN RU

Naxçıvanda ilk dəfə orqanik gübrələrdən istifadə olunur

Orqanik gübrələrdən istifadə Naxçıvan üçün yenilikdir. Biz çalışırıq ki, təşviq daha da çoxalsın. Kəndlilər, istehsalçılar tərəfindən orqanik gübrədən istifadəyə maraq yönəldilsin. Bunun bir neçə səbəbi vardır. Bildiyimiz kimi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda orqanik kənd təsərrüfatı məhsulları istehsalının artırılması nəzərdə tutulub. Və bu baxımdan Naxçıvanda ekoloji mühit çox yaxşıdır. Burada ətraf mühitin qorunmasına nail olunub. Ümumiyyətlə təhlil aparanda görürük ki, Naxçıvan Muxtar Respublikasına uzun illər ərzində kimyəvi maddələr, pestisidlər o qədər də çox daxil olmayıb. Və bunun özü də bir müsbət göstəricidir. Bu səbəbdən torpaqlar münbitdir. Yəni, ərazilər zəhərli, kimyəvi maddələrlə çirklənməyib.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova söyləyib.

O bildirib ki, kimyəvi gübrələr, pestisidlər daha çox və yalnış istifadə olunduqda torpaqda qalıq miqdarı yaradır. Beləliklə torpaqda bloklanma əmələ gəlir. Və bütün bunlar qida mühitinin yaradılmasına imkan vermir. Belə ki, bitki kökləri vasitəsilə torpaqdan qida maddələrini rahat şəkildə əldə edə bilmir, su keçiricilik çətin olur. Həmçinin kimyəvi maddələr düzgün istifadə edilmədikdə həm ətraf mühiti çirkləndirir, eyni zamanda məhsulların tərkibində qalıq yaradaraq hər hansı zəhərlənməyə belə yol aça, yaxud da digər təhlükəli xəstəliyə səbəb ola bilər. Orqanik məhsul, gübrə və digər belə maddələrdən istifadə isə heç bir çirklənmə, torpaqda, məhsulda qalıcılıq yaratmır, insan orqanizminə xeyirli olacaq məhsulların yetişdirilməsinə səbəb olur.  

Nazir müavini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritetlərin icrasına toxunaraq deyib: “Bildiyimiz ki, Dövlət Proqramına əsasən muxtar respublikada “Orqanik Naxçıvan” publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterin yaradılması nəzərdə tutulur. Bu məqsədlə Kəngərli rayonunun Böyükdüz massivində ilkin olaraq 2069 hektar ərazi seçilib. Hazırda ərazidə tender yolu ilə layihələndirmə işləri aparılır. Orada həm iribuynuzlu heyvanlara dair istehsal yerləri, həm də quşçuluq təsərrüfatının yaradılması nəzərdə tutulub. Bundan başqa həmin ərazidə ət kəsimi, ət qablaşdırılması emalı müəssisələri, konservləşdirilmiş bitkiçilik məhsullarının istehsalı yerləri olacaq. Həmçinin aqroparkda tır, texnika parkları, logistik xidmətlər, zərərsizləşdirmə məntəqələri və kiçik laboratoriyanın yaradılması planlaşdırılıb”

Xəyalə Dadaşova vurğulayıb ki, Azərbaycan Respublikası Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyaya, o cümlədən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına üzv seçilib, yəni üzərinə öhdəlik götürüb. Eyni zamanda ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına da qoşulub. Həmin təşkilatlara üzv olan hər ölkə öhdəlik daşıyır ki, öz ərazisindən digər əraziyə keçən məhsulların da sağlamlığına cavab versin. Bu baxımdan Naxçıvanda yaradılacaq Aqroparkda istehsal, emal olunacaq, daşınacaq məhsullar həmin konvensiyanın, təşkilatların standartlarına cavab verəcək. O standartlardan biri də İSPM 15-dir. İSPM 15 məhsulların zərərsizləşdirilməsi, fumiqasiya tədbirlərinin həyata keçirilməsidir. Bu kimi məsələlərin də həmin Aqroparkda tənzimlənməsi nəzərdə tutulub. Buna həm nəqliyyat vasitələrinin dezinfeksiya olması, həm də məhsulların zərərsizləşdirilməsi aiddir. Bunlar tullantı məhsullarından fərqli bir zərərsizləşdirmə sistemidir.  Həmçinin həmin ərazidə gələcəkdə çoxillik bitkilərin əkilməsi, bağların salınması da nəzərdə tutulur.

“Aqroparkda layihələndirmə başa çatanadək torpaqların boş qalmaması üçün ilkin olaraq birillik bitkilərin əkini həyata keçirilir. Hazırda o ərazinin 720 hektarında buğda və arpa əkini aparılıb. Bu xüsusilə toxumluğa yönələcək. Bildiyimiz kimi, Dövlət Proqramında toxumçuluğun inkişaf etdirilməsi də nəzərdə tutulub. Və bu məqsədlə toxumçuluq emalı müəssisəsi alınaraq Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə verilib. Həmin müəssisənin fəaliyyətinin təmin olunması üçün biz ilkin olaraq orqanik toxumçuluqdan başlayırıq. Əkilən arpa və buğda dediyim kimi, məhz toxumçuluğa yönələcək. Bu məqsədlə də həmin ərazidə əkin zamanı orqanik gübrədən istifadə edilib. Onu da qeyd edim ki, Kəngərli rayonunun digər bir hissəsində 200 hektar sahədə də orqanik gübrədən istifadə olunub. Yaxın günlərdə həmin Aqroparkın ərazisində Naxçıvanda ilk dəfə olaraq yeni bir bitkinin-Maralfalfanın əkinini həyata keçirəcəyik. Pilot layihə olacaq. Həmin bitkini quraqlıq, şoran şəraitdə yetişdirmək mümkündür, təsərrüfat əhəmiyyəti böyükdür, yaxşı məhsuldarlığı var, heyvandarlığa da faydalıdır”-deyə nazir müavini əlavə edib.

Nail ƏSGƏROV

Nəşr edilib : 15.03.2024 17:09