AZ EN RU

Naxçıvanda ilk dəfə maralfalfa bitkisinin əkini aparılıb

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” publik hüquqi şəxsinə məxsus Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindəki təsərrüfat sahəsində muxtar respublikada ilk dəfə olaraq maralfalfa bitkisinin əkini həyata keçirilib.

Məlumat üçün bildirək ki, yem bitkisi olan maralfalfanın tərkibi 17,19 faiz zülallarla zəngindir. İndiyədək ölkəmizin bir sıra bölgələrində sınağı aparılıb. “Orqanik Naxçıvan” publik hüquqi şəxsinin rezidenti “Zəngi 2023” MMC tərəfindən muxtar respublikaya gətirilib. Məqsəd quraqlığın hökm sürdüyü bir dövrdə yem qıtlığının aradan qaldırılmasıdır. Bitki məhsulvermə qabiliyyətini 30 il müddətində saxlaya bilir, yonca kimi 5 ildən bir yenidən əkilməsinə gərək yoxdur. Toxum vasitəsi ilə deyil, çilik üsulu ilə çoxalır,  boyu  5 metr hündürlüyə qədər qalxa bilir. Müvafiq şərtlər üçün  şərait yarandıqda hətda il  ərzində 5-6 dəfə biçini həyata keçirilir. Şaxtaya davamlıdır, mənfi 25 dərəcəyə qədər temperaturda özünü qoruya bilir. Kimyəvi mineral gübrələrə tələbatı yoxdur, o cümlədən ziyanvericilərlə sirayətlənmə halı müşahidə olunmadığı üçün pestisidlərdən istifadəyə gərək qalmır.

Qeyd edək ki, maralfalfa bitkisi sınaq məqsədilə əkilib, gələcəkdə bu bitkinin tingçilik təsərrüfatının yaradılması və fərdi təsərrüfatlar vasitəsilə əkininin çoxaldılması nəzərdə tutulur.

          Nail ƏSGƏROV

         

Nəşr edilib : 29.03.2024 17:50