AZ EN RU

Naxçıvanda hər kəsin qatıla biləcəyi idman məşğələsi

Ötən həftənin şənbə günündən etibarən əhalinin sağlam həyat tərzinə cəlbi məqsədilə Naxçıvan şəhərində “Gimnastika hamı üçün” növü üzrə açıq məşğələlərə start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı əsasında ilk məşğələ Sahil Parkında gerçəkləşib. Burada İdman ustası, bədii gimnastika və “Gimnastika hamı üçün” üzrə muxtar respublika yığma komandasının baş məşqçisi Humay Qafarova tərəfindən azyaşlı gimnastlara ustad dərsi keçilib, məşq prosesi icra olunub. Məşğələni valideynlər və şəhər sakinləri də izləyib, bu növün incəliklərindən xəbərdar olmağa çalışıblar. 

Məşğələlərin hava şəraitindən asılı olaraq hər həftənin şənbə günləri növbəli qrafiklə Sahil Parkı və Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkili nəzərdə tutulub. Hər dəfə saat 19:00-da başlayacaq prosesə hər kəs qoşula bilər. 
Qeyd edək ki, insanlar üçün əyləncə, sağlam həyat tərzi və dostluq fəlsəfəsinin təcəssümü olan “Gimnastika hamı üçün” ilə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər. 

Azərbaycanda rəsmi şəkildə 2015-ci ildə əsası qoyulan qeyri-yarış növü olan “Gimnastika hamı üçün” növünün inkişafı və kütləviliyi istiqamətində bir sıra işlər görülməkdədir. Ölkəmizdə bu növdə idman qrupları fəaliyyət göstərir, beynəlxalq festivallar, rəngarəng kompozisiyalar, eyni zamanda açıq hava məşğələləri təşkil olunur.

Nəşr edilib : 08.07.2024 17:06