AZ EN RU

Naxçıvanda hədəflənən əlverişli biznes mühiti

Unikal yerləşmə mövqeyi və iqtisadi potensialı Naxçıvan MR-nı regionun ən inkişaf etmiş bölgələrindən biri etməyə qadirdir. Azərbaycan Respublikası ərazilərinin Ermənistan işğalından tam qurtulmasından sonra, Naxçıvanın geo-strateji yeri bu iqtisadi imkanları siyasi sabitliklə daha da möhkəmlətmək imkanı yaradır. Aydındır ki, siyasi sabitlik və təhlükəsizlik mövzuları iqtisadi inkişaf və əhalinin rifahına birbaşa təsir edən amillərdir. 

Qeyd edilən imkanlardan faydalanma işini təşkil etmək, habelə Naxçıvanın inkişafını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 5 iyun tarixli, 3910 nömrəli Sərəncamı ilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Bu Proqram keçən dövr ərzində əldə edilmiş nailiyyətlərə əsaslansa da, eyni zamanda buraxılmış fürsətləri bərpa etməyi və buna mane olan baryerləri aradan qaldırmağı hədəfləyir.

Proqramı xüsusi edən məqamlardan biri də onun tərtib edilməsi zamanı BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” (“Transforming our world: the 2030 Agenda for Sustainable Development”) ilə müəyyən olunan Dayanıqlı İnkişaf Məqsədlərinin nəzərə alınmasıdır.

Proqramda görüləcək tədbirlər ümumi istiqamətlər üzrə aşağıdakı sahələri əhatə edir:

  1. Əlverişli biznes mühitinin yaradılması
  2. Ticarətin inkişaf etdirilməsi
  3. İxracyönlü sənayenin inkişafı
  4. Kənd Təsərrüfatı
  5. Turizm
  6. Elektrik Enerjisi
  7. İnfrastruktur təminatı
  8. Sosial sahə
  9. İnsan Kapitalı
  10. İnstitusional inkişaf
  11. Ətraf mühit

Proqram qeyd edilən sahələrin hər birinin inkişafı üzrə çoxsaylı tədbirlər müəyyən edir. Bununla belə, biz bu yazının məqsədləri üçün, yəni biznes mühitinin rəqabətcilliyi üçün Proqramda əksini tapan aşağıdakı tədbirləri xüsusilə qeyd edə bilərik:

AR-in digər ərazilərində oxşar tədbirlər görülmüş və yüksək nəticələr əldə edilməkdədir. Bu səbəbdən, biz mövcud təcrübənin Naxçıvana köçürülməsi yolu ilə qeyd edilən tədbirlərin uğurlu nəticələrə səbəb olacağına ümid edə bilərik. Xüsusilə vurğulamaq istəyirik ki, qeyd edilən imkanların orta və kiçik biznesin tələbləri, yəni onların potensial investisiya və dövriyyə həcmləri də nəzərə alınaraq müəyyənləşdirilməsinə zərurət vardır. Məsələn, sənaye parkında rezident olaraq vergi güzəştlərindən istifadə etmək üçün böyük məbləğdə investisiya, yəni iri istehsal sahəsi tələbi bir çox kiçik və orta sahibkarı bu fürsətdən məhrum edər. Nəticədə rəqabətcil bazarda iştirak etmək üçün belə vergi güzəşləri iri sahibkara verilmiş olar, bu da öz növbəsində orta və kiçik sahibkarın bazardan çıxarılması ilə nəticələnə bilər.

Bununla yanaşı investorların hüquq və qanuni maraqlarının qorunması üçün məhkəmə-hüquq islahatının da NMR-də davam etdirilməsinə və təkmilləşdirilməsinə zərurət vardır. Bu sahədə də planlaşdırılmış işlərin iqtisadi sahədəki hədəflərə nail olmaqda rolu əvəzsiz olacaqdır.

https://www.caspianlegalcenter.az/

Fidan NƏCƏFOVA

Kommunikasiya Mütəxəssisi

Caspian Legal Center hüquq şirkəti

Nəşr edilib : 10.10.2023 15:25