AZ EN RU

Naxçıvanda “Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

    Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları Birliyinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktik konfrans keçirilib. 
    Universitetin İncəsənət fakültəsində “Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” adlı sərgiyə baxış olub. Üç hissədən ibarət olan sərgidə ümummilli liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq  99 sayda kitab, elmi əsər və konfrans materialları nümayiş olunub. Fakültənin sərgi salonunda İncəsənət fakültəsinin müəllim və tələbələrinin ümummilli liderin əziz xatirəsinə həsr olunmuş sənət əsərlərindən ibarət sərgidə rəngkarlıq, heykəltəraşlıq, tikmə, böyük stenddə güllərdən hazırlanmış portreti və imzası olmaqla, ümumilikdə, 50-yə yaxın əl işi nümayiş olunub. 
    Konfransda əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

    Universitetin rektoru Elbrus İsayev konfransı açaraq bildirib ki, Azərbaycanı bugünkü inkişaf səviyyəsinə çatdıran ulu öndərin anadan olmasının 99-cu ildönümünün universitetdə yüksək səviyyədə qeyd olunmasını ümummilli liderin apardığı uğurlu təhsil strategiyası ilə əlaqələndirib. Rektor Azərbaycan elminin böyük hamisi Heydər Əliyevin ali təhsil ocağında 4 dəfə olmasını onun Naxçıvan təhsilinə, muxtar respublika ictimai mühitinə verdiyi qiymətin təzahürü kimi dəyərləndirib. 
    Qeyd edilib ki, ulu öndərin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. XX əsr tariximizin əlli ildən artıq dövrü dahi  Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə bağlıdır. Diqqətə çatdırılıb ki, ulu öndərin Naxçıvanın ağır günlərində  onu qorumaqla yanaşı, hətta ən çətin məqamlarda belə, muxtar respublikada qəbul etdiyi qərarlar, nəinki Naxçıvanın, hətta Azərbaycanın müstəqil gələcəyi naminə hesablanmış siyasətin təməl prinsipləri olub. 
    Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev sədri olduğu qurumun fəaliyyətindən və birliyin türk dövlətləri ilə birgə keçirdiyi görüşlərdən danışıb. TAİB-nin əsas məqsədlərini diqqətə çatdıran akademik qeyd edib ki, son 30 ildə ölkəmizin qazandığı uğurlar, ictimai-siyasi sferada baş vermiş hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq, gənclərə dövlətçilik siyasətinin mahiyyətini düzgün çatdırmaq bizim əsas hədəflərimiz sırasındadır. Vurğulanıb ki, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Akademik Sudeyif İmamverdiyev ulu öndərin apardığı məqsədyönlü siyasətin tarixi mərhələlərinə xronoloji qaydada nəzər salıb, muxtar respublikada aparılan məqsədyönlü siyasəti ulu öndər ideyalarına sadiqliyin təcəssümü kimi qiymətləndirib. 
    “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” mövzusundakı çıxışında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan xalqı üçün ümummilli lider, dünya üçün ümumbəşəri dəyər olan dahi şəxsiyyət Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycan etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. Naxçıvanı Azərbaycanın dövlətçilik, mənəviyyat, ideoloji paytaxtlarından biri adlandıran professor qədim yurd yerini tarixi yaddaş, milli mənəviyyat körpüsü kimi dəyərləndirib. Hikmət Babaoğlu Heydər Əliyevin siyasi irsini bütün Türk dünyası ilə əlaqəli şəkildə təhlil edib. Professor 2003-cü ildə xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf və siyasi sabitlik kursunu əzmkarlıqla davam etdirdiyini vurğulayıb.
    YAP Universitet Şəhərciyi Ərazi Təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq missiyasından danışıb. Vurğulanıb ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunub. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi irsini öyrənmək, müstəqil dövlət quruculuğunda istifadə etmək, gəncliyin tərbiyəsində bir mayaka çevirmək elmi, siyasi-nəzəri və pedaqoji sahələrdəki ən mühüm vəzifələrdən biridir. 
    “Heydər Əliyev və milli şüur konsepsiyası” adlı çıxışında universitetin Fəlsəfə və sosial iş kafedrasının professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə bərabər, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirən ulu öndər XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyət, dövlət idarəçiliyi sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi, dövlətçilik tariximizdə həmişəlik qalacaq və ehtiramla anılacaq şəxsiyyətdir. Onun zəngin dövlətçilik təcrübəsi dünya siyasətçiləri tərəfindən təqdir edilir və yüksək qiymətləndirilir. 
    Sonda Naxçıvan televiziyasının hazırladığı “Heydər Əliyev və Türk dünyası” adlı film nümayiş olunub. Rektor konfransdan xatirə olaraq Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyevə plaket və hədiyyə təqdim edib.
    Türk Ağsaqqalları Birliyinin sədri belə mötəbər konfransa ev sahibliyi edən rektoru təşəkkürnamə ilə mükafatlandırıb. 
    Universitetin İncəsənət fakültəsi müəllim və tələbələrinin ifasında konfransın bağlanış konserti olub. Konsertdə ümummilli liderin əziz xatirəsinə həsr olunan və onun sevdiyi mahnılar ifa olunub. M.Maqomayevin “Azərbaycan”, N.Məmmədovun “Sənsən xilaskar”, R.Mirişlinin “Məşəl kimi yanan ürək”, C.Cahangirovun  “Alagöz”, E.Mansurovun “İlhamla sabaha” mahnıları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. 

Naxçıvan Dövlət Universitetinin
 Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 05.05.2022 20:39