AZ EN RU

Naxçıvanda ilk dəfə Musiqi Kollecinə işə qəbul imtahanları keçirilib

    Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Musiqi Kollecinə müəllimlərin işə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında 6 iyul 2021-ci il tarixli Qərarına uyğun olaraq müsabiqə keçirilir.
    30 vakant vəzifənin çıxarıldığı müsabiqədə müvafiq vəzifələrin tutulması üçün 29 namizəd müraciət edib. Test üsulu ilə keçirilən imtahanda hər bir namizədə, ümumilikdə, 80 olmaqla ixtisas üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilir və test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir. Test imtahanında ən azı 48 bal toplamış namizədlər bu mərhələdən keçmiş sayılırlar.
    Müvafiq müəllim vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi üzrə elmi dərəcəsi olan şəxslər həmin vəzifə üzrə işə qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, kitabxanaçı vəzifəsini tutmaq istəyən namizədlər isə yalnız test imtahanı mərhələsində iştirak edirlər.
    Test imtahanı mərhələsi başa çatdıqdan sonra 1 ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə mərhələsi keçiriləcək. Müsahibənin təşkili üçün mərkəzin 1 nümayəndəsi, 1 müstəqil ekspert və universitetin 1 nümayəndəsi olmaqla 3 nəfərdən ibarət  müsahibə komissiyası yaradılır.
    Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilir. 
    Test imtahanının nəticələri haqqında məlumat dərhal mərkəzin internet portalında yerləşdirilir və namizədlərə test imtahanının nəticəsi haqqında arayış verilir.
    Qeyd edək ki, imtahan nəticələrinə əsasən test mərhələsində iştirak edən 28 namizəddən 13-ü müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 31.08.2022 20:03