AZ EN RU

Naxçıvanda ilk dəfə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu həyata keçirilir

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvanda ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu müsabiqəsinə start verilib. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının suallarını cavablandırıb: "Bu gündən etibarən  Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu prosesi başlayıb. Bu proses Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı olan Tədbirlər Planında fəaliyyətə uyğun   olaraq həyata keçirilir.  Hazırda ölkəmizin bütün regionlarında artıq bu proses başlayıb. Naxçıvan Muxtar Respublikasında ümumtəhsil müəssisələrində vakansiyaya çıxarılacaq yerlər üçün 1600-dən artıq, təqribən,  1700-ə yaxın namizəd imtahan prosesində iştirak edəcək və iyul ayının 10-na kimi davam edəcək. Namizədlər üçün imtahan prosesinin rahat təşkil olunması üçün bütün işlər görülüb. İmtahan prosesi elektron daşıyıcılarla təmin olunub. İstirakçılar imtahan bitdikdən sonra  öz nəticələri ilə yerindəcə tanış ola biləcəklər. Namizədlər üçün çərçivə sənədi, hazırlaşacaqları proqram və ümumiyyətlə, müəllimlərin işə qəbulu,  test-sınaq mərhələsində iştirakı ilə bağlı bütün imkanlar yaradılıb, bununla bağlı bütün məlumatlar mərhələli şəkildə kommunikasiya edilib ki, bütün bunların hər biri imtahan prosesinə həm psixoloji, həm də təcrübə baxımından hazırlıq üçün əlavə imkanlardır. Düşünürəm ki, artıq bizim növbəti illərdə bu imtahan prosesində təyin ediləcək olan müəllim namizədlərimiz hər hansı imtahan həyəcanı yaşamadan uğur əldə edəcəklər. Biz qısa zamanda ümumtəhsil müəssisələrində vakant yerlərlə bağlı prosesi tamamlayıb portala yükləyəcəyik və bizim namizədlərdən uğur qazananlar həmin yerləri seçə biləcəklər. Qeyd edək ki, imtahan prosesi bitdikdən sonra onlar  öz nəticələri ilə tanış olmaqla bərabər bütün yenilənmiş məlumatlar da onların şəxsi kabinetlərinə göndəriləcək. Bütün bunlar şəffaf, ədalətli, hər kəs üçün eyni imkanların yaradılması şərtləri ilə icra edilir. 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi olaraq biz bütün imtahan iştirakçılarına uğurlar arzulayırq və inanırıq ki, muxtar respublikada ilk dəfə keçirilən həm mərkəzləşmiş qaydada sertifikasiya prosesi, həm  də müəllimlərin işə qəbulu məktəblərimizdə şagirdlərimiz üçün daha peşəkar , bilik və bacarıqlar baxımından kompitensiyaları yüksək olan müəllimlərin tədrisə cəlb olunması ilə nəticələnəcək və  tədris prosesi daha da yaxşı nailiyyətləri ilə inkişaf edəcək".

Nəşr edilib : 02.07.2024 11:13