AZ EN RU

Naxçıvanda “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib

    Sentyabrın 8-də Naxçıvan Dövlət Milli Dram Teatrında “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib.
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək Naxçıvanda “Heydər Əliyev İli”nin müxtəlif silsilə tədbirlərlə geniş qeyd edildiyini diqqətə çatdırıb, bu gün keçirilən tədbir və “Aqrofestival”ı da bu baxımdan olduqca əlamətdar və əhəmiyyətli hadisə kimi dəyərləndirib.
    Səlahiyyətli nümayəndə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik ənənələri xalqımız üçün mirasdır və biz ona hər zaman sahib çıxmalıyıq. Ümummilli Liderin rəhbər vəzifələrdə çalışdığı bütün dövrlərdə aqrar sektorun inkişafı iqtisadi islahatların başlıca hədəfinə çevrilib. Xüsusilə müstəqillik illərində ölkəmizdə ilk dəfə torpaq islahatına Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda başlanıb, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin təməli qoyulub.
    Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatını yerli sektorun prioritet istiqaməti elan etməsindən sonra Azərbaycan Respublikasında aqrar sahə sürətlə inkişaf edib və biz bunun əlamətlərini Naxçıvan Muxtar Respublikasında da görürük.
    Muxtar respublikanın kənd təsərrüfatının iqtisadiyyatın və əhalinin məşğulluğunun əsas sahəsi olduğunu diqqətə çatdıran Fuad Nəcəfli bildirib ki, ötən 30 ildə Naxçıvanda digər sahələr kimi, kənd təsərrüfatı sahəsində də dövlətin yaratdığı imkanlardan və göstərdiyi dəstəkdən səmərəli istifadə olunmayıb, sui-istifadə hallarına yol verilib. Cari ilin ötən dövründə bu sahədəki mövcud vəziyyət təhlil edilib, problemlər müəyyənləşdirilərək həllinə başlanılıb, torpaqların su təminatı ilə bağlı məsələlər diqqətdə saxlanılıb. Bundan başqa, kənd təsərrüfatı sistemində kadr islahatları həyata keçirilib, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində strukturlaşdırma işləri aparılıb, “Orqanik Naxçıvan” publik hüquqi şəxsi, Regional Dövlət Aqrar İnkişaf mərkəzləri və digər qurumlar yaradılıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”nda kənd təsərrüfatının inkişafı ilə bağlı da mühüm vəzifələr müəyyənləşdirilib. Dövlət Proqramı çərçivəsində əkinçilik və heyvandarlığın mütərəqqi metodlarla inkişaf etdirilməsi, laboratoriya sistemlərinin yaradılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, ənənəvi baramaçılığın və ipəkçiliyin inkişafı, Naxçıvan üçün spesifik ailə təsərrüfatı məhsullarının regionlaşdırılması və təşviqi konsepsiyasının hazırlanması, orqanik məhsulların müəyyənləşdirilməsi və təbliği, xarici bazara ixracının təşkil edilməsi, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılma sahələrinin inkişaf etdirilməsi, şəkər və nişasta istehsalı, kənd təsərrüfatı istehsalı vasitələrinin təminatının artırılması, aqroparkların yaradılması, yeni su nasos stansiyalarının tikilməsi, subartezian quyuların qazılması, kanalların çəkilməsi, su təminatının yaxşılaşdırılması, eləcə də ənənəvi suvarmadan mütərəqqi suvarmaya keçidin təmin edilməsi əsas hədəflərdəndir. Sözsüz ki, bu tədbirlərin görülməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına, məhsul artımına, ixrac potensialının formalaşdırılmasına şərait yaradacaq, ən əsası isə əhalinin özünüməşğulluq imkanları və rifahı yaxşılaşacaq, ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəkdir.
    Səlahiyyətli nümayəndə tədbirin və Naxçıvan şəhərində ilk dəfə təşkil olunmuş aqrofestivalın iştirakçılarına uğurlar arzulayıb və təşkilatçılara təşəkkür edib.
    Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbiri Ulu Öndərin adına və fəaliyyətinə verilən yüksək qiymət, əziz xatirəsinə göstərilən dərin hörmət və ehtiram kimi dəyərləndirib. Millət vəkili çıxışında Naxçıvanda geniş sahibkarlıq mühitinin formalaşdığını və bu sahədə daha böyük potensialın olduğunu vurğulayıb. Bildirib ki, Ulu Öndərimizin ənənələrinin uğurla davam etdirildiyi Naxçıvan respublikanın ən sürətlə inkişaf edən bölgəsidir.
    Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov Naxçıvanda ilk dəfə keçirilən “Aqrofestival”ın sahibkarlar üçün faydalı əməkdaşlıq imkanları yaratdığını bildirib, KOBİA xətti ilə muxtar respublikada həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
    Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova bu ilin ötən dövründə muxtar respublikada aqrar sahədə aparılan islahatlardan bəhs edib, həyata keçiriləcək layihələrdən danışıb.
    Tədbirdə Ümummilli Lider Heydər Əliyevin aqrar islahatlarından bəhs edən videoçarx nümayiş etdirilib.
    Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya türkiyəli investorların orqanik Naxçıvan məhsullarının istehsalına və ixracına xüsusi dəstək göstərməyə maraqlı olduqlarını diqqətə çatdırıb, Zəngəzur dəhlizinin reallaşdırılması fonunda əməkdaşlığın, eləcə də ticarət əlaqələrinin genişləndirilməsi baxımından daha böyük potensialın olacağını bildirib. Baş konsul növbəti aylarda türk iş adamlarından ibarət geniş heyətin Naxçıvana səfər edəcəyini və yeni layihələrin icrasına başlanılacağını diqqətə çatdırıb.
    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının idarəetmə mütəxəssisi Namiq Məmmədov isə bildirib ki, təmsil etdiyi ofis növbəti ildən Naxçıvanda fermerlərə dəstək layihələri icra edəcək, yerli orqanik məhsulların istehsalının artırılmasına töhfə verəcək.
    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Ləman Əlizadə orqanik Naxçıvan məhsullarının brendləşdirmə fəaliyyəti barədə məlumat verib.
    Tədbirdə “Orqanik Naxçıvan” loqotipi təqdim olunub, orqanik Naxçıvan məhsulları ilə bağlı animasiyalı video nümayiş etdirilib.
    Bədii hissə ilə davam edən tədbirin ardınca Naxçıvanda qablaşdırılmış orqanik məhsullara baxış keçirilib.
    Sonda xatirə fotosu çəkdirilib.

“Şərq qapısı”

Nəşr edilib : 08.09.2023 16:54