AZ EN RU

Naxçıvanda ilk badminton klubunun təqdimat mərasimi keçirilib - FOTOLAR

    Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərəcək badminton klubunun təqdimat mərasimi keçirilib. Ali təhsil müəssisəsində keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev muxtar respublikada idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, universitet nəzdində badminton klubunun yaradılmasında məqsəd badminton idman növünün təbliği, peşəkar idmançıların hazırlanması və tələbələrin bu sahəyə olan həvəsini artırmaqdır. Elbrus İsayev ali təhsil ocağının məşqçi və tələbələrinin muxtar respublikanı həm respublika, həm də beynəlxalq turnirlərdə təmsil etdiklərini vurğulayıb. Bildirilib ki, badminton seçmə fənn kimi universitetin Pedaqoji fakültəsinin Məşqçilik ixtisasında tədris olunur, həmçinin dərs prosesindən sonra məşğələlər təşkil edilir. Rektor badminton klubunun muxtar respublikanı müvəffəqiyyətlə təmsil edəcək gənclərin yetişməsində uğurlu olacağına əminlik ifadə edib.

    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək vurğulayıb ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər və idman siyasəti nəticəsində ölkəmiz bir sıra idman yeniliklərinə imza atıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb.Vurğulanıb ki, müasir dövrdə muxtar respublikada idmanın inkişafı üçün də dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir. İdman sahəsində edilən yeniliklər, qazanılan uğurlardan söz açan nazir muxtar respublikada 12 idman federasiyasının mövcudluğunu diqqətə çatdırıb. 
    Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov federasiyanın 1962-ci ildə Bakı şəhərində yaradıldığını, 1996-cı ildə isə yenidən təsis edildiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Badminton Federasiyası 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının və Avropa Badminton Federasiyasının üzvüdür. Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universitetində badminton klubunun yaradılması badminton idman növünün kütləviliyinə nail olmaq məqsədi daşıyır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında badminton ənənəsi artıq 30 ildir ki, mövcuddur və yeni yaradılan klub bu idman növünün daha sistemli inkişafına zəmin yaradacaq.
    Sonra 27 iyun – 4 iyul tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən badminton üzrə “Level-1” məşqçilik kurslarını bitirən fiziki tərbiyə müəllimlərinə və tələbələrə sertifikatlar təqdim olunub.
    Sonda ali təhsil müəssisəsinin  idman zalı ilə tanışlıq zamanı universitetin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun nümayiş etdirdiyi badminton oyunu yaddaqalan olub. 
    Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov “Şərq qapısı” qəzetinə müsahibə verib: – Naxçıvan Dövlət Universitetindəki görüşümüz çox maraqlı və yaddaqalan oldu. Universitetdə badminton idman klubunun təqdimatı ilə yanaşı, fürsət əldə edib bu ali təhsil ocağının idman kompleksinin təlim-tədris bazası ilə tanış olduq. Qeyd etmək istərdim ki, ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü gənclər və idman siyasəti, Prezident cənab İlham Əliyevin bu sahədə atdığı mütərəqqi addımlar nəticəsində idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritetinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Bunun nəticəsidir ki, artıq idmançılarımız beynəlxalq turnirlərdə, olimpiadalarda birinciliklər qazanır.     Bu gün Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə şahid olduq ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı diqqətdə saxlanılır, bu sahə üzrə kadr hazırlığı həyata keçirilir. Öyrəndik ki, badminton idman növü Naxçıvanda böyük tarixə və köklü ənənəyə sahibdir. Burada idmanın bütün növlərinin inkişafı üçün şərait var. Bir mütəxəssis kimi qeyd etmək istərdim ki, badmintonun sağlamlığa faydasını nəzərə alaraq bu idman növünün bir çox yerdə tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, gənclərimiz bu istiqamətdə maarifləndirilir. Azərbaycan Badminton Federasiyasının əsas məqsədi də bu idman növünün tanıdılmasını, idmançılar tərəfindən, ən əsası isə bu sahəyə yeni başlayan gənclərimiz tərəfindən mənimsənilməsini, öyrənilməsini təmin etməkdir. Çünki bu idman növü bütün yaş qrupundan olan, hətta fiziki imkanları məhdud insanlar üçün belə əlçatan və faydalıdır. Bu istiqamətdə keçirilən görüşlərin davamlı xarakter alması, idman növünün ali təhsil ocaqlarında tədrisi və tanıdılması öz müsbət nəticələrini verəcəkdir. Əminəm ki, ölkəmizdə reallaşan uğurlu idman siyasəti hər ötən gün daha da inkişaf edəcək, gözəlləşəcək, peşəkar idmançılarımız formalaşacaq, onlar idmanın bir çox sahələrində öz sözlərini deyəcək. Hətta bu da bir reallıqdır ki, Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. İnanırıq ki, bundan sonra da idmanın ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasındakı inkişafı yeni nailiyyətlərlə nəticələnəcək.  

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 28.09.2022 20:42