AZ EN RU

Naxçıvanda “Heydər Əliyev kuboku” uğrunda kikboksinq turniri keçirilib

    Yeniyetmə kikboksçular arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika açıq turniri keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışa rayon və şəhər təmsilçiləri, o cümlədən Türkiyənin İqdır vilayətindən gəlmiş “Yaycı” İdman Klubu olmaqla, ümumilikdə, 6 komanda qatılıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən turnirdə 54 idmançı iki yaş qrupunda 14 çəki dərəcəsi üzrə mübarizə aparıb.
    Turnirin açılış mərasimində Dövlət Himni səsləndirilib. Gənclər və idman nazirinin müavini Məcid Seyidov bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində digər sahələr kimi, idmana da qayğı ilə yanaşıb, idman kompleksləri, sağlamlıq mərkəzləri tikilib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. 
    Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev bildirib ki, idmançıların peşəkar hazırlığı diqqət mərkəzində saxlanılır, yeni karyera istiqamətlərində onlara dəstək nümayiş etdirilir. Kikboksinq Federasiyası da öz fəaliyyət mexanizmini daim yeniləyir, idmançıların vətənpərvər ruhda yetişdirilməsi, peşəkar düşüncəyə və təcrübəyə malik olması yönündə səylərini davam etdirir.
    Naxçıvanda özünü ana yurdundakı kimi hiss etdiyini deyən “Yaycı” İdman Klubunun rəhbəri Zəkəriyyə Mərt ölkələrarası dostluq və qardaşlıq münasibətlərinin idman sahəsində də özünü təcəssüm etdiyini vurğulayıb, Türk dünyasının iki görkəmli siyasi xadimi Heydər Əliyevlə Mustafa Kamal Atatürkün, o cümlədən ölkələrin hazırkı liderləri tərəfindən sağlam və əqidəli gəncliyə, idmana göstərilən münasibət bu sahədə də ortaq dəyərlərimizin olduğunu göstərir. 
    Heydər Əliyev Uşaq-Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” qrupunun mahnı və rəqs nümunələrinin ardınca yarış final görüşləri ilə davam edib.
    2009-2010-cu il təvəllüdlülər arasında Məhəmməd Fərzəliyev (32 kiloqram), Fərdi Əliyev (37 kiloqram), Nurəli Əsgərov (42 kiloqram), Tunar Nəsirli (52 kiloqram), Oğuz Məmmədli (47 kiloqram), Məhəmmədəli Əsgərov (57 kiloqram), Ravil Alməmmədov (63 kiloqram), İsmayıl Hüseynzadə (69+ kiloqram), 2007-2008-ci il təvəllüdlülərdən isə Sinan Kazımov (48 kiloqram), Polad İsmayılov (57 kiloqram), Məhəmmədəli Qasımov (60 kiloqram), Uğur Əliyev (63,5 kiloqram), Məhəmməd Novruzov (67 kiloqram) və Hüseyn Əli Savar (81+ kiloqram) qızıl medal qazanıblar.
    Turnirin sonunda İlk üçlükdəki idmançılar mükafatlandırılıblar. Komanda hesabında birinci olan “Turan” Döyüş Klubu “Heydər Əliyev kuboku”na sahib çıxıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 26.07.2023 18:50