AZ EN RU

Naxçıvanda ilk dəfə “Aqrofestival” keçirilir

    Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə keçirilən Aqro festivalın rəsmi açılış mərasimi olub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyində Ulu Öndərin zəngin, mənalı ömür yolunu və müdrik siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub. 
    Sonra “Sahil parkı”nda Aqro festivalın rəsmi açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova qonaqları salamlayıb, Ulu Öndərin ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd edib ki, dahi şəxsiyyət 1969-1982-ci illərdə Azərbaycanı geridə qalmış aqrar regiondan qabaqcıl respublikaya çevirib, həmin dövrdə kənd təsərrüfatının bütün istiqamətləri üzrə dirçəliş prosesləri özünü göstərib, yeni fabriklər, zavodlar istifadəyə verilib, əkinçilikdə, heyvandarlıqda məhsuldarlıq artıb. Ümummilli Liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda çıraq işığında qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar ölkəmizi işıqlı sabahlara çıxarıb, aydın gələcəyə aparmaqdadır. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə muxtar respublikada torpaq islahatı ilə başlanılan aqrar islahatlar bu gün ümumrespublikada kənd təsərrüfatı sahəsində böyük nailiyyətlərin qazanılmasına səbəb olub. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi aqrar strategiya nəticəsində Azərbaycan dünya kənd təsərrüfatı bazarına inteqrasiya olunub, ərzaq təhlükəsizliyinin təmininə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əlverişli imkanlar yaradılıb. Naxçıvanda ilk dəfə keçirilən “Aqrofestival”ın muxtar respublikanın kənd təsərrüfatı sahəsinə mühüm töhfələr verəcəyini diqqətə çatdıran Xəyalə Dadaşova festival çərçivəsində ölkəmizin digər regionlarından, eləcə də Türkiyə universitetlərindən gələn alimlərlə panel müzakirələrin aparılacağını vurğulayıb.
    Açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu və “Şərur” Xalq Yallı Ansamblının ifasında yallı və rəqs nümunələri göstərilib.
    Sonra “Aqrofestival”ın rəsmi açılışını bildirən rəmzi qırmızı lent kəsilib, qonaqlar sərgi ilə yaxından tanış olublar. Festivalda 45 şirkət və 55 ailə təsərrüfatçısı tərəfindən müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid və digər istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçirilir. Həmçinin festivalda ölkəmizin digər regionlarından və xaricdən qatılan mütəxəssislər, iş adamları, elmi-tədqiqat institutlarının əməkdaşları da iştirak edirlər. 
  Festival çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, “EMA” və “HUMİX” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələrinin muxtar respublikanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşü keçirilib. Görüşdə adıçəkilən şirkətlərin fəaliyyətləri haqqında məlumat verilib, qarşılıqlı müzakirələr aparılıb. 
    Festivalda iştirak edən rəsmi şəxslər muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər, eləcə də ilk dəfə keçirilən “Aqrofestival”ın əhəmiyyəti barədə fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüblər. 

    Tahir Rzayev – Azərbaycan Respublikası Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri: – Naxçıvanda belə bir tədbirin keçirilməsi sözsüz ki, aqrar sektorun inkişafına xidmət edir. Bu, bir ənənədir. Ulu Öndərimiz ölkəmizə rəhbərliyi dövründə dəfələrlə belə tədbirlərin keçirilməsinə böyük önəm verərdi. Dahi şəxsiyyət regionlarda olardı, bu cür festivallar, məhsul bayramları keçirilərdi. Bu ənənə indi də davam edir. Biz bunu bu gün Naxçıvanda görürük. Əlbəttə ki, bu festival ölkə rəhbərinin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir. Çünki bu gün bütün sahələrlə bərabər kənd təsərrüfatının da inkişafı diqqət mərkəzindədir və bu sahədə çox böyük tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsi olaraq biz istər pambıqçılıqda, istər taxılçılıqda, heyvandarlıqda məhsuldarlığın artırılmasının şahidiyik. Bu da ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir. Çünki ölkəmizin əhalisi ildən-ilə artır, bizim ərzaq məhsullarına, xüsusilə də heyvandarlıq məhsullarına olan tələbat yüksəlir. Belə olan halda kənd təsərrüfatı məhsullarının istehsalı mütləq artırılmalıdır. Ona görə də yeni texnologiyalar tətbiq edilir, yeni aqroparklar, yeni sənaye müəssisələri yaradılır ki, bu da bilavasitə ölkədə kənd təsərrüfatının inkişafı ilə əlaqədardır. Naxçıvanda şahidi oluruq ki, həqiqətən də, burada çox böyük işlər gedir. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən belə bir tədbirin keçirilməsi təqdirəlayiqdir. Çünki burada nəinki Naxçıvan sahibkarları, eləcə də respublikamızın bir çox iş adamları, o cümlədən xarici ölkədən gələn qonaqlar iştirak edirlər. Onların istehsal etdikləri məhsullar burada nümayiş olunur və həmin məhsulların istehsal prosesinin təkmilləşdirilməsi üçün müəyyən təkliflər irəli sürülür. Bunların öyrənilməsi də çox vacibdir. Burada biz taxıl məhsuldarlığını öyrəndik. Mən təəccüb etdim ki, doğurdanmı Naxçıvanda hər hektardan 95 sentner taxıl əldə edə bilərik? Bu dünyada bir nümunədir. Fikrimcə, bu təcrübə yayılmalıdır. Nəinki Naxçıvanda, Azərbaycanın bütün sahibkarlıq təsərrüfatlarında bu tətbiq olunmalıdır. Bilirsiniz ki, bizim ərzaq buğdasına çox böyük ehtiyacımız vardır. Hər il biz kənardan 1 milyon 200 min ton ərzaqlıq buğda alırıq və dünyada gedən müharibələr, münaqişələr nəticəsində müəyyən iqtisadi əlaqələrin kəsilməsi bu gün bir qədər çətinlik yaradıb. Belə olan halda mütləq biz kənd təsərrüfatının inkişafına, müasir texnologiyanın, suvarma sisteminin tətbiqinə önəm verməliyik. Əlbəttə ki, bu Aqro festival alqışa layiq bir tədbirdir və mən tədbir iştirakçılarına uğurlar arzulayıram. 

    Manuela Traldi – İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti: – İlk dəfədir ki, mən kənd təsərrüfatı festivalında iştirak edirəm. Tədbir çərçivəsində Naxçıvanla tanış oldum və İtaliya ilə Naxçıvan arasında kənd təsərrüfatı sahəsində yeni əlaqələr yaratmağa çalışdım. Festival məndə çox müsbət təəssürat yaratdı. Mənə bu şəraiti yaradanlara hədsiz minnətdaram. Şərəf duyuram ki, festivalın açılışında iştirak etdim, ərzaqların, mineral suların və digər məhsulların şəklini çəkdim, onları potensial əlaqələr yaranması üçün italiyalı iş adamlarına təqdim edəcəyəm. Çalışacağam ki, hər iki tərəfin iş adamları arasında texniki informasiya mübadiləsi qurulsun. Düşünürəm ki, İtaliya ilə Naxçıvan arasında, xüsusilə də kənd təsərrüfatı texnikaları, maşın-mexanizmləri ilə bağlı potensial əlaqələr qurula bilər. İnanıram ki, bu əməkdaşlıq uğurlu olacaqdır. Çünki İtaliya və Azərbaycanın geniş əlaqələri vardır. Əminəm ki, şirkətlər qarşılıqlı əməkdaşlıq şəraitində əlaqə saxlayacaqlar və  biz Naxçıvanda kənd təsərrüfatının inkişafına yaxından köməklik edə biləcəyik. Hesab edirəm ki, İtaliyanın, xüsusilə də orqanik kənd təsərrüfatı sahəsində çox mükəmməl bilikləri və təcrübəsi vardır. Biz artıq bəzi məhsulların, məsələn, pomidorun İtaliya bazarında realizasiyası məsələlərini araşdırmağa başlamışıq və bu araşdırmalar davam edəcəkdir.
    Qeyd edək ki, “Aqrofestival” sentyabrın 9-da bitəcək. Son gün yerli və xarici şirkətlərin nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları arasında panel müzakirələrin aparılması nəzərdə tutulur. 

Nail ƏSGƏROV

Nəşr edilib : 08.09.2023 16:24