AZ EN RU

Naxçıvanda iftar payları verilib

    Muxtar respublikada Ramazan ayı və orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. 
    Aprelin 21-də müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan şəhərindəki məscidlərdə dindarlara, məscid əhlinə, eləcə də ali təhsil müəssisələrində təhsil alan aztəminatlı yerli və əcnəbi tələbələrə, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında müalicə alan xəstələrə, Psixi xəstəliklər dispanserinə, “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin, Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin kollektivlərinə, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan sosial qayğıya ehtiyacı olan ailələrə, ümumilikdə, 3550 iftar payı verilmişdir.

    Naxçıvan Dövlət Universitetində iftar paylarının verilməsi münasibətilə keçirilən tədbirdə universitetin prorektoru Seymur Talıbov çıxış edərək demişdir ki, Azərbaycan tolerant ölkədir. Muxtar respublikada dini dəyərlərimizə daim hörmətlə yanaşılır. Hazırda  Naxçıvan Dövlət Universitetində bir çox ölkələrdən əcnəbi tələbələr təhsil alır. Bu gün həmin tələbələrin təhsili ilə yanaşı, həm də onlara milli-mənəvi dəyərlərimiz öyrədilir.

     Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil müəssisələrinin hər zaman Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirmiş, göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişdir.

“Şərq qapısı”

Nəşr edilib : 21.04.2022 20:06