AZ EN RU

Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib - FOTOLAR

    Fevral ayının 21-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Naxçıvan Muxtar Respublikasına gəliblər. Səfərdə həmkarlar ittifaqlarını, qeyri-hökumət təşkilatlarını, media qurumlarını, ağsaqqallar və veteranlar təşkilatlarını təmsil edən 250 nəfər qonaq iştirak edib.   
    Qonaqlar Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq başlayıb. Qonaqlara Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.
    Sonra Heydər Əliyev Sarayında “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən əksər vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, habelə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.  
    Tədbirdə əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   

    Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri məhz Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə həyata keçirdiyi tədbirlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmış, bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza formalaşdırılmışdır. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hərtərəfli şərait yaratmışdır.   

    Konfransda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzovun, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhruz Məmmədzadənin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun,  Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərovanın və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışları dinlənilib. Konfransdan sonra qonaqlar Naxçıvan şəhəri ilə də tanış olublar. 
    Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olub, səhiyyə ocağının müalicəvi əhəmiyyəti barədə ətraflı məlumat alıblar.
    Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: – 2023-cü il, “Heydər Əliyev İli” çərçivəsində vətəndaş cəmiyyətinin ayrı-ayrı institutları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Belə bir təşəbbüs irəli sürüldü ki, bütün vətəndaş cəmiyyəti institutları, həmkarlar, qeyri-hökumət, veteran və ağsaqqallar təşkilatları, o cümlədən media qurumlarının Ulu Öndərin həyatının böyük hissəsini həsr etdiyi Naxçıvana birgə səfəri təşkil olunsun. Mən xüsusilə qeyd etmək istəyirəm ki,vətəndaş cəmiyyəti institutlarının buraya bu tərkibdə ilk dəfə səfəridir. Səfər çərçivəsində Ulu Öndərin ömrünü həsr etdiyi Naxçıvan şəhəri ilə tanışlıq oldu, “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirildi.
    Ümumilikdə, təqribən, 250 nəfər bu səfərdə iştirak etdi. Onu da qeyd edim ki, bu “Heydər Əliyev İli” ilə bağlı vətəndaş cəmiyyəti təşkilatlarının ilk tədbiridir, ilin sonunadək bu istiqamətdə silsilə tədbirlər keçiriləcək.
    Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzov konfransın əhəmiyyəti barədə fikirlərini bölüşərək dedi: – Bu gün Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfransın keçirilməsi, əslində, vaxtilə Ulu Öndərimizin belə bir bəyanatının reallaşmasının bariz nümunəsidir: “Biz Azərbaycanda demokratik dövlət və bazar iqtisadiyyatı qururuq”.Təbii ki, dünya təcrübəsi göstərir ki, demokratik dövlət qurmaq üçün mütləq vətəndaş cəmiyyəti institutları formalaşmalı, vətəndaş cəmiyyətləri geniş yayılmalı və onların səsləri eşidilməlidir. Bu baxımdan bugünkü konfrans ona görə böyük əhəmiyyət kəsb edir ki, ötən illər ərzində ölkəmizdə vətəndaş cəmiyyəti formalaşmış olsa da, təbii ki, regionlarda bu sahədə işi daha yüksək səviyyəyə qaldırmaq tələb olunur. Çıxışlardan da gördüyünüz kimi, Naxçıvan Muxtar Respublikasında da vətəndaş cəmiyyətinin daha geniş yayılması, inkişaf etməsi üçün ən qabaqcıl vətəndaş cəmiyyəti institutlarının təcrübələrinin öyrənilməsinə ehtiyac var, həm də ki bu sahədə yerli təşəbbüsün daha da geniş yayılması üçün tədbirlər görülməlidir. Bugünkü tədbirin əsas qayəsini, əhəmiyyətini bu baxımdan yüksək dəyərləndirirəm. 

    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva müsahibəsində qeyd etdi ki, “Heydər Əliyev İli” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də silsilə tədbirlər həyata keçirəcək. Bu tədbir agentliyin ilk tədbiridir. Bildiyiniz kimi, bu gün 250 vətəndaş cəmiyyəti nümayəndəsi, ağsaqqallar, ziyalılar, QHT, gənclər təşkilatları səfərdə iştirak edir. Səfər çərçivəsində biz Ümummilli Liderin abidəsini, dahi şəxsiyyətin adını daşıyan muzeyi ziyarət etdik, “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans oldu. Ulu Öndər Azərbaycanda demokratik islahatların banisidir, eyni zamanda vətəndaş cəmiyyəti quruculuğunda onun əvəzsiz xidmətləri vardır. Bu sahədə qanun və normativ sənədlərin qəbulu məhz Ümummilli Liderin adı ilə bağlıdır. Bu konfransın Naxçıvanda keçirilməsi təsadüfi deyil. Naxçıvan Azərbaycana və dünyaya Heydər Əliyevi bəxş edən qədim bir diyardır. Belə konfrans, simpoziumlar ilboyu Azərbaycanın digər regionlarında da həyata keçiriləcək, eyni zamanda  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” çərçivəsində müsabiqə elanı da nəzərdə tutub.

 Nail ƏSGƏROV
Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 21.02.2023 12:39